Azərbaycan enerji tənzimlənməsi sahəsində Almaniya təcrübəsini öyrənməkdə maraqlıdır

Tokio, 25 Noyabr, /AJMEDIA/

Enerji Məsələləri Tənzimləmə Agentliyi (AERA) və Almaniyanın Elektrik, Qaz, Telekommunikasiya, Poçt və Dəmir Yolu üzrə Federal Şəbəkə Agentliyinin (Bundesnetzagentur) nümayəndələrinin iştirakı ilə məlumat mübadiləsi aparılması məqsədilə onlayn görüş keçirilib.

AERA-dan AJMEDIA-ya bildirilib ki, Agentliyin İdarə Heyətinin sədri Samir Axundov enerji tənzimlənməsi sahəsində Almaniya təcrübəsinin öyrənilməsində və “Bundesnetzagentur” ilə gələcək əməkdaşlıqda maraqlı olduğunu bildirib.

“Bundesnetzagentur”un Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri və Avropa Enerji Tənzimləyiciləri Şurasının prezidenti Dr. xanım Annegret Groebelə Almaniyanın enerji keçidi hədəflərindən və karbon emissiyalarının azaldılması istiqamətində görülən işlərdən danışıb. O, Almaniya tənzimləyicisinin tariflərin müəyyənləşdirilməsində digər iqtisadi sahələr üzrə tarif tənzimləmə qurumları ilə iş prinsiplərindən, eləcə də Almaniyanın İqtisadiyyat və Energetika nazirliklərinin rəsmi sənədləri ilə bağlı tənzimləyici orqan tərəfindən qəbul edilmiş normativ-hüquqi aktların hüquqi qüvvəsi barədə görüş iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra “Bundesnetzagentur”un məruzəçisi Stefan Arent Almaniyada lisenziya sahiblərinin reyestrinin aparılmasında şəffaflığın əhəmiyyətindən, elektrik və istilik enerjisində yanacaq-enerji resurslarından istifadənin səmərəliliyi və səmərəliliyin artırılması üsulları, sərfiyyat normaları və bu normalara riayət olunmasına nəzarət qaydaları haqqında söhbət açıb.

Almaniya tənzimləyicisinin digər məruzəçisi Aleksandr Linov enerji təchizatında məhdudiyyət və bilavasitə dayandırılma normalarının müəyyənləşdirilməsi, kəsintilərə nəzarət qaydası, pozuntulara görə cərimələrin hesablanması və həvəsləndirici ödəniş qaydaları, ötürücü və paylayıcı şəbəkələrdə itkilərin azaldılması üçün reallaşdırılan həvəsləndirici mexanizmlər və tənzimləmə proseduru barəsində ətraflı məlumat verib.

AERA-nın nümayəndəsinin sualını cavablandırarkən Stefan Arent “aktiv istehlakçılar” anlayışına aydınlıq gətirib və bu anlayışlara Almaniya və Avropa İttifaqı qanunvericiliklərində fərqli izahların verildiyini vurğulayıb. O qeyd edib ki, Avropa İttifaqının 944 saylı, 2019-cu il 14 iyun tarixli Təmiz Enerji Paketinin (CEP) Elektrik Direktivinin 2-ci maddəsinin 8-ci bəndində “aktiv istehlakçı” və ya “aktiv müştəri” məhdud sərhədlər daxilində yerləşən binalarda (tikililərdə) istehsal olunan elektrik enerjisini istehlak edən və ya saxlayan son müştəri və ya birgə fəaliyyət göstərən son müştərilər qrupu deməkdir.

İki qurum arasında keçirilən görüşdə növbəti mərhələdə təcrübə mübadiləsi aparılmasına dair məsələlər müzakirə edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts