Bəstəkarlar İttifaqında Fikrət Əmirovun 100 illiyinə həsr olunan elmi-praktik konfrans keçirilib

Tokio, 19 noyabr , /AJMEDIA/

Azərbaycan Bəstəkarlar İttifaqında dünyaca məşhur Azərbaycan bəstəkarı, Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr olunan elmi-praktik konfrans keçirilib.
İttifaqının mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, tədbiri giriş sözü ilə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir-üzvü, professor Firəngiz Əlizadə açaraq bəstəkarın parlaq və çoxşaxəli yaradıcılığının əhəmiyyətindən danışıb. Qeyd edib ki, Fikrət Əmirov musiqi mədəniyyəti tarixinə novator bəstəkar, yeni musiqi janrlarının yaradıcısı kimi daxil olub. Şifahi ənənənin əvəzsiz peşəkar musiqi nümunələrinə olan hədsiz heyranlığı onu simfonik muğamlar yaratmağa vadar edib. Simfonik orkestrin rəngarəng ifasında “Şur”, “Kürd ovşarı”, “Gülüstan Bayatı-Şiraz” bəstəkara böyük şöhrət gətirib. Fikrət Əmirov həm də Azərbaycanda ilk dəfə olaraq Opera və Balet Teatrının repertuarında uzun onilliklər ərzində qorunub saxlanılan “Sevil” lirik-psixoloji operasının müəllifidir. Onun “Nizami”, “Azərbaycan kapriççiosu” simfoniyası, “Min bir gecə”, “Nəsimi nağılı” baletləri milli musiqi sənətimizin xəzinəsinə daxildir.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun “Fikrət zirvəsi” layihəsi çərçivəsində bəstəkarın əsərlərinin tam toplusu, onun yaradıcılığına həsr olunmuş kitablar, disklər işıq üzü görüb. F.Əlizadə vurğulayıb ki, Fikrət Əmirovun 100 illik yubileyi təkcə bugünlərdə onun adı ilə bağlı böyük musiqi festivalının keçirildiyi ölkəmizdə deyil, digər ölkələrdə – Fransada, Türkiyədə və Rusiyada da geniş qeyd olunur.
Konfransda Fikrət Əmirov adına 6 nömrəli İncəsənət Məktəbinin direktoru, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Adilə Yusifovanın “F.Əmirov adına 6 nömrəli İncəsənət Məktəbi dahi bəstəkarın irsinin qoruyucusu və təbliğatçısı kimi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Quliyevanın “Fikrət Əmirovun yaradıcılığında Nizami poeziyası” mövzularında məruzələri dinlənilib.
Tədbirdə Fikrət Əmirovun publisistik irsindən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Jalə Qulamova, bəstəkarın yaradıcılığının təbliği məsələlərindən isə Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirəzqızı danışıb.
Tədbirin musiqi hissəsində bəstəkarın vokal və instrumental əsərləri təqdim edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts