Azərbaycan təmsilçisi Kazanda “Dünya mirvarisi-2023” titulunu qazanıb

Tokio, 9 iyun , /AJMEDIA/

Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində keçirilmiş “Dünya mirvarisi-2023” beynəlxalq gözəllik və istedad müsabiqəsinin qalibi Azərbaycanı təmsil edən Kamilə Ələsgərova olub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AJMEDIA-ya bildirilib ki, “Səidaş” Mədəniyyət Mərkəzində baş tutan yarışın final mərhələsində 14 ölkənin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Monteneqro, Monqolustan, Çin, İndoneziya, Rusiyanın Buryatiya Respublikası, Hindistan, Belarus, Ermənistan) təmsilçiləri yarışmaq hüququ qazanıblar.
Final iştirakçıları milli mətbəx təamı və onun hazırlanması haqqında videotəqdimatla çıxış edib, intellektual müsabiqəyə və dəfiləyə qatılıblar.
“Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatın gənclər qanadının sədri olan Kamilə Ələsgərova milli mətbəximizin “Şah-plov” təamının hazırlanmasından danışıb və Azərbaycanın “Şalaxo” milli rəqsini məharətlə ifa edib. Qeyd edək ki, rəqs nömrəsinin hazırlanmasında və nümayişində Kamiləyə “Ulduzlar bürcü” teatrının aktyorları və “QafqazStyle” rəqs ansamblı dəstək göstərib.
Müsabiqənin birincisi olan Kamilə Ələsgərova “Dünya mirvarisi-2023” tituluna layiq görülüb. Bundan başqa, səsvermənin nəticələrinə görə, soydaşımız “Miss artistizm” və “Miss tamaşaçı rəğbəti” adlarını da qazanıb.
Bu parlaq qələbə münasibətilə “Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının idarə heyətinin sədri Bəhram Mustafayev və Azərbaycan icmasının üzvləri Kamilə Ələsgərovanı təbrik ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts