Tokio, 17 mart , /AJMEDIA/
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) rəhbərliyi ilə Bakı Limanının tərəfdaşı olan biznes şirkətlərinin rəhbərləri və nümayəndələri arasında işgüzar görüş təşkil edilib.
QSC-dən AJMEDIA-ya bildirilib ki, görüşün məqsədi Limanın tərəfdaşlıq etdiyi şirkət və müəssisələr ilə mövcud olan əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi, limanın xidmətləri və fəaliyyəti, həmçinin qlobal çağırışlar və fürsətlər haqqında birgə fikir mübadiləsinin aparılması olub.
Bakı Limanının Ələt ofisində təşkil olunan görüşdə QSC-nin baş direktoru Taleh Ziyadov Limanın regionun logistika və nəqliyyat üzrə ən müasir mərkəz olmaq strategiyası ilə aparılan fəaliyyətlər, əldə edilən uğurlar, regionda yaranan yeni imkanlar və gələcək planlar barədə qonaqlara ətraflı məlumat verib.
Eyni zamanda, görüş imkanından istifadə edərək nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərin fikirləri və onları narahat edən məsələlər də dinlənilib, Limanın mövcud xidmət və imkanlarının təkmilləşdirilməsi istiqamətində birgə müzakirələr aparılıb.
Limanın biznes əməliyyatlarının və tərəfdaşlıq strategiyasının daha da inkişafı üçün belə görüşlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.