Bədii gimnastika üzrə millimizin məşqçisi FIG-nin Atletlər Komissiyasına üzv seçilib

Tokio, 31 Oktyabr, /AJMEDIA/

Yaponiyanın Kitakyuşu şəhərində təşkil olunan bədii gimnastika üzrə dünya çempionatı çərçivəsində Beynəlxalq Gimanstika Federasiyasının (FIG) Atletlər Komissiyasının üzvlüyünə seçkilər keçirilib.

AJMEDIA Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, bu seçkilərdə hazırda bədii gimnastika üzrə yığma komandamızın məşqçisi, Avropa çempionatının üçqat mükafatçısı, çoxsaylı beynəlxalq yarışların qalib və medalçısı Siyana Vasileva da öz namizədliyini irəli sürüb.

Oktyabrın 26-da keçirilmiş seçkilərin ilk mərhələsində ümumilikdə 6 ölkə təmsilçisi iştirak edib. İki gün sonra keçirilmiş son seçkilərdə isə 3 ölkə nümayəndəsi rəqabət aparıb. S.Vasileva rəqiblərini üstələyərək, bədii gimnastların rəsmi nümayəndəsi seçilib.

Azərbaycanın bədii gimnastika tarixində ilk dəfədir ki, təmsilçimiz Atletlər Komissiyasına üzv seçilib.

Bədii gimnastların nümayəndəsi kimi, S.Vasileva avtomatik olaraq FIG-nin bədii gimnastika üzrə Texniki Komitəsinin iclaslarında atletləri təmsil edəcək.

O, Atletlər Komissiyasının üzvü kimi faəliyyətini 2022-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək davam etdirəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts