Azərbaycan haqqında təqdimat Tokio məktəbliləri tərəfindən böyük maraqla qarşılanıb

Tokio, 30 noyabr , /AJMEDIA/

Azərbaycan haqqında təqdimat Tokionun “Hosui” ibtidai məktəbinin şagirdləri tərəfindən böyük maraqla qarşılanıb.
AJMEDIA xəbər verir ki, Yaponiyada fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin və “Children Meet Countries” (“CMC”) qeyri-hökumət təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə məktəbin 120-dək şagirdi və müəllim heyəti iştirak edib.
“CMC” təşkilatının əlaqələndiricisi Miçiko Syuda son illər Azərbaycanın Yaponiyada çox tanındığını bildirib. Qeyd edib ki, bu ölkə qısa müddətdə əldə etdikləri uğurları, sürətli və dinamik inkişafı ilə yaponların da diqqətini özünə cəlb edib. Ona görə də Yaponiyada yaşayan azərbaycanlılarla məktəblilərin görüşünün keçirilməsi qərara alınıb. Həmin gün məktəbin yeməkxanasında şagirdlərə Azərbaycan mətbəxi nümunələrinin təqdim olunacağı qeyd edilib. Tədbirə qatılan azərbaycanlı qonaqlar şagirdlərə təqdim edilib. Bildirilib ki, mərkəzin sədri Xəlil Kələntər artıq 40 ildən çoxdur Tokioda yaşayır və elektronika sahəsində çalışan mütəxəssis kimi yalnız Yaponiyada deyil, dünyanın digər ölkələrində də yaxşı tanınıb.
Sonra mərkəzin sədri Xəlil Kələntər ölkəmiz haqda geniş təqdimatla çıxış edib. O, Azərbaycanın tarixi, coğrafi mövqeyi, dövlət atributları, mədəniyyəti, zəngin karbohidrogen ehtiyatları, turizm potensialı, müstəqilliyin bərpasından sonra əldə edilən uğurları, 2020-ci ilin payızında baş verən Vətən müharibəsindən sonra azad edilmiş torpaqlarda aparılan böyük abadlıq və quruculuq işləri, Azərbaycan-Yaponiya əlaqələri barədə məlumat verib.
Azərbaycanın dünyanın enerji təhlükəsizliyində mühüm rolunu qeyd edən mərkəzin sədri Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TAP və TANAP layihələri barədə də ətraflı məlumat verib. Həmin layihələrdə yapon şirkətlərinin yaxından iştirak etdiyi xüsusi vurğulanıb.
Qeyd edib ki, Azərbaycan müxtəlif mədəniyyətlərin birləşdiyi, multikultural və tolerant ölkə kimi bütün dünyada yaxşı tanınıb. Burada yalnız azərbaycanlılar deyil, həm də digər xalqların nümayəndələri dostluq və mehriban qonşuluq şəraitində yaşayırlar.
Müstəqilliyin bərpasından keçən dövrdə Azərbaycanda təhsil sahəsində mühüm irəliləyişlərin əldə edildiyinə diqqət çəkən Xəlil Kələntər ötən dövrdə həm paytaxtda, həm də rayonlarda çoxlu sayda yeni məktəblərin inşa olunduğunu, köhnələrin əsaslı təmirdən sonra yeni avadanlıqla təmin edildiyini bildirib. Ölkəmizdə təhsil islahatlarının uğurla davam etdirildiyini qeyd edib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə xüsusi diqqət yetirdikləri xüsusi vurğulanıb.
Azərbaycan ilə Yaponiya arasında regionlararası əməkdaşlığın da inkişaf etdiyini bildirən Xəlil Kələntər buna misal olaraq İsmayıllı və İto şəhərləri arasında artıq ənənəyə çevrilmiş şagird mübadiləsi proqramını xatırladıb. Bildirib ki, koronavirus pandemiyasınadək ənənə şəklini almış qarşılıqlı səfərlər iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfələr verib. Həmin səfərlərin tezliklə yenidən bərpa olunacağı gözlənilir.
Tədbirdə Mirzə Ələkbər Sabirin “Uşaq və buz” şeiri Azərbaycan və yapon dillərində ifa edilib.
Bakıda fəaliyyət göstərən “Avropa liseyi”nin məzunu, hazırda Yaponiyada yaşayan Dilarə Qazıyeva həmin lisey, buradakı tədris prosesi barədə ətraflı məlumat verib. Bildirib ki, ən müasir tələbələr cavab verən liseydə şagirdlər yapon dilinə də böyük maraq göstərirlər. Liseyin IV sinif şagirdi Leyla Əliyevanın yapon məktəblilərə göndərdiyi video salamlama alqışlarla qarşılanıb.
Görüş çərçivəsində yapon şagirdlərə Dilarə Qazıyeva və Tayqa Nozakinin ifa etdiyi Azərbaycan milli rəqsləri də təqdim edilib. Milli rəqslərimiz böyük maraqla izlənilib. Şagirdlərə Azərbaycan milli rəqslərinin elementləri də nümayiş etdirilib.
Sonra tədbir iştirakçıları kiçik qruplara ayrılaraq şagirdlərin suallarını cavablandırıblar.
Tədbirdə iştirak edən şagirdlər qonaqlara onlar üçün hazırladıqları mahnını ifa ediblər.
Məktəbin direktoru Şuci Yamamoto AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbirinə bildirib ki, Tokioda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatının təqdimatı həqiqətən çox möhtəşəm və rəngarəng idi: “Yaponiyanın “CMC” və Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin təşkil etdiyi görüş həqiqətən də çox təqdirəlayiq idi. Düşünürəm ki, bu təqdimat yapon məktəblilərin dünya haqqında, xüsusən Qafqazın ən gözəl ölkəsi olan Azərbaycan, onun qədim tarixi və zəngin mədəniyyəti haqda biliklər əldə etməsi baxımından çox əhəmiyyətli oldu. Tədbirdə, həm də Azərbaycan məktəbləri, oradakı tədris prosesi, azərbaycanlı şagirdlərin yapon dilində bizim məktəbliləri salamlaması çox maraqlı idi. Düşünürəm ki, bizim məktəblilər də azərbaycanlı həmyaşıdları ilə sıx əlaqələr qurmalı, bir-birini yaxından öyrənərək dostluq münasibətləri yaratmalıdırlar. Bu işdə onlara uğurlar arzulayıram”.


Follow us on social

Facebook Twitter Youtube

Related Posts