Azərbaycanın uğurları haqqında mühazirə Siyasi Elmlər Kollecinin üzvləri tərəfindən böyük maraqla qarşılanıb

Tokio, 3 Noyabr, /AJMEDIA/

 Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin Azərbaycanın Müstəqilliyinin bərpa edilməsinin 30-cu və Vətən müharibəsində qələbənin 1-ci ildönümünə həsr edilmiş mühazirəsi Tokionun Keyo Universitetinin nəzdində fəaliyyət göstərən Siyasi Elmlər Kollecinin üzvləri tərəfindən böyük maraqla qarşılanıb.

 AJMEDIA xəbər verir ki, onlayn formatda keçirilən tədbirdə nüfuzlu beyin mərkəzi kimi tanınan kollecin təsisçisi, Keyo Universitetinin professoru Mitsuya Kaneko, Yaponiyanın nüfuzlu ictimai-siyasi xadimləri, jurnalistlər, elm və biznes dairələrinin nümayəndələri iştirak ediblər.

 Məlumat üçün qeyd edək ki, kollec Yaponiyanın daxili və xarici siyasəti, beynəlxalq münasibətlər ilə bağlı araşdırmalar aparır və nüfuzlu elm xadimlərinin iştirakı ilə bu mövzularda dəyirmi masalar, seminarlar və mühazirələr təşkil edir.

 Mühazirənin əvvəlində 2021-ci ildə Azərbaycanın Müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümünün qeyd edildiyini xatırladan səfir müstəqilliyin bərpasının əldə olunmasından sonra ilk illərin ağır keçməsindən, ölkə rəhbərliynin təcrübəsizliyi nəticəsində ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasından bəhs edib. Nəzərə çatdırıb ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının qətiyyətli təkidi ilə hakimiyyətə qayıtması ölkəmizin dərin böhrandan çıxmasına, inkişaf yoluna qədəm qoymasına və güclü dövlətə çevrilməsinə zəmin yaradıb.

 Mühazirə zamanı, G.İsmayılzadə ölkəmizin hazırki siyasi, iqtisadi və ictimai vəziyyəti, o cümlədən ölkədə aparılan geniş sosial-iqtisadi islahatlar, qeyri-enerji sektorunun inkişafı haqqında məlumat verib. Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın sürətlə inkişaf edən ölkələrdən birinə çevrildiyini vurğulayıb.

 Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz regionu iqtisadiyyatının 63 faizini təşkil etdiyini qeyd edən səfir, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verdiyini bildirib. Bakı-Tbilisi-Ceyhan neft və Cənub Qaz Dəhlizi kimi nəhəng enerji layihələri ilə bağlı ətraflı məlumat verib. Eyni zamanda, Azərbaycanın davamlı və bərpa olunan enerji mənbələrinə böyük sərmayə qoyduğunu qeyd edib. Ölkəmizin iqtisadi potensialı, o cümlədən nəqliyyat infrastrukturu, informasiya texnologiyaları və tranzit imkanları barədə də iştirakçılara geniş məlumat verilib.

Ötən əsrin sonlarında yaranan Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusuna toxunan diplomat, Ermənistanın Azərbaycana qarşı təcavüzü haqda da danışıb. Bu təcavüzün ərazilərimizin 20 faizinin işğal olunması, 30 mindən çox insanın ölümü, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olduğunu xatırladıb. Ermənilərin törətdiyi Xocalı Soyqırımı haqqında geniş məlumat verib.

 Səfir bildirib ki, 1994-cü ildən iki ölkə arasında mövcud olan atəşkəs rejiminə baxmayaraq, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini və dinc əhalini növbəti dəfə atəşə tutub. Ermənistan silahlı qüvvələrinin mülki insanların sıx şəkildə yaşadığı yerləri və obyektləri intensiv şəkildə atəşə tutması nəticəsində mülki əhali və hərbi qulluqçular həlak olub və yaralanıb, evlərə və mülki obyektlərə ciddi ziyan dəyib. Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirləri həyata keçirilib.

 G.İsmayılzadə bildirib ki, 2020-ci il noyabrın 8-də Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, sarsıdılmaz iradəsi və Milli Ordumuzun əsgərlərinin igidliyi sayəsində, Azərbaycan Vətən Müharibəsində böyük Qələbə qazanıb. 44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan 30 ilə yaxın qanunsuz hərbi işğala məruz qalan torpaqlarını azad edib. Eyni zamanda, tarixi ədaləti, ərazi bütövlüyünü, bir milyon azərbaycanlının fundamental hüquqlarını bərpa edib. Qeyd edib ki, erməni işğalçıları ərazilərimizi tərk edərkən, burada yerləşən evləri, məktəbləri, meşələri yandırıb, mədəni və dini abidələri məhv edib.

 Diplomat hazırda Azərbaycan hökumətinin əsas prioritet kimi azad edilmiş ərazilərin bərpası və inkişafı layihələrini əzmlə həyata keçirdiyini də vurğulayıb. Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirən Zəngəzur dəhlizinin açılması məsələsinə toxunub. Bu dəhlizin yalnız Azərbaycan üçün deyil, həm də region ölkələri üçün iqtisadi üstünlük yaradacağını bildirib. Dəhlizin mövcud marşrutların ayrılmaz hissəsi olacağını və Cənubi Qafqazdan keçən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin mühüm elementinə çevriləcəyi vurğulayıb.

 G.İsmayılzadə Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərini “yaşıl enerji” zonası elan etməsi və bu ərazilərdə genişmiqyaslı tikinti işlərinin aparılması haqqına da məlumat verib. Azərbaycanın burada ən qabaqcıl və innovativ texnologiyalardan, o cümlədən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarından istifadə edərək yeni şəhər və kəndlərin tikintisini apardığını bildirib.

 İştirakçılar tərəfindən böyük maraqla qarşılanan mühazirə, iştirakçıların çoxsaylı sualları ilə başa çatıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts