Bakı enerji həftəsi və yeni perspektivlər

Tokio, 8 iyun , /AJMEDIA/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında iştirak edib.
Əvvəlcə tədbirin moderatoru, Böyük Britaniyanın “ICA Group” şirkətinin İdarə Heyətinin məsləhətçisi​ Rassel Teylor​ çıxış edərək​ Enerji Həftəsinin təşkilat komitəsi adından qonaqları salamlayıb və bu il sərgidə 320 fərqli şirkətin 35 ölkəni təmsil etdiyini, toplam olaraq keçən ilin sərgisi ilə müqayisədə 25-30 faiz artım olduğunu, budəfəki Bakı Enerji Həftəsinin, eyni zamanda, önəmli bir hadisə ilə – Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin yubileyi ilə üst-üstə düşdüyünü, sərgi çərçivəsində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş stend yaradıldığını qeyd edib.
Dövlətimizin başçısı açılış mərasimində çıxış etdi.
O, Bakı Enerji Həftəsinə gələn qonaqları salamlayıb və artıq​ 30 ildir – 1994-cü ildən etibarən Xəzər neft-qaz sərgiləri ​ vasitəsilə Azərbaycanın öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan əldə etdiyini bildirib.Prezident deyib:”Biz 1994-cü ildə neft strategiyamızın – Ulu Öndər Heydər Əliyevin neft strategiyasının astanasındaydıq. Bu il biz müasir Azərbaycanın yaradıcısı Ulu Öndərin 100 yaşını qeyd edirik. 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin il məhz “Əsrin müqaviləsi” imzalandı ki, o, ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və əlbəttə ki, Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu”.
Daha sonra president 1994-cü ildə Birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra atəşkəs və ondan bir neçə ay sonra isə “Əsrin müqaviləsi”nin ​ imzalandığını qeyd edib və ​ bunun çox riskli bir addım olduğunu, həmin vaxt müstəqilliyini yenicə əldə etdiyini, müstəqilliyimizin 3 yaşı olduğunu, bir çox insanların Azərbaycan haqqında məlumata malik olmadığını, onların ölkəmizin harada yerləşdiyini bilmədiklərini, ölkəmizin keçid dövründə olduğunu, sovet sistemindən bazar iqtisadiyyatına keçid dövrünü yaşadığını, ərazilərimizin işğal olunduğunu, bir milyondan artıq qaçqın-köçkünun yarandığını, daxildə isə ​ vətəndaş qarşıdurmasının mövcud olduğunu, bizim neft kəmərlərimizin, infrastrukturumuzın olmadığını, hətta ölkədə mülki infrastrukturun da geridə qaldığını ​ – bütün bunların isə, əlbəttə ki, sərmayəçiləri bir növ qorxutduğunu yada salıb. ​ Prezident belə bir ağır şəraitdə bizim BP kimi 30 illik tərəfdaşımızı və ilk konsorsiumun ovaxtkı üzvlərini də buraya dəvət etmək üçün olduqca böyük səylərin göstərildiyini xatırladıb və 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasını yeganə düzgün addım kimi qiymətləndirərək, “o, Azərbaycana dayanıqlı inkişaf, iqtisadi müstəqillik və bunun nəticəsində də siyasi müstəqillik gətirdi”.-deyib.
Prezident qeyd edib ki, biz ​ 30 il ərzində demokratik dunya ilə enerji sahəsində uğurlu əməkdaşlıq edirik və ABŞ və Böyük Britaniya hökumətləri hər zaman bizim bütün təşəbbüslərimizi dəstəkləyiblər. Prezident deyib:”Biz nəhəng enerji infrastrukturu yaratmışıq ki, bu, Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Bu gün enerji təhlükəsizliyi, əlbəttə ki, milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur”.
Prezident həmçinin ​ Avropa İttifaqının da hər zaman Azərbaycana dəstək verdiyini, Avropa İttifaqı ilə Azərbaycanın 2022-ci ​ ​ ilin iyulunda enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandığını, bu sazişin uğurla icra edildiyini,​ bizim Avropa İttifaqı ilə bərabər Cənub Qaz Dəhlizi Məşvərət Şurasının üzvləri olduğumuzu qeyd edib.
Biz özümüzü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edirik. Azərbaycan çalışır ki, bu məsələdə geridə qalmasın, əslində, lider, aparıcı ölkə olsun. Burada söhbət yenilənən, bərpaolunan enerjidən gedir. Mən çox şadam ki, yenilənən enerji ilə bağlı şirkətlər bu gün burada olduqca böyük çoxluq təşkil edir. Əminəm ki, illər keçdikcə bu şirkətlərin sayı artacaq. Yəni, biz tərəfdaşlarımızla birlikdə neft kəmərləri inşa etdik, neft yataqlarına sərmayə qoyduq, daha sonra qaz infrastrukturu inşa etdik. Cənub Qaz Dəhlizi bizim birgə tarixi nailiyyətimizdir, 3500 kilometrdən artıq neft kəmərlərindən ibarət bir sistemdir və o, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsna rol oynayır.
Mən hər il Xəzər Neft-Qaz Sərgisində çıxış edəndə deyirdim ki, enerji təhlükəsizliyi təkcə marşrutların şaxələndirilməsi deyil, bu, mənbələrin şaxələndirilməsidir. Bu gün hamı bunu artıq aydın görür ki, bizim halda bu, hər iki məsələdir – həm marşrutlar şaxələndirilir, həm də mənbələr şaxələndirilir. Bizim bu işə çox sadiq olan bir heyətimiz var – beynəlxalq maliyyə institutları, biz hər birimiz vahid komanda kimi çalışırıq ki, enerji təhlükəsizliyini gücləndirək, bir-birimizə müəyyən çətinliklərin öhdəsindən gəlmək üçün dəstək olaq. Onlar situativ çətinliklər və ya strateji çətinliklər ola bilər. Biz bu işdə bir yerdəyik. Mən çox fəxr edirəm ki, Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu, çox vacib bir məsələdir.
Sonuncu Bakı Enerji Həftəsindən bu günə qədər keçirilən tədbirlərə nəzər salsaq görərik ki, bu gün daha çox Avropa ölkəsi Azərbaycanla əməkdaşlıq edir. Mən sonuncu sərgidən bu yana bir neçə mühüm nailiyyəti qeyd edə bilərəm. İyulda biz Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladıq. Bizim planımız ondan ibarətdir ki, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artıraq. Bu, olduqca real rəqəmdir. Bizim qaz təchizatımızın dinamikasına nəzər salsaq görərik ki, ötən il 8 milyard kubmetr idi, bu il 12 milyard kubmetr nəql edəcəyik. Bu, bizim ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün biz bu rəqəmi 20 milyarda çatdıracağıq. Bunun üçün mənbələr artıq var, onlardan biri bizim nəhəng “Şahdəniz” yatağımızdır, digər yataq “Abşeron”dur. Ümid edirəm ki, olduqca qısa bir zamanda “Abşeron”dan çox yaxşı xəbərlər alacağıq. Oradan çox qısa bir zamanda ilk qaz alacağımıza dair xəbər gözləyirik.
Biz strateji tərəfdaşımız olan BP şirkəti ilə dərin qatlardan qaz hasilatı üzrə layihələr həyata keçiririk. Bütün işlər plana uyğun getsə, gələn ilin sonuna qədər biz böyük dərinlikdən ilk qaz alacağıq. Digər layihələrimiz var ki, biz bazara əlavə qaz həcmi çıxara biləcəyik. Eyni zamanda, enerji səmərəliliyi və bərpaolunan enerji məsələsi, – bizim Avropa İttifaqı ilə bu barədə də dialoqumuz olub. Bunun nəticəsində biz elektrik enerjisinin istehsalı üçün qaza qənaət edəcəyik və həmin qazı artıq beynəlxalq bazarlara çıxaracağıq.
Digər vacib tədbirlərdən biri Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışı idi. Mən həmin tədbirdə iştirak etdim. Bunun nəticəsində artıq Azərbaycan Bolqarıstana da qaz nəql edəcək. Biz Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli imkanlarını nəzərdən keçiririk və tezliklə qonşu ölkələrə də bizim qazımız nəql ediləcək. Rumıniya artıq bu əməkdaşlıq formatının üzvüdür. Hər şey plana uyğun getsə və bütün interkonnektorlar vaxtında inşa edilsə, – yəni, bu ilin sonuna qədər, – bizim qazımız Macarıstana və Serbiyaya nəql ediləcək. Bununla da bizim qaz ixracımızın coğrafiyası genişlənəcəkdir.
Ötən ilin dekabr ayında Buxarest şəhərində yaşıl enerjiyə dair digər bir mühüm tədbir keçirildi. Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya bir araya gəldi və Avropa Komissiyasının Prezidenti də həmin tədbirdə iştirak etdi. Orada yaşıl enerjiyə və transmissiyaya dair müvafiq sənəd imzalandı. Əminəm ki, bu, qlobal əhəmiyyətə malik bir layihə olacaqdır. Bu layihə daha çox ölkələr və şirkətlər cəlb edəcəkdir. Biz artıq təşkilat komitəsinin ilk iclasını keçirdik və razılıq əldə olundu. Belə ki, layihə çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorundan əldə olunacaq külək enerjisini ötürücü xətlər və Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel vasitəsilə Avropa bazarlarına nəqli nəzərdə tutulur.
Biz indi elə bir mərhələdəyik ki, layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir. Hesab edirik ki, bu layihə çərçivəsində ən azı 4 qiqavat “yaşıl enerji”ni Avropaya nəql edə biləcəyik ki, bu da bizim əlavə töhfəmiz olacaq.
Digər mühüm tədbirlərdən biri bu ilin aprel ayında Sofiya şəhərində keçirilib, Bolqarıstan Prezidentinin təşəbbüsü ilə. Bu, “Həmrəylik Halqası” adlandırılan layihədir. Bu layihəyə Azərbaycan, Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya daxildir. Bu da elə bir layihədir ki, orada əlavə interkonnektorlar inşa ediləcək. Yəni, Avropa İttifaqının yüksəkrütbəli məmurları Azərbaycanı ümumavropa qaz təchizatçısı adlandırırsa, bu, tamamilə doğrudur.
Prezident vurğulayıb ki, ​ təchizatın coğrafiyası, əminəm ki, genişlənməkdə davam edəcək. Çünki Azərbaycan qazına ehtiyac artmaqdadır. O deyib:”Son ilyarım ərzində bizə 10-dan artıq ölkə müraciət edib ki, təchizatın həcmini artıraq və ya həmin ölkələrə təchizata başlayaq. Əlbəttə, biz bütün dostlarımızın ehtiyaclarını ödəməyə çalışırıq. Sərmayələri də əlaqələndirməliyik ki, bazar imkanları nəzərə alınsın. Onu da vurğulayım ki, bu işdə beynəlxalq maliyyə institutlarının dəstəyinə ehtiyacımız var. Bilirik ki, bu gün “yaşıl enerjiyə” gəldikdə, bəzi beynəlxalq maliyyə institutları neft-qaz sahəsini maliyyələşdirməyi dayandırıb. Amma mən hesab edirəm ki, biz bir balaca realist olmalıyıq. Çünki qaz və neft təchizatı olmadan enerji təhlükəsizliyi tam olaraq təmin edilə bilməz”.
Azərbaycan prezidenti bərpaolunan enerji haqqında danışaraq deyib ki, Azərbaycanın bu sahədə də nəhəng potensialı var. Onun artıq ilkin hesablaması aparılıb, 157 qiqavat həcm yalnız Xəzər dənizində var. Quruda isə bizim potensialımız çox böyükdür. Beynəlxalq investorlarla imzalanmış iki müqavilə növbəti bir il, ya da ilyarım ərzində 500 meqavata yaxın “yaşıl enerji” əldə etməyə imkan verəcək.
Prezident gələcəkdə görüləcək işlərə toxunaraq qeyd edib ki, görüləcək işlər çoxdur, TANAP və TAP genişlənməlidir, bizim digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır və Balkanlarda belə bir çıxışımız olmalıdır. Avropada interkonnektorların sayı mütləq artırılmalıdır. Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir. Çünki biz burada böyük sərmayə qoymalıyıq. Ona görə biz əmin olmalıyıq ki, hasil etdiyimiz əlavə qazın, planlaşdırmadığımız həcmlərin, – biz ancaq artan tələbatı nəzərə alaraq bunu hasil edirik, – real alıcısı olacaqdır. Ona görə də biz bu komanda işini davam etdirməliyik. Dediyim kimi, Cənub Qaz Dəhlizi layihəsi artıq başa çatsa da, Məşvərət Şurasının işi hər il fevral ayında Bakıda davam edir. Növbəti toplantı üzümüzə gələn fevral ayında Bakıda keçiriləcəkdir. Çünki artıq yeni iştirakçılarımız var, yeni ideyalarımız var, planlarımız var. Biz bunları reallaşdırdıqca, bütün işlərimiz uğurla gedəcəkdir.

İlkin Əliyev​ —​ «Gənc Politoloqlar Mərkəzinin» sədri​

Follow us on social

Facebook Twitter Youtube

Related Posts