Azərbaycanın xarici işlər naziri ilə ABŞ Dövlət katibinin köməkçisi arasında telefon danışığı olub

Tokio, 19 Noyabr, /AJMEDIA/

Noyabrın 18-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığı olub.

Nazirliyin Mətbuat xidməti idarəsindən AJMEDIA-ya bildiriblər ki, Karen Donfrid Azərbaycan və Ermənistan sərhədində yaşanan gərginlikdən narahatlığını ifadə edib, hər iki tərəfi deeskalasiyaya və fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çağırıb.

Nazir Ceyhun Bayramov son günlərdə Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilən silsilə təxribatçı addımlar barədə qarşı tərəfə ətraflı məlumat verib. Nazir bölgədə vəziyyətin gərginləşməsi məsuliyyətinin bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.

Azərbaycanın beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla delimitasiya prosesinə başlamağa hazır olduğu, lakin Ermənistan tərəfindən buna qarşılıq verilmədiyi qeyd olunub.

Telefon danışığı zamanı tərəflər, həmçinin üçtərəfli bəyanatların icrası və digər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts