Azərbaycanı Yaponiyada tanıdan alim: “Böyük qulaq və kiçik ağız uğurun açarıdır”

Tokio, 19 Noyabr, /AJMEDIA/

Xəlil Kələntər – Elektronika sahəsi üzrə dünyada tanınan azərbaycanlı alim. Cənubi Azərbaycanda dünyaya göz açıb. 1981-ci ildən Yaponiyada yaşayır. X. Kələntər Naqoya və Tohoku universitetlərində doktorluq dərəcəsi alıb. Elektronika mühəndisliyi, yeni nəsil ekranların yaradılması sahəsində 100-ə yaxın patentin, yapon dilində üç kitabın, 130-dan artıq elmi məqalənin müəllifidir. Azərbaycanlı alim LCD televizor, kompüter və mobil telefonların əsas hissələrindən birinin – maye kristal displeyin arxa fon işıqlarının yaradıcısıdır. Bu yaxınlarda Yaponiya Standartlaşdırma Assosiasiyasının (JSA) eksperti sertifikatına layiq görülüb.

HafizTimes.com-un müsahibi Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, elektronika sahəsi üzrə dünyada tanınan azərbaycanlı alim Xəlil Kələntərdir.

–Sizin üçün Azərbaycan sözü nə məna ifadə edir?

-Mənim köküm, fikirlərim Azərbaycana bağlıdır. Bu həqiqət həyatımın sonuna qədər dəyişməyəcək. Mən bir türk, Azərbaycan oğluyam. Yapon dili və mədəniyyəti də belə bir təməl üzərində inşa edilib.

–Sizi dünyaya tanıdan elmi uğurlarınızın sirri nədir?

-Həyat mənə çoxlu imkanlar bəxş edib. Bu imkanlardan faydalanmaq üçün güclü olmaq lazımdır. Bilirəm ki, bu yolda məni həm əziyyət, həm də xoşbəxtlik gözləyir. Bundan əlavə olaraq eşitmək və fikirlərimi ifadə etmək üçün bir böyük qulağım var. Bu da mənim uğur sirrimdir. Sürətli çalışmaq istədiyiniz zaman sizə hər şey haqqında yavaş-yavaş düşünmək üçün vaxt lazımdır. Böyük qulaq və kiçik ağız mənim üçün əsas anlayışdır.

– Azərbaycanda çoxları bilməsə də, siz LCD televizor, kompüter və mobil telefonların əsas hissələrindən birinin – maye kristal displeyin arxa fon işıqlarının yaradıcısınız.

-Mən maye kristal displeyin arxa fon işıqlarının yaradıcısıyam. Dünyada 67 faiz paya sahib olmuşam. Hazırda dünyada QD (Kvant Nöqtələri ) arxa işıqlandırma və maye kristal filtrlərdən istifadə olunur. Maye kristal ekranlar yaxın gələcəkdə daha geniş formada istifadə olunacaq.

Mən LCD-lərin arxa işıqlarına müəyyən əlavələr etmişəm. Çoxlu sayda patent, məqalə və kitablarım var. Bütün həyatım boyunca işimə çox önəm vermişəm. Ruhum həmişə ac olub. Hər zaman, her yerdə maraq, kəşf, innovasiya barəsində düşünmüşəm. Mən onların məzmununu başa düşmək, anlamaq istəyirəm. Özüm üçün yeni bir konsepsiya kəşf etmək üçün əmək sərf edirəm. Mən yeni bir fikir ortaya çıxarmaq istəyirəm.

–Yaponiyadakı təhsil sistemi barədə nə düşünürsünüz?

-Yaponiya məktəblərində şagirdlərə cəmiyyət içində necə davranmaları və yaxşı dialoq mühiti qurmaq yolları aşılanır. Şagirdlər öyrənilər ki, kiməsə güvənmək, başqasından yardım istəməklə problemlərini həll etmək düzgün yol deyil. Onlar hər şeydən öncə bütün məsuliyyəti özləri daşıyırlar. Şagirdlərə məktəbdə öyrədilir ki, insanlarla kobud rəftar etmək, başqalarını narahat etmək olmaz.

Sizin müdir və ya menecer “sizi günahlandırmıram” deyirsə, cavab verilməməlidir. Onlar sizdən nəsə soruşsalar o zaman ən yaxşı cavabı verməlisiniz. Hər kəsin öz problemini özünün həll etməsi vacibdir. Böyük qulaq və kiçik ağız uğurun açarıdır.

–Texnologiya sahəsini inkişaf etdirmək üçün nə etmək lazımdır?

-Pulları olan insanlar yeni texnologiya almalıdırlar. Və aldıqları bu texnologiyanı kökünə qədər araşdırmalı və daha sonra öz şəxsi texnologiyalarını yaratmalıdır. Yəni orjinala oxşar texnologiyalar hazırlamalıdırlar. Bir daha demək istəyirəm ki, gənclər texnologiyanın imitasiyası ilə məşğul olmalıdırlar. Demirəm ki, gənclər hansısa bir mürəkkəb texnologiyanı imitasiya etsinlər. Sadə bir təqlid də mümkündür. Gənclər bu yolla öz bilik səviyyələrini və vərdişlərini inkişaf etdirə bilərlər. Onlar yeniliklərə meyilli olmalıdırlar.

Fikrimcə, yüksək sənaye və texnologiya sahəsini inkişaf etdirməyin yolu kiçik sənayenin inkişafından başlayır. Biz kəskin baxışlar və inkişaf etmiş zehinlərlə yaxın ölkələrdəki vəziyyəti nəzərdən keçirməli və gələcək işimizi bu istiqamətdə qurmalıyıq.

Azərbaycanda digər ölkələrdə olmayan, unikal texnalogiyalar yaradılmalıdır. Başqa ölkələr isə Azərbaycana pul ödəyərək bu analoqu olmayan texnologiyaları satın almalıdırlar. Baxın, mən o günü görməyi arzu edirəm!

Hafiz Əhmədov

Follow us on social

Facebook Twitter Youtube

Related Posts