Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinin iştirakçıları Füzuli və Şuşa şəhərlərində olublar

Tokio, 31 Oktyabr, /AJMEDIA/

Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinin iştirakçıları səfər marşrutu üzrə ilk olaraq səhər saatlarında Bakı-Füzuli aviareysi ilə Füzuli Beynəlxalq Hava Limanına eniş ediblər. Füzulidən Azərbaycanın mədəniyyət paytaxtına – Şuşa şəhərinə gedən qonaqlar yol boyu düşmənin viran qoyduğu məkanların canlı şahidi olublar. Səfər iştirakçılarına Prezident İlham Əliyevin rəhbərliyi ilə burada görülən bərpa-quruculuq işləri haqqında ətraflı məlumat verilib.

AJMEDIA xəbər verir ki, Şuşanın mərkəzi küçələri, tarixi məkanları qonaqların böyük marağına səbəb olub. İllərdir düşmən əsarətində olub və sonra rəşadətli Ordumuz tərəfindən azad edilən Şuşa qalasının əzəmətli duruşu tədbir iştirakçılarını heyrətə gətirib. Sammit iştirakçılarının bir qismi Aşağı Gövhər ağa məscidində namaz qıldıqdan sonra Cıdır düzünə yollanıblar.

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) rəhbəri Hüseyn Böyükfırat Türkiyə Qarabağın azad olunmasında siyasi olaraq Azərbaycanın yanında olduğu kimi quruculuq işlərində də iki qardaş ölkənin birgə addımlayacağını söyləyib: “Türkiyənin bir çox şirkətləri ilə Şuşanı görməyə gəlmişik. Həyata keçirəcəyimiz işlərin əsas məqsədi burada yaşayacaq əhalinin işlə təmin edilməsidir. Gələcəkdə yenə də qardaş ölkəyə dəstək olmaq üçün türk iş adamları azad olunan torpaqlara gələcəklər”.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun rəhbəri Taha Ayhan azad olunan ərazilərin qısa müddətdə yenidənqurulmasında görülən işlərə görə Azərbaycan xalqını təbrik edib: “Qarabağ Zəfərini qeyd etmək, şəhidlərimizin ruhunu anmaq və dünyaya səsimizi çatdırmaq üçün millətlərarası komanda ilə Şuşaya gəlmişik. Ümid edirik, bu ziyarətimiz gələcək işlərimizə xeyir gətirər”.

Avstraliyalı aktyor Rəşad Strikin fikrincə, tarixi şəhər olan Şuşa sərmayə yatırılması üçün əlverişli bölgədir: “Biz Füzuli Beynəlxalq Hava Limanında olduq və sonra buraya gəldik. Şuşa çox gözəl, tarixi və mədəni yerdir”.

Azərbaycan Qadın Sahibkarları İnkişafı Assosiasiyası İctimai Birliyinin sədri Səkinə Babayeva əsas məqsədinin qısa müddətdə düzgün strategiya quraraq yeni iş yerlərinin açılması və xalqımızın yanında durmaq olduğunu vurğulayıb.

Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının rəhbəri Hasan Basri Kurt bildirib ki, Azərbaycanın 30 il öz torpağından uzaq düşməsi və sonradan qovuşması insanı həqiqətən duyğulandırır. Türk milləti olaraq Azərbaycanla qürur duyuruq. KOBİA-nın dəvəti ilə gəlib gözəl məkanları gəzirik və birlikdə yeni işlər görəcəyik”.

Daha sonra sammit iştirakçıları Gəncə şəhərinə yollanıblar. Qonaqlar dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət edib və Gəncə Dövlət Filarmoniyasında mütəfəkkirin 880 illiyi ilə bağlı mədəni proqramla tanış olublar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts