“Azərbaycan-Koreya elmi əməkdaşlığı” mövzusunda beynəlxalq konfrans keçirilib

Tokio, 28 iyun , /AJMEDIA/

İyunun 28-də AMEA-nın əsas binasında Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş “Azərbaycan-Koreya elmi əməkdaşlığı” mövzusunda beynəlxalq konfrans keçirilib.
Avrasiya Sivilizasiyasının Tədqiqi üzrə Koreya Assosiasiyasının, Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının və AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda hər iki ölkənin elm adamları iştirak ediblər.
AJMEDIA xəbər verir ki, tədbiri açan AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov 30 il ərzində Azərbaycan və Koreya respublikaları arasında diplomatik münasibətlərin keçdiyi böyük inkişaf yolundan, eyni zamanda, SEBA Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilmiş Azərbaycan-Koreya Beynəlxalq Arxeoloji Ekspedisiyasının uğurlu fəaliyyətindən bəhs edib.
Səfir Li İn-Yonq Koreya və Azərbaycandan olan ekspert və akademiklərin iştirakı ilə belə bir konfransın keçirilməsindən böyük məmnunluq duyduğunu ifadə edib, konfransın təşkilatçılarına təşəkkürünü bildirib. Səfir Azərbaycan və Koreyanın elmi qurumları arasında əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Koreyanın Seul Milli Universitetinin professoru Yi Seon-bok belə bir tədbirdə çıxış etməkdən şərəf duyduğunu dilə gətirib. O, 2009-cu ildən başlayan, 10 ildən artıq davam edən, Koreyanın 13 qurumunu təmsil etmiş 150 tədqiqatçıya Qəbələnin Səlbir və digər arxeoloji qazıntı işlərini aparmaq üçün yaradılmış imkana görə SEBA Assosiasiyasının rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib.
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Abbas Seyidov Qəbələdə müxtəlif illərdə aparılmış arxeoloji tədqiqatlardan və onların uğurlu nəticələrindən bəhs edib. Belə elm mübadilələrinin davamlı olması vurğulanıb.
SEBA Assosiasiyasının şöbə müdiri tarix elmləri namizədi İradə Nəcəfova 2004-cü ildən fəaliyyət göstərən SEBA Assosiasiyasının Azərbaycan-Koreya əlaqələrinin inkişafında elm, ədəbiyyat, təhsil, mədəniyyət, səhiyyə, xeyriyyəçilik və s. istiqamətlərdə apardığı fəaliyyətlərin mühüm rolu olduğunu diqqətə çatdırıb.
Tədbirdə Qəbələ arxeoloji tədqiqatları haqqında film nümayiş olunub. Eyni zamanda, konfransın materiallarından ibarət toplu, Qəbələ arxeologiyasına həsr olunmuş disk, həmçinin SEBA Assosiasiyasının 2005-2015-ci, 2016-2020-ci illərdə gördüyü işlər barədə kataloqlar konfrans iştirakçılarına və qonaqlara təqdim edilib.
Konfrans işini Azərbaycan və Koreya alimlərinin məruzələrinin dinlənilməsi ilə davam etdirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts