Azərbaycanla Türkiyə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində birgə tərəfdaşlığın perspektivləri müzakirə edilib

Tokio, 19 may , /AJMEDIA/

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi ilə görüşüb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AJMEDIA-ya verilən məlumata görə, görüşdə Türkiyə Böyük Millət Məclisinin Kənd Təsərrüfatı Meşə və Kənd İşləri Komissiyasının başçısı Yunus Kılıç, Avropa İttifaqı və Xarici Əlaqələr Baş İdarəsinin direktoru Ahmet Volkan Güngören daxil olmaqla, geniş tərkibdə təmsil olunan nümayəndə heyəti iştirak edib.
AQTA sədri Qoşqar Təhməzli ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələr üzrə yüksək səviyyədə davam etdiyini və bu münasibətlər fonunda hər iki ölkənin qlobal layihələrin həyata keçirilməsində uğurlu şəkildə və birgə iştirakından bəhs edib. O, görüşün iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edərək son illərdə ölkəmizdə qida təhlükəsizliyinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət və qayğı, eyni zamanda, qida təhlükəsizliyinin təmin olunması ilə əlaqədar həyata keçirilən işlər barədə geniş məlumat verib.
Türkiyəli nazir ölkələrimiz arasında bütün istiqamətlər üzrə münasibətlərin qardaşlıq müstəvisində sürətli inkişafının məmnunluq doğurduğunu, birgə əməkdaşlıq və əlaqələrin gələcək perspektivləri məsələlərinə toxunaraq tərəflər arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində birgə tərəfdaşlığın bundan sonra da genişləndiriləcəyini bildirib.
Görüş zamanı bir sıra yeni istiqamətlər üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib, ikitərəfli münasibətlərin, qarşılıqlı maraq doğuran fəaliyyət sahələri üzrə təcrübə mübadilələrinin miqyasının daha da genişləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb. Tərəflər laboratoriyaların təkmilləşdirilməsi, optimallaşdırılması, modernləşdirilməsi istiqamətində təcrübə mübadiləsi imkanları, qida təhlükəsizliyi üzrə risk qiymətləndirilməsi, pestisidlərin təhlükəsiz istifadəsinə dair qabaqcıl təcrübənin tətbiqi məqsədilə təlimlərin təşkili və sair məsələləri müzakirə ediblər.
Görüşdə “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”də nəzərdə tutulan məsələlərin icrası ilə bağlı işlərin davam etdirilməsi, eyni zamanda, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş” layihələri üzrə aparılan işlərin sürətləndirilməsi və genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts