Azərbaycan üçün Fəal Yaşlanma İndeksi Avropa İttifaqı ölkələrində olduğu kimi tərtib edilib

Tokio, 31 dekabr, /AJMEDIA/

Sosial siyasət təhlilçisi və əhalinin yaşlanması üzrə ekspert, Böyük Britaniyanın Oksford Universitetinin Əhalinin Yaşlanması Oksford İnstitutunun tədqiqatçısı və Pakistanın Lahor Hökumət Kolleci Universitetinin vitse-kansleri Asgar Zaidinin AZƏRTAC-a müsahibəsi

– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondunun “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” birgə layihəsinin əsas məqsədlərindən biri yaşlı insanların fəal və sağlam yaşlanma qabiliyyətini qiymətləndirmək və ölçmək üçün Fəal Yaşlanma İndeksinin (FYİ) tərtib edilməsidir. 2019-cu ildə biz ilk dəfə görüşəndə FYİ-nin hazırlanması prosesi başlamaq üzrə idi. Layihənin tezliklə başa çatacağını nəzərə alaraq, FYİ-nin hazırlanması və tətbiqi barədə bizə məlumat vermənizi xahiş edirəm.

– 2019-cu ildə bu təşəbbüsə Fəal Yaşlanma İndeksinin yaşlı insanların sosial rifahının, daha dəqiq desək, fəal yaşlanma vasitəsilə sosial rifahının yaxşılaşdırılması sahəsində siyasətin formalaşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) müvafiq statistik məlumatları təmin etmək üçün böyük potensiala malik olacağı fikri ilə başladıq. Mən çox şadam ki, ƏƏSMN və BMT-nin Əhali Fondu ilə birgə biz Azərbaycanın yaşlı əhalisinin gələcəyi üçün yaşlanma strategiyasının işlənib hazırlanacağına dair dəlillər təqdim edən Fəal Yaşlanma İndeksini yarada bilmişik. Bu baxımdan həqiqətən vacib olan odur ki, Azərbaycan üçün Fəal Yaşlanma İndeksi Avropa İttifaqı (Aİ) ölkələrində olduğu kimi tərtib edilib. Beləliklə, biz Avropa ölkələrinin göstəricilərini və Fəal Yaşlanma İndeksini Azərbaycandakı göstəricilərlə müqayisə edə bilirik və bu müqayisənin köməyi ilə həm də Avropa ölkələrinin izlədiyi fəal yaşlanma ilə bağlı siyasətləri müqayisə edə bilirik və görürük ki, Azərbaycan nə dərəcədə Aİ-nin müvafiq siyasətlərindən və fəal yaşlanma strategiyalarından bəhrələnə bilər.

– Azərbaycanda FYİ-nin hazırlanması ilə hansı dövlət qurumları məşğul olub?

– Sevindirici haldır ki, bu layihədə Azərbaycan hökumətinin bir sıra qurumları bir araya gəlib. Liderliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təmin edib, eyni zamanda, Dövlət Statistika Komitəsi və Sosial Tədqiqatlar Mərkəzi də fəal tərəfdaşlar olublar. Onlar nəinki tələb olunan məlumatları təqdim ediblər, həm də Azərbaycan üçün Fəal Yaşlanma İndeksinin metodları və nəticələri ilə bağlı rəy bildiriblər. Bu mənada qeyd etməliyəm ki, Sosial Tədqiqatlar Mərkəzinin gördüyü iş çox mühüm olub. Belə ki, biz onlarla birgə sorğu anketi tərtib etdik və mərkəz 55-74 yaş arası təxminən 2000 yaşlı insan arasında sorğu keçirdi. Həmin sorğunun sayəsində hazırda bizim Fəal Yaşlanma İndeksində istifadə etdiyimiz və bu qrup əhalinin fəal yaşlanma təcrübələri ilə bağlı əlavə təhlil üçün istifadə edilə bilən bir çox məlumatımız mövcuddur.

FYİ üzrə təlim seminarında, həmçinin İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi və digər tərəfdaşlar da iştirak etdilər. Təlimdə sosial xidmətlərin göstərilməsi sahəsində fəaliyyət göstərən iki qurumun – “ASAN xidmət”in və DOST Agentliyinin də iştirak etməsi məni çox sevindirdi. Fəal yaşlanma çoxşaxəli anlayış olduğundan, bütün sadalanan maraqlı tərəflərin bir araya gəlməsi və Azərbaycanda yaşlı insanların rifahının yaxşılaşdırılması üçün zəruri olan işləri həyata keçirməsi olduqca vacibdir.

– Araşdırmalarınıza əsasən, Azərbaycanda əhalinin yaşlanması ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz? Yaşlı nəsil kifayət qədər əmək fəaliyyəti və ictimai işlərlə məşğuldurmu?

– Yaşlı insanların nəvələrinə, digər yaşlı ailə üzvlərinə qayğısı ilə ölçülən sosial iştirak səviyyəsinə görə Azərbaycan Avropanın ən yaxşı nəticələr göstərən ölkələrindən biridir. Azərbaycan ailə təmayüllü cəmiyyəti olan ölkədir, ona görə də biz görürük ki, Azərbaycanda nəvələrə və ailənin digər yaşlı üzvlərinə qayğı göstərilməsi sosial iştirakçılıq baxımından çox yaxşı həyata keçirilir. Lakin yaşlı insanların məşğulluq səviyyəsi ilə bağlı Azərbaycanda vəziyyətin bir qədər təkmilləşdirilməsinə ehtiyac var. Bu baxımdan, yaşlı işçi qüvvəsinin məşğulluq vəziyyətinin yaxşılaşdırılması ilə bağlı digər Avropa ölkələrində qəbul edilmiş əmək siyasəti sistematik şəkildə nəzərdən keçirilməlidir.

– Bir müddət öncə siz Fəal Yaşlanma İndeksi üzrə hesabatı təqdim etdiniz. İndeksdən istifadə ilə bağlı aidiyyəti qurumlar üçün hər hansı təlim keçiriləcəkmi?

– Təlim müxtəlif səviyyələrdə ola bilər. Bu gün biz Azərbaycanın Fəal Yaşlanma İndeksi və ərsəyə gətirdiyimiz məlumatların istifadəsini təşviq etmək üçün əsas maraqlı tərəflərə təlimlər keçirik. Bu indeksdən istifadə etməklə biz onlara Fəal Yaşlanma İndeksinin məlumatlarının müvafiq siyasətin formalaşması üçün hansı fikirləri meydana gətirdiyini anlamağa kömək edirik.

Hesab edirəm ki, təlim keçdiyimiz qurumların nümayəndələri Azərbaycan üçün belə bir indeksin hazırlandığından məmnundurlar. Lakin müvafiq siyasətin formalaşdırılması və həyata keçirilməsi uzun bir prosesdir – və bu təkcə təlim deyil, həm də aidiyyəti qurumların potensialının gücləndirilməsi prosesidir.

– Fəal Yaşlanma İndeksinin ölkəmiz və dövlətimiz üçün hansı faydaları var?

– Fəal Yaşlanma İndeksinin başlıca faydası dəlillərə əsaslanan siyasətin qurulması mədəniyyətini yaratmaq, bu siyasətləri tərtib edən məsul qurum və şəxslərin dəlilləri nəzərdən keçirməklə daha sonra yeni siyasətlər formalaşdırmasına kömək etməkdir. Hesab edirəm ki, Fəal Yaşlanma İndeksi bizə daha yaxşı siyasətlər hazırlaya biləcəyimiz bir alət təqdim edir. Eyni zamanda, bilmək lazımdır ki, Fəal Yaşlanma İndeksi sadəcə alətlər dəstidir və ən uyğun siyasətləri hazırlamaq üçün bu alətdən, eləcə də digər məlumatlardan istifadə edərək daha çox iş görməliyik.

– Azərbaycan üçün tövsiyələriniz nə olacaq?

– Başlıca olaraq onu qeyd edim ki, fəal yaşlanma çoxşaxəli bir anlayışdır və onun təkmilləşdirilməsi təkcə bir nazirliyin məsuliyyəti deyil. Bu işin yerinə yetirilməsi təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərində deyil, müxtəlif nazirliklər, eləcə də müxtəlif maraqlı tərəflər arasında tərəfdaşlıq olmalıdır, eyni zamanda, bu qurumlar vətəndaş cəmiyyəti ilə də əməkdaşlıq etməlidir. Ona görə də mənim tövsiyəm ondan ibarətdir ki, Azərbaycanda müxtəlif nazirliklərin nümayəndələrinin, vətəndaş cəmiyyətinin, yaşlıların özlərinin təmsil olunduğu, tərkibində bir sıra digər qurumların, BMT-nin Əhali Fondu kimi beynəlxalq təşkilatların təmsilçiliyinin ola biləcəyi Mərkəzi Fəal Yaşlanma Komitəsi formalaşdırılsın. Daha sonra isə Fəal Yaşlanma Komitəsi hansı siyasətlərə riayət edilməli və müxtəlif nazirliklərdə hansı siyasət islahatlarının aparılmalı olduğunu müəyyən etməlidir. Əgər belə bir komitə yaradılmasa, nazirliklərin təkbaşına fəal yaşlanmanı təşviq etmək üçün tələb olunan uyğun siyasətləri inkişaf etdirə bilməyəcəkləri riski meydana çıxa bilər.

– Hələ 2019-cu ildə verdiyiniz ilk müsahibənizdə bildirmişdiniz ki, Azərbaycan Cənubi Qafqazda Fəal Yaşlanma İndeksinin yaradılmasında maraq ifadə etmiş ilk ölkədir. Regiondakı digər ölkələrin buna marağı varmı?

– BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi bir çox cəhətdən digər Qafqaz və MDB ölkələri üçün yeni tendensiya yaradır. Belə ki, Azərbaycan müvafiq siyasətin formalaşmasında dəlillərdən istifadə etməyin necə effektiv və faydalı olması ilə bağlı mühüm təcrübə ortaya qoymaqdadır.

Həm də müvafiq siyasət ilə bağlı narahatlıq doğuran məsələdir ki, bu regionda olan ölkələrdə əhalinin yaşlanması çox sürətlə artan bir prosesdir. Ona görə də bu gün biz görürük ki, Azərbaycanda yaşlı insanların xüsusi çəkisi 2020-ci ildəki 12 faizdən 2050-ci ildə 25 faizə çatacaq. Fəal Yaşlanma İndeksi vasitəsilə siz fəal yaşlanma prosesini təşviq etmiş olursunuz, belə ki, fəal yaşlanma əhalinin yaşlanması prosesinin müsbət bir yoludur. Belə bir hesabatı hazırlamaqla Azərbaycan həm də Cənubi Qafqaz və MDB ölkələri üçün yaxşı bir nümunə ortaya qoyur ki, həmin ölkələr də öz fəal yaşlanma indekslərini yaratsın və Azərbaycan və digər Avropa ölkələri ilə müqayisəli şəkildə bu indeksə xas olan dəlillərdən istifadə etməklə öz müvafiq siyasət islahatlarını həyata keçirsin.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts