Azərbaycan Turizm və Menecment Universitetində 2021-2022-ci tədris ilinin ilk günü

Tokio, 30 Sentyabr, /AJMEDIA/

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ənənəvi tədris ilinin başlaması münasibətilə onlayn, həmçinin birinci kurs tələbələri ilə əyani görüş keçirilib.

Bu barədə AJMEDIA-ya ATMU-dan məlumat verilib. Bildirilib ki, onlayn görüşə ATMU-nun rektoru İlham Mədətov, ali məktəbin struktur rəhbərləri və 300-ə yaxın tələbə qatılıb.

Yeni tədris ilinin başlaması münasibətilə ATMU-nun kollektivini təbrik edən İlham Mədətov son iki ilin ölkə vətəndaşlarının həyatında bir çox hadisələrlə yadda qaldığını söyləyib. O, COVID-19 pandemiyası səbəbindən yaranan çətinliklərlə bağlı ölkəmizdə tədrisin onlayn formatda keçirildiyini və məlum qərarın Azərbaycan xalqını bu bəladan qorumaq məqsədlərinə istiqamətləndiyini bildirib.

Rektor diqqətə çatdırıb ki, universitet son illərdə bir çox uğura imza atıb. ATMU-nun turizm işinin təşkili ixtisas proqramı üzrə ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemi sertifikatına, o cümlədən Cənubi Qafqaz regionu ali təhsil müəssisələri arasında ilk dəfə olaraq eyni ixtisas proqramı üzrə Ümumdünya Turizm Təşkilatının “UNWTO.TedQual” beynəlxalq keyfiyyət sertifikatına layiq görülüb.

Universitetin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov tələbələrə Vətənə layiqli vətəndaş kimi təhsildə yaxşı nəticələr əldə etməyi tövsiyə edib.

Onlayn görüşün sonunda universitetin müvafiq struktur rəhbərləri tərəfindən tələbələrin sualları cavablandırılıb.

Sentyabrın 29-da keçirilən əyani görüşdə isə rektor İlham Mədətov tələbələrə universitetin strateji hədəfləri, xaricdə təhsil, təcrübə və iş imkanları haqqında məlumat verib, Azərbaycanın təhsil təcrübəsində ilk dəfə olaraq həyata keçirilən ikili diplom proqramından söz açıb. Mümkün fürsətlərdən, tələbəlik illərindən səmərəli faydalanmağı tövsiyə edib.

Rektor ATMU tərəfindən həyata keçirilən Azərbaycan-Avstriya Turizm proqramının üstünlüklərindən də söz açıb. Hazırda Dövlət Turizm Agentliyinin dəstəyi ilə fəaliyyəti davam etdirilən proqram üzrə 15 il ərzində universitet tələbələrindən 260 nəfərin iki diploma sahibləndiyini vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts