Azərbaycanın Zəfər Günü münasibətilə Vyanada tədbir təşkil edilib

Tokio, 8 Noyabr, /AJMEDIA/

Vyanada 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan və türk diasporlarının iştirakı ilə tədbir keçirilib.

AJMEDIA xəbər verir ki, Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə keçən tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi yad edilib, onların ruhuna Quran oxunub.

Azərbaycan, Türkiyə və Avstriyanın Dövlət himnləri səsləndirilib.

Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin sədri Yardım Günəş çıxış edərək Vətən müharibəsində Azərbaycanın əldə etdiyi zəfərdən danışıb. Azərbaycanın daim sülhpərvər mövqe tutduğunu bildirən natiq, 30 ilə yaxın dövr ərzində Ermənistanın yürütdüyü siyasətin nəinki sülhə hədəfləndiyini, hətta yeni ərazilər iddiasında olduğunu açıq şəkildə nümayiş etdirib. Ötən ilin sentyabrında Azərbaycana qarşı təxribatlar və dinc əhalinin hədəfə alınması Azərbaycan xalqının səbrini daşdırdı və 44 günlük Vətən müharibəsinin başlamasına səbəb oldu. O qeyd edib ki, ötən illərdə Azərbaycanın müxtəlif bölgələrinin işğal olunmasını ağrı-acı ilə anırdıqsa, indi həmin acılı günlər yerini türk yurdu Azərbaycanda zəfər bayramları, işğaldan azad edilmiş Qarabağın dirçəlişi və həmin torpaqlarda toy-büsata verir, Qarabağda Azərbaycan bayrağı əbədi olaraq dalğalanacaqdır.

Azərbaycanın Avstriyadakı səfirliyinin birinci katibi Samir Rzayev öz çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi-diplomatik mübarizəsindən, qəhrəman Azərbaycan Ordusunun cəbhədə göstərdiyi misilsiz şücaətdən və Azərbaycan xalqının öz lideri ətrafında sıx birləşməsindən bəhs edib. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin “Bir millət – iki dövlət“ devizi 44 günlük Vətən müharibəsində özünü bariz şəkildə göstərib. O, Türkiyənin Azərbaycanı daim mənəvi və siyasi dəstək göstərdiyini, haqq işində yanında olduğunu minnətdarlıqla vurğulayıb.

Bildirilib ki, 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusu misilsiz qəhrəmanlıq göstərərək Azərbaycanın ərazi bütövlüyünü qısa zamanda bərpa edib, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərini düşmən tapdağından azad edib və Qarabağ üzərində Azərbaycan bayrağını dalğalandırıb.

Nevşehir Hacı Bektaş Veli Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Telli Akhun Korkmaz münaqişənin tarixi kökləri barədə danışıb, Azərbaycan xalqının münaqişə nəticəsində çəkdiyi ağrı-acıdan bəhs edib. Qeyd edilib ki, qəhrəman Azərbaycan əsgəri 30 illik göz yaşları, ağrı və faciələrin qisasını alaraq, Azərbaycanın öz əzəli torpaqları üzərində haqqını və suverenliyini bərpa etdi.

Çıxışlardan sonra Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq mətbuata verdiyi müsahibələrdəki əsas fikirlərin toplandığı videoçarx nümayiş olunub.

Tədbirin bədii hissəsində Vyanada fəaliyyət göstərən musiqiçilər Defne Aydın və Şəbnəb Nəcəfi Azərbaycan və türk bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər. Sonra konsert Azərbaycan xalq musiqisi ilə davam edib.

Tədbirdə iştirakçılar üçün ziyafət təşkil olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts