Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin 30-cu ildönümü və əməkdaşlığın yeni mərhələsi

Tokio, 7 sentyabr , /AJMEDIA/

Cari il sentyabrın 7-də Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30-ci ildönümü qeyd edilir.
AJMEDIA xəbər verir ki, Azərbaycan ilə Yaponiya arasındakı əlaqələrin həm mahiyyət, həm də keyfiyyətcə yeni dövrü ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra başlayıb və o vaxta qədər əldə edilmiş təcrübə, qarşılıqlı hörmət və etimad bu əlaqələrə mühüm töhfələr verib.
Dünyanın böyük siyasi və iqtisadi gücə malik dövlətlərindən biri sayılan Yaponiya Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdəndir. 1991-ci il dekabrın 28-də bu Gündoğar ölkə Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıması haqqında bəyanatla çıxış edib. Həmin addım bir tərəfdən gənc Azərbaycan dövlətinin böyük uğuru idisə, digər tərəfdən Yaponiyanın postsovet məkanında yerləşmiş respublikalarla əlaqələrin inkişaf etdirilməsi istiqamətində müəyyən etdiyi prioritetlərlə əlaqəli idi.
Beləliklə, 1992-ci il sentyabrın 7-də Azərbaycan ilə Yaponiya arasında diplomatik əlaqələr quruldu. Həmin dövrdən Yaponiya Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi önəm verməyə başlasa da, Rusiya ilə II Dünya müharibəsindən sonra yaranan və hələ də davam edən ərazi mübahisəsi bu ölkəni bir qədər ehtiyatlı davranmağa məcbur edirdi. Müstəqilliyin ilk addımlarını atan gənc dövlətlərin möhkəmlənməsinə, öz siyasi və iqtisadi gücünü artırmasına ehtiyac duyulurdu. Çətinliklərlə qarşılaşan bu ölkələr qısa zaman kəsiyində öz dövlət müstəqilliklərini gücləndirərək Yaponiya ilə daha sərbəst əlaqələr qurmağa, qarşılıqlı maraqları nəzərə alan əməkdaşlığı inkişaf etdirməyə başladılar.
Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanla Yaponiya arasındakı münasibətlərin inkişafı yeni mərhələyə qədəm qoyaraq daha səmərəli xarakter almağa başladı. Yaponiyanın Beynəlxalq İqtisadi Əməkdaşlıq Agentliyinin (JICA) Azərbaycana verdiyi dəstək qarşılıqlı əməkdaşlığın inkişafında mühüm rol oynadı. Ulu öndər Heydər Əliyev 1998-ci il yanvarın 17-də JICA-nın nümayəndə heyəti ilə görüşdə Azərbaycan dövlətinin Yaponiya ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edərək, iki ölkənin bütün fəaliyyət sahələrində yaxşı tərəfdaş olmaq imkanlarını vurğulayıb. Yaponiya tərəfi də iki ölkə arasında əməkdaşlığın inkişafına maksimum səy göstərəcəyini bildirib.
Azərbaycan ilə Yaponiya arasında baş verən mühüm hadisələrin sayını və əhəmiyyətini nəzərə alaraq, 1998-ci ili bu iki ölkə arasında əməkdaşlıq əlaqələrinin formalaşması və inkişafı istiqamətində ən əlamətdar dövr adlandırmaq olar. Belə ki, ilin xronoloji ardıcıllıqla davam edən hadisələri arasında yanvarın 26-dan fevralın 1-nə qədər Azərbaycanın Baş naziri Artur Rəsizadənin Yaponiyaya səfəri növbəti uğurlu addım hesab edilə bilər. Həmin il yanvarın 27-dən Tokioda Dünya Bankı konsultativ qrupunun Azərbaycan üzrə ikinci iclası işə başlamışdı. İclasda Almaniya, Belçika, Misir, Türkiyə, Pakistan, İngiltərə, ABŞ, İsveçrə də daxil olmaqla 14 ölkənin, eləcə də 9 beynəlxalq maliyyə təşkilatının nümayəndələri, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər qurumların nümayəndələri iştirak etmişdilər. Toplantı çərçivəsində yanvarın 28-də Dünya Bankı Maliyyə Korporasiyası qrupu tərəfindən təşkil edilmiş investisiya konfransı Azərbaycana həsr edilmiş, nəticədə, ölkəmizdə özəl sektorun inkişafına kömək göstərən çoxsaylı investisiya sazişləri imzalanmışdı.
Təbii ki, ulu öndər Heydər Əliyevin həmi il fevralın 24-dən 28-dək Yaponiyaya ilk rəsmi səfəri həmin il iki ölkə arasında baş verən hadisələrin, dövlətlərarası münasibətlərin daha da inkişaf etdirilməsi baxımından kulminasiya nöqtəsi hesab edilməlidir. Məhz həmin səfərdən sonra iki ölkə arasında əlaqələrdə dinamika və inkişaf öz yeni mərhələsinə qədəm qoyub.
Səfər çərçivəsində ümummilli lider Heydər Əliyev Yaponiyanın siyasi və işgüzar dairələri ilə çoxsaylı və səmərəli görüşlər keçirib, Yaponiya İmperatoru, Baş nazir və nazirlərlə müzakirələrdə ikitərəfli münasibətlərin inkişafı, Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələlərinə xüsusi diqqət yetirilib.
Səfərin yekunu olaraq iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafının əsaslarını təşkil edən səkkiz mühüm sənəd imzalanmışdı. Dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası və Yaponiya arasında dostluq və əməkdaşlıq haqqında birgə bəyanat”ın imzalanması və “Azərbaycan Respublikası və Yaponiya arasında ticarət və iqtisadiyyat sahəsində birgə bəyanat”ın qəbulu bu səfərin mühüm nəticəsi hesab oluna bilər. Azərbaycan və Yaponiya arasında dostluq və əməkdaşlıq haqqında birgə bəyanatda göstərilirdi ki, hər iki tərəf ikitərəfli münasibətlərini müstəqilliyə hörmət və bir-birinin ərazi bütövlüyü, bir-birinə inam, qarşılıqlı etibar və əməkdaşlıq üzərində quracaq. Sənəddə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin qarşılıqlı maraqlar əsasında həyata keçirilməsinin vacibliyi öz əksini tapmışdı. Birgə bəyanatda Mərkəzi Asiya və Qafqaz regionunda bütün səylərin TransAvropa-Asiya dəhlizinin inkişafına yönəldilməsindən də bəhs olunmuşdu.
Səfər zamanı “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Yaponiya Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr haqqında birgə rəsmi məlumat”, “Azərbaycan və Yaponiyanın xarici ölkələrlə iqtisadi əməkdaşlıq Fondu arasında kredit razılaşması”, “Şimal” buxar-qaz elektrik stansiyası tikintisinin layihəsi haqqında”, “Yaponiya dövlətinin ayırdığı kənd təsərrüfatı texnikasının alınması üçün yardım haqqında” notalar mübadiləsi də baş tutmuşdur. Bununla yanaşı, ARDNŞ və Yaponiyanın Misui Neft Şirkəti arasında iştirak payının verilməsi haqqında razılaşma da imzalanmışdı. Həmin sənədlər Azərbaycan-Yaponiya əlaqələrinin möhkəm təməlini təşkil edir.
Azərbaycanın dövlət başçısının “İtoçi”, “Nidjimen”, “Misui”,“Mitsubişi”, “Tomen”, “Sumitomo”, “Marubeni” kimi tanınmış şirkətlərin rəhbərləri, habelə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və “Eksimbank”la apardığı işgüzar görüşlər Azərbaycanın neft sektorunda Yaponiyanın etibarlı tərəfdaşa çevrilməsi ilə nəticələnmişdi.
Həmin səfərdən sonra Azərbaycan Prezidentinin 1999-cu il 5 fevral tarixli Sərəncamına əsasən “Azərbaycan Respublikası ilə Yaponiya arasında İqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyası” yaradılıb. Bu günə qədər hökumətlərarası komissiyanın Bakıda və Tokioda 11 iclası keçirilib. Hökumətlərarası komissiyanın cari il sentyabrın 5-də Bakıda keçirilən son iclası qəbul edilən sənədlərin əhəmiyyəti baxımından iki dost ölkə arasında əməkdaşlığın yeni mərhələsi kimi xarakterizə edilə bilər.
İki ölkə arasında hökumətlərarası komissiyanın yaradılmasından sonra 1999-cu ilin mayında Yaponiyanın xarici işlər naziri Masahiko Koumuranın Azərbaycana səfəri ilə ikitərəfli əlaqələrdə davamlı proses təmin olunub.
Prezident Heydər Əliyevin Yaponiyaya səfəri zamanı əldə edilmiş razılaşmaya uyğun olaraq 2000-ci il yanvarın 21-də Azərbaycanda Yaponiyanın səfirliyi açılıb və beləliklə iki dost ölkə arasında siyasi əlaqələrin inkişafı üçün növbəti mühüm addım atılıb. Yaponiyanın Azərbaycana təyin edilmiş ilk səfiri Tetsuya Hirose etimadnaməsini Prezident Heydər Əliyevə təqdim edərkən iki ölkənin qarşılıqlı maraqlarının üst-üstə düşdüyü xüsusi vurğulanıb.
Bundan sonra iki ölkə arasında siyasi əlaqələr qarşılıqlı olaraq genişlənməkdə davam edib. 2001-ci ilin iyununda Azərbaycan Respublikasının xarici işlər nazirinin Yaponiyaya səfəri təşkil olunub, aparılan danışıqlar İpək Yolu layihəsinin həllində birgə fəaliyyətin təmin edilməsində mühüm rol oynayıb.
Yaponiya dövləti Prezident Heydər Əliyevin Böyük İpək Yolunun bərpası təşəbbüsünü alqışlayıb. Bu məqsədlə də 2002-ci ilin iyulunda Yaponiyanın xarici işlər nazirinin müavini Şeiken Şuqura Azərbaycana səfər edib.
Yaponiya-Azərbaycan münasibətlərində yeni mərhələ İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə başlayıb. İkitərəfli münasibətlərdə ötən dövr bütünlüklə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycanın siyasi kursunun davamlı bir proses kimi qəbul olunduğunu təsdiq edib. Buna parlaq nümunələrdən biri də Azərbaycan Prezidenti İlham Əliyevin Yaponiyaya olan münasibəti idi. 2003-cü il noyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın xarici işlər nazirinin müavini İçiro Fuçisakeni qəbul edərək Yaponiya-Azərbaycan münasibətlərinin sarsılmaz olduğunu bir daha bəyan edib. Görüş zamanı İ.Fuçisaki Azərbaycan Prezidenti İlham Əliyevə Yaponiyanın baş naziri Y.Koizüminin şəxsi müraciətini çatdırıb. Müraciətdə Yaponiyanın gələcəkdə də ikitərəfli münasibətlərin möhkəmlənməsinə çalışacağı və bu əlaqələrin yeni mərhələyə çatdırılacağına səy göstəriləcəyi qeyd olunub.
Bundan az sonra, 2005-ci il oktyabrın 12-də Azərbaycanın Yaponiyada səfirliyi açılıb. Azərbaycanın Yaponiyada səfirliyinin fəaliyyətə başlaması iki ölkə arasında əlaqələrin daha da intensivləşməsinə mühüm təkan verib. Belə ki, səfirliyimizin əməkdaşlarının gərgin əməyi sayəsində iki ölkə arasında əlaqələr sürətlə inkişaf edib, qarşılıqlı rəsmi səfərlər yüksək səviyyədə təşkil olunub və birgə layihələr uğurla icra edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin Yaponiyaya 2006-cı il martın 7-dən 10-dək davam edən rəsmi səfəri ölkələrarası münasibətləri yeni səviyyəyə qaldırıb.
Yaponiya Azərbaycanda cəmiyyət həyatının ən müxtəlif sahələrində həyata keçirilən proqramlarda sanballı səkildə təmsil olunan əsas ölkələrdən birinə çevrilib. Bu ölkə Azərbaycanda neft sektorunun inkişaf etdirilməsində, “İpək yolu” layihəsinin həyata keçirilməsində, sosial-mədəni sahələrdə yeni texnologiyaya əsaslanan müasir inkişafın təmin olunmasında yaxından iştirak edir. Siyasi-diplomatik və iqtisadi sahələrdə olduğu kimi sosial-mədəni sahələrdə də Azərbaycan-Yaponiya əməkdaşlığı böyük fayda verir və mühüm əhəmiyyət kəsb edir. Hazırda Yaponiyanın Azərbaycanla ticarət dövriyyəsi bir neçə dəfə artıb. Rəsmi səfər zamanı imzalanmış sənədlər, aparılmış səmərəli danışıqlar, əldə olunmuş razılaşmalar daha böyük inkişafın üfüqlərini açıb.
Artıq 25 ilə yaxındır ki, iqtisadiyyat sahəsində ölkələrarası qarşılıqlı faydalı əməkdaşlıq yeni yüksəkliyə doğru inkişaf edir. Buna görə də iki ölkə arasındakı münasibətlərdən bəhs edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqlı olaraq deyib: “Yaponiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir və Azərbaycan bu münasibətlərin genişlənib möhkəmlənməsində maraqlıdır”.
Azərbaycan Respublikasının Milli Məclisi ilə Yaponiya parlamenti arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupu 1997-ci il martın 7-də yaradılıb. Belə bir qrup Yaponiya parlamentində də 1998-ci ildən fəaliyyət göstərir. Bu qrupların fəaliyyəti nəticəsində bu gün Azərbaycan və Yaponiya parlamentləri arasında dostluq və əməkdaşlıq əlaqələri inkişaf edir. Bu baxımdan Azərbaycan-Yaponiya Paralamentlərarası Dostluq Qrupu çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı səfərlərin mübadiləsi yüksək qiymətləndirilməlidir.
1998-ci ildən bu tərəfə Azərbaycan ilə Yaponiya arasında ümumilikdə 27 sənəd imzalanıb, bir sıra sənədlər isə hazırda imzalanmaq üçün hər iki tərəfdə baxılmaqdadır. Yaponiya dövləti Azərbaycanın ərazi bütövlüyünü tanıyır və hazırda işğaldan azad edilən ərazilərdə aparılan böyük bərpa və quruculuq işlərində bu ölkənin şirkətləri də yaxından iştirakda maraqlıdır.
Azərbaycan ilə Yaponiya arasında iqtisadi münasibətlərə gəlincə, iki ölkə arasında bu istiqamətdə işbirliyi sürətlə inkişaf etməkdədir. İki ölkə arasında ötən illər ərzində iqtisadi əlaqələr uğurla davam edib. Son məlumatlara görə, Yaponiya Azərbaycana 7 milyard dollar məbləğində yardım göndərib ki, bunun da 100 milyon dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycanda həyata keçirilən nəhəng layihələrdə Yaponiya şirkətləri yaxından iştirak edir. Yaponiya şirkətlərinin ölkəmizə marağının nəticəsidir ki, 2017-ci il sentyabrın 14-də bu şirkətlər “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsinin 2050-ci ilədək uzadılması müqaviləsinə qoşulublar. Həmin layihədə Yaponiyanın “INPEX” şirkəti 11 faiz, “ITOCHU” şirkəti isə 4,3 faiz paya malikdir. Bununla yanaşı, enerji ehtiyatlarının Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərində “ITOCHU” şirkəti 3,4 faiz, “INPEX” şirkəti isə 2,5 faiz paya malikdir.
Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur və bu nəzərə alınaraq qarşılıqlı ticarət dövriyyəsinin və investisiyaların artırılmasının, həmçinin ixracyönümlü məhsulların qarşılıqlı olaraq digər ölkələrin bazarlarında satışı üçün bir çox işlər görülür. Yaponiyanın aparıcı şirkətləri Azərbaycanda Polad İstehsalı Kompleksi, Neft-kimya Emalı Kompleksi və digər irimiqyaslı layihələrdə iştirakda maraqlıdırlar. Yaponiya tərəfi, həmçinin “Şahdəniz-2” layihəsi çərçivəsində təbii qazın istismarı və nəqlində (TANAP) pay sahibi olmaqla “Azəri-Çıraq-Günəşli” neft yatağı layihəsində Yaponiyanın iştirakının uzadılmasında maraqlıdır.
Azərbaycan ilə Yaponiya arasında mülki aviasiya sahəsində işbirliyi də getdikcə sürətlənir. Buna misal olaraq, “Silkway West Airlines” şirkətinin Bakı-Komatsu (24 yanvar 2014-cü ildən), Bakı-Osaka (29 dekabr 2017-ci ildən) və Bakı-Narita (12 fevral 2021-ci ildən) yükdaşıma reyslərinin fəaliyyətini qeyd etmək olar. Bununla yanaşı, 2017-ci ilin iyulunda Bakıda Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Agentliyi ilə Yaponiyanın Torpaq, İnfrastruktur və Nəqliyyat nazirliyi arasında işbirliyi haqqında razılıq əldə edilib.
Yaponiyanın yüksək texnologiyalı iqtisadiyyata malik olduğunu nəzərə alaraq Azərbaycan qeyri-neft sektorunun inkişafı, informasiya və kommunikasiya texnologiyaları, həmçinin inşaat texnologiyaları sahələrində bu ölkə ilə əlaqələrin genişlənməsində maraqlıdır. Eyni zamanda, ölkəmiz iqtisadi inkişafın təmin olunması və mütəxəssislərin hazırlanması üzrə Yaponiya təcrübəsinə maraqla yanaşır. Bu məqsədlə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) azərbaycanlı mütəxəssislərin hazırlanmasında, ölkəmizin müxtəlif dövlət qurumlarının əməkdaşları üçün təlimlərin keçirilməsində yardımı yüksək qiymətləndirilir. 1993-2002-ci illər ərzində JICA-nın Mərkəzi Asiya və Qafqaz bölgəsindəki fəaliyyətinin aktivliyinə görə Azərbaycan Qazaxıstan və Özbəkistandan sonra 3-cü yerdə qərarlaşıb. Həmin illər ərzində Azərbaycana 101,162 milyon yen məbləğində kredit, 9,2 milyon yen məbləğində qrant və 3,1 milyon yen texniki dəstək formasında inkişafa rəsmi yardım göstərilib.
Yeri gəlmişkən qeyd edək ki, Yaponiya hökumətinin Azərbaycana İnkişafa Rəsmi Yardımının (ODA) ümumi məbləği 1,04 milyard dollar təşkil edir. Xalqlararası müstəvidə, xüsusən beynəlxalq təşkilatların keçirdiyi tədbirlərdə Yaponiyanın Azərbaycanı dəstəkləməsi dövlətimizin uğurlu xarici siyasətindən və Azərbaycan ilə Yaponiya arasında qarşılıqlı dəstəyin güclənməsindən xəbər verir.
Bununla yanaşı, Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi uğurlar Yaponiyanın ölkəmizə yardım edilən dövlət kimi deyil, artıq bərabər səviyyəli tərəfdaş kimi baxdığını deməyə əsas verir. Bunu 2014-cü il fevralın 26-da hökumətlərarası komissiyanın Tokioda keçirilən 8-ci iclasından sonra Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Yaponiyadakı xüsusi müxbirinin sualını cavablandırarkən komissiyanın Yaponiya tərəfdən ovaxtkı həmsədri, “ITOCHI” korporasiyasının icraçı vitse-prezidenti Yoiçi Kobayaşi belə ifadə edib: “Bu gün Azərbaycan qüdrətli dövlətə çevrilib. Bunu ikitərəfli müzakirələr zamanı Azərbaycan tərəfinin irəli sürdüyü təkliflərin kosmik sənaye, kosmosun mənimsənilməsi, süni peyklərin buraxılması, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, səhiyyənin müasir standartlar səviyyəsinə qaldırılması kimi istiqamətləri də təsdiqləyir. Bundan əlavə, enerji layihələri neft-qaz yataqlarından yalnız hasilatı deyil, eyni zamanda, emal sənayesini əhatə edir. Həmçinin humanitar əməkdaşlıq sahəsində kadrların hazırlanması kimi məsələlər də gündəmə gəlib. Bütün bunlar deməyə əsas verir ki, iki ölkə arasında əlaqələr çox geniş şəkildə şaxələnib və zənginləşib. Yaponiya Azərbaycana artıq yardıma ehtiyacı olan ölkə kimi deyil, müasir səviyyədə inkişaf etmiş, bərabər səviyyəli tərəfdaş kimi baxır”.
Hazırda Azərbaycanda 19 Yaponiya şirkəti fəaliyyət göstərir. Azərbaycanın İsmayıllı rayonu ilə Yaponiyanın İto şəhəri arasında 2013-cü ildə Dostluq Mübadiləsi Haqqında Sazişin imzalanması və əməkdaşlıq əlaqələrinin regionlar üzrə də genişləndirilməsi ölkələrarası münasibətlərdəki inkişafın real göstəricilərindəndir. Bakının Xətai rayonu ilə Tokionun Setaqaya rayonu arasında dostluq və tərəfdaşlıq sazişinin bağlanmasına dair razılaşmanın əldə edilməsi isə əlaqələrin davamlı prosesə çevrildiyini təsdiq edir.
Çoxsahəli xarakterə malik Azərbaycan-Yaponiya əlaqələrində humanitar sahə də əhəmiyyətli yer tutur və son illər bu istiqamətdə də əməkdaşlıq genişlənir. İki ölkə arasında mədəniyyət, elm, təhsil, səhiyyə, idman sahələrində əməkdaşlığın inkişafı Azərbaycanın dünyaya inteqrasiyanı daha da sürətləndirir. Yaponiyanın təcrübəsi və dəstəyi respublikamızın humanitar problemlərinin həllində ən müasir yanaşmaların tətbiqinə, yeni texnologiyaların və ideyaların təcrübədə özünə yer almasına əlverişli şərait yaradır.
Humanitar sahədə Azərbaycan-Yaponiya əlaqələrinin əhatə dairəsi genişdir. Azərbaycan-Yaponiya əlaqələri humanitar sahədə əsasən təhsil sahəsində əlaqələr, turizm, səhiyyə və idman sahələrində əməkdaşlıq, mədəni və ədəbi əlaqələr kimi istiqamətləri əhatə edir.
Qeyd olunan sahələrdən hər biri üzrə artıq Azərbaycanda müəyyən məsafə qət olunub, kifayət qədər təcrübə əldə edilib. Bu isə öz növbəsində, ölkəmizdə digər sahələrlə yanaşı, humanitar sahənin də inkişafına ciddi təkan verir. Yaponiyanın təcrübəsi və dəstəyi respublikamızın humanitar problemlərinin həllində ən müasir yanaşmaların tətbiqinə, yeni texnologiyaların və ideyaların təcrübədə özünə yer almasına münbit şərait yaradır.
Yaponiya dünyada ən qabaqcıl elm və təhsil ölkəsi kimi qəbul olunur. İkinci Dünya müharibəsi dövründə böyük dağıntılara məruz qalmış, iqtisadi cəhətdən geri salınmış Yaponiya müasir inkişaf səviyyəsinə daha çox elm və təhsil sahəsində keçirdiyi islahatlar, ölkədə yeni texnologiyaların yaradılması və tətbiqinin genişləndirilməsi üzrə atdığı böyük addımlar nəticəsində gəlib çata bilib. Ona görə də dünyada Yaponiyanın elm və təhsil sahəsindəki təcrübəsinin öyrənilməsinə böyük maraq var. O cümlədən də Yaponiya ilə təhsil sahəsində qarşılıqlı əməkdaşlıq Azərbaycan üçün də əhəmiyyətli əlaqə formalarından biri kimi müəyyən olunub.
Təhsilin inkişaf etdirilməsi sahəsində Azərbaycan-Yaponiya əlaqələrində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant proqramının həyata keçirilməsi üstünlük təşkil edir. Bu proqramda məktəblərin tikintisi və təmiri ilə bağlı məsələlər daha geniş yer tutur.
Müəllimlərin və tələbələrin mübadiləsi sahəsində də Azərbaycanla Yaponiya arasında faydalı əməkdaşlıq proqramı həyata keçirilir. Yaponiya dövlətinin müəyyən etdiyi “Orta məktəb müəllimləri üçün tədris səfəri” proqramı çərçivəsində 2002-ci ildən başlayaraq Bakı şəhərinin ümumtəhsil məktəblərinin nümayəndələri Yaponiyada olmuş, bu ölkənin təhsil sistemi, mədəniyyəti və cəmiyyəti ilə yaxından tanış olmaq imkanı qazanıblar. Azərbaycanın ayrı-ayrı rayonlarının məktəbliləri də Yaponiyaya səfər ediblər. Yaponiyanın İto şəhəri ilə qardaşlaşıb Azərbaycanın İsmayıllı rayonunun şagirdləri 2014-cü ildə Tokioda və ölkənin regionlarında yapon məktəblilərlə görüşüblər. Məktəb şagirdlərinin görüşləri təcrübə mübadiləsi ilə yanaşı, yeni nəslin dünyagörüşünün inkişafına, habelə dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edir.
Azərbaycan müəllimlərinin Yaponiya səfərləri yeni nəsil pedaqoqlarının dünyagörüşünün daha da inkişaf etdirilməsində mühüm rol oynayır. Bununla yanaşı, ali məktəblərin müəllimlərinin və tələbələrin daha geniş şəkildə Yaponiya universitetlərinin imkanlarından faydalanmaq şansı genişdir. İndiyədək müxtəlif illərdə ADA Universitetinin, Bakı Dövlət Universitetinin və Naxçıvan Dövlət Universitetinin nümayəndə heyətləri Yaponiya ali məktəblərinin iş təcrübəsini öyrənmək üçün bu Gündoğar ölkəyə səfər ediblər. Həmin səfərlər zamanı Yaponiya universitetlərinin iş təcrübəsinin öyrənilməsi ilə yanaşı, qarşılıqlı əlaqələrin qurulmasına dair razılaşmalar da əldə edilib. Həmçinin həyata keçirilən səfərlər, eyni zamanda, Azərbaycan universitetlərinin Yaponiyada tanıdılması baxımından da əhəmiyyətli olub.
Bununla yanaşı, Azərbaycanda son vaxtlar Yaponiyada ali təhsil almağa marağın artdığı da müşahidə edilməkdədir. Bu vaxtadək Azərbaycan ali məktəblərində müsabiqə əsasında seçilmiş onlarla tələbə bakalavr və magistr səviyyəsində Yaponiya universitetlərində təhsil almaq imkanı əldə edib. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin xarici ölkələrdə ali təhsil şəbəkəsinin genişləndirilməsi haqqındakı Sərəncamına uyğun olaraq 2007-ci ildən başlayaraq bir sıra dünya ölkələrində, o cümlədən Yaponiyada azərbaycanlı tələbələrin geniş miqyasda ali təhsil almaları təmin edilir. Bu isə Azərbaycan üçün Yaponiyada təhsil almış yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına ciddi təkan verir.
Göründüyü kimi, Azərbaycan-Yaponiya əlaqələrində təhsil amili mühüm yer tutur. Yapon təhsil modeli ənənələrindən faydalanmaq Azərbaycanda elmi və təhsili inkişaf etdirmək baxımından mühüm əhəmiyyətə malikdir. Daha çox Avropaya inteqrasiya üstündə köklənmiş Azərbaycan təhsilində yapon təhsil modelindən də öyrənmək milli təhsilimizin tam mənada dünya təhsil sisteminə uyğunlaşmasını təmin edir. Təhsil əlaqələri ölkələrarası əlaqələrin inkişafında mühüm rol oynayır.
Azərbaycanla Yaponiya arasında turizm əlaqələri ölkəmiz müstəqillik qazandıqdan sonra ardıcıl və sistemli xarakter daşıyıb. Yaponiya-Azərbaycan turizm əlaqələrini yenidən qurmaq üçün, hər şeydən əvvəl, müvafiq qanunvericilik bazası formalaşdırılıb. Xüsusən, Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisin təklifi əsasında “Yaponiya ilə Sovet Sosialist Respublikaları İttifaqı arasında bağlanmış müqavilələrin Azərbaycan Respublikasına münasibətdə hüquqi varisliyi ilə əlaqədar Azərbaycan Respublikası və Yaponiya arasında 2005-ci il mayın 30-da mübadilə edilmiş notalarının təsdiq edilməsi haqqında” Qanunu təsdiq etməsi digər sahələrlə yanaşı, turizmin inkişafı üçün də münasib imkanlar açıb. Bütün bunlar ölkələrarası turizm əlaqələrinin formalaşmasına özünün müsbət təsirini göstərib. Ona görə də müstəqillik illərində Azərbaycana Yaponiyadan turizm axını ildən-ilə xeyli artıb.
Azərbaycanda səhiyyə sahəsinin inkişaf etdirilməsində və müasirləşdirilməsində də Yaponiya ilə əlaqələrin mühüm rolu müşahidə olunub. Səhiyyə sahəsində Yaponiyanın Azərbaycandakı səfirliyinin vasitəsi və dəstəyi ilə həyata keçirilən tədbirlər aşağıdakı istiqamətləri əhatə edib: səhiyyə müəssisələrinin yenidən qurulmasına dəstək göstərilməsi; yeni texnologiyanın tətbiqi və səhiyyə maarifçiliyinin təşkili.
Aparılmış təhlillər göstərir ki, Yaponiya hökuməti ölkəmizdə 1999-2001-ci illərdə daha çox səhiyyə müəssisələrinin yenidən qurulması və təmir edilməsi məsələlərinə diqqət yetirib. 2001-2005-ci illərdə isə səhiyyə sahəsində maddi-texniki bazanın möhkəmləndirilməsi işinə köməklik göstərilib. 2000-ci ildən sonrakı mərhələdə isə səhiyyə üzrə Yaponiya ilə əlaqələrdə yeni texnologiyaların tətbiqinə üstünlük verildiyi müşahidə olunur.
Məlum olduğu kimi, Yaponiya dünyada həm də fərqli idman ölkəsi kimi tanınır. Bir çox oyun növlərinin vətəni məhz Yaponiyadır. Buna görə də Yaponiyanın idman ənənələrini öyrənməyə beynəlxalq aləmdə böyük maraq vardır.
Yaponiya dövlətinin səhiyyə-sağlamlıq sahəsində həyata keçirdiyi tədbirlər həm də idmanın inkişafı ilə bağlıdır. Konkret olaraq Yaponiya dövlətinin Azərbaycanda idmanın inkişafına yönəltdiyi tədbirlər də müşahidə olunmaqdadır. Digər sahələrdə olduğu kimi, idman sahəsində də Yaponiya daha çox ölkəmizdə idman komplekslərinin yeni avadanlıqla, müasir texnologiya ilə təmin olunmasına köməklik göstərməyə üstünlük verib.
Çoxsaylı elmi ədəbiyyatda Yaponiya daha çox yeni texnologiyanın vətəni kimi səciyyələndirilsə də bu ölkənin özünəməxsus bənzərsiz mədəniyyətə malik olması həmişə etiraf olunub. Bu özünəməxsusluq, hər şeydən əvvəl, Yapon mədəniyyətində keçmişlə müasirliyin vəhdətində və Qərblə Şərqin sintezində özünü göstərir. Şərq-Qərb sintezi əsasında formalaşmış Yapon mədəniyyətində folklordan, milli etnoqrafiyadan gələn ənənələrin böyük payı vardır. Yapon mədəniyyətində millilik və qədimlik qorunub saxlanılıb. Məhz bu cəhətlər Yapon mədəniyyətininin dünya mədəniyyətindəki özünəməxsus yerini müəyyən edir. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycanın mədəniyyətində də Şərq-Qərb sintezinin və köklü folklor ənənələrinin üstünlüyü bir-birindən uzaq məsafədə yerləşən bu iki ölkənin mədəniyyətlərinin tipoloji yaxınlığını nəzərə çarpdırır. Yaponiyanın əlamətdar tarixi günlərində Bakı Musiqi Akademiyasında Azərbaycanda yaşayan yaponlar, həmçinin Yaponiyanın ölkəmizdəki səfirliyinin əməkdaşları üçün təşkil edilən konsertlər mədəni əlaqələrin inkişafına özünün töhfəsini verir. Eyni zamanda, Bakıdakı Yaponiya səfirliyində Azərbaycan və Yaponiya musiqiçilərinin birgə iştirakı ilə keçirilən konsertlər ölkələrimiz arasındakı münasibətlərin daha da yaxınlaşmasına və mədəniyyət sahəsində inteqrasiyanın inkişaf etməsinə müsbət təsir göstərir.
Azərbaycan haqqında həqiqətlərin, qədim və zəngin mədəniyyətimizin Yaponiyada yayılmasında bu ölkədə az sayda olan azərbaycanlılar icması mühüm rol oynayır. Doğrusunu deyək ki, Yaponiyadakı diasporumuz digər ölkələrdəki həmvətənlərimizdən öz tərkibinə görə çox fərqlənir. Belə ki, bu Gündoğar ölkədə yaşayan azərbaycanlılar əsasən ziyalı təbəqənin nümayəndələridirlər. Onların sırasında müxtəlif universitetlərdə təhsil alan tələbə, magistr və doktorantlarla yanaşı, nüfuzlu şirkətlərdə çalışan və ya öz şirkətlərin malik olan soydaşlarımız üstünlük təşkil edir.
Müstəqilliyin bərpasından sonra Yaponiyaya gələn soydaşlarımız müxtəlif illərdə bu Gündoğar ölkədə diaspor təşkilatı yaradaraq təşkilatlanmağa, Azərbaycanı burada tanıtmağa səy göstəriblər. Bu sahədə ilk cəhd bir müddət Yaponiyada yaşamış və təhsil almış, sonradan Osakanın Doşişa Universitetində beynəlxalq ictimai siyasət üzrə doktorluq dərəcəsi qazanmış Rəhman Şahhüseynli tərəfindən göstərilib. 2002-ci ildə dövlət qeydiyyatına alınan Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti adlı təşkilatın işində R.Şahhüseynli ilə yanaşı, bu ölkədə uzun müddət yaşamış, elektronika sahəsində yalnız Yaponiyada deyil, eyni zamanda, ABŞ, Çin, Cənubi Koreya və Avropada da yaxşı tanımış alim-mühəndis Xəlil Kələntər, vaxtilə Yaponiyanın Azərbaycanda səfiri olmuş Toşiyuki Fucivara da yaxından iştirak ediblər. R.Şahhüseynli Bakıya döndükdən sonra 2016-cı ildə Xəlil Kələntərin rəhbərliyi ilə Azərbaycan-Yaponiya Dostluq Mərkəzi adlı yeni diaspor təşkilatı təsis edilib. Tokio ilə yanaşı, Yaponiyanın digər şəhərlərində yaşayan azərbaycanlıları da birləşdirən təşkilat bu Gündoğar ölkədəki digər türkdilli xalqların, xüsusən də türklərin dərnəkləri ilə əlaqə quraraq Azərbaycanın təbliği istiqamətində iş aparır. Sevindirici haldır ki, sayca az olmalarına baxmayaraq, bu soydaşlarımız əl-ələ verərək doğma Azərbaycanımızı, onun uğurlarını, qazanılan nailiyyətləri yorulmadan təbliğ edirlər.
Göründüyü kimi, həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə Yaponiya-Azərbaycan əlaqələri ictimai həyatın əksər sahələrini əhatə edir. Bu sahələrdəki əlaqələr və birgə əməkdaşlıq qarşılıqlı şəkildə ölkələrin və xalqların bir-birlərini daha yaxından tanımalarına şərait yaradır. Dünyanın qabaqcıl ölkələrindən biri olan Yaponiya ilə əməkdaşlıq layihələrinin həyata keçirilməsi Azərbaycanın müstəqil bir dövlət kimi dünyada tanıdılmasına mühüm təsir göstərir.

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts