Azərbaycan Dillər Universitetində Zəfər Günü qeyd olunub

Tokio, 3 noyabr , /AJMEDIA/

Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər kafedrası və “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
ADU-dan AJMEDIA-ya bildirilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin moderatoru, ADU-nun Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı professor İbrahim Kazımbəyli Zəfər Günü münasibətilə iştirakçıları təbrik edib, tarixi qələbəmizdən söz açıb.
ADU-nun rektoru akademik Kamal Abdulla 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb. Rektor tarixi Qələbəmizdən danışarkən ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Diqqətə çatdırılıb ki, Vətən müharibəsi günlərində Azərbaycan Dillər Universitetinin kollektivi müxtəlif ölkələrin universitet və səfirliklərinə, dövlət və qeyri-hökumət təşkilatlarına, media strukturlarına Azərbaycan həqiqətləri haqqında 20-yə yaxın dildə 5000-dən artıq məktub göndərib. Universitetin tələbələri də sosial şəbəkələrdə informasiya müharibəsində fəal vətəndaş mövqeyi göstəriblər.
Milli Məclisin deputatları Etibar Əliyev, Müşfiq Məmmədli və Naqif Həmzəyev Qələbəmizi səciyyələndirən amillər barədə fikirlərini bölüşüb, işğal dövründə tarixi abidələrimizə, şəhər və kəndlərimizə qarşı erməni vandalları tərəfindən törədilən vəhşiliyi diqqətə çatdırıblar. Qələbəmizin Ali Baş Komandanımız İlham Əliyevin qüdrətli sərkərdəliyi və xalqımızın birliyi nəticəsində ərsəyə gəldiyi bildirilib. Həmçinin Ermənistan ordusunun, xüsusilə bu ölkənin hərbi-siyasi rəhbərliyinin ağır məğlubiyyətin əvəzini çıxmaq məqsədilə müharibə günlərində mülki əhaliyə qarşı törətdiyi cinayətlərdən söz açılıb, Gəncə, Bərdə və Tərtər şəhərlərinin raket atəşinə tutulması nəticəsində həlak olmuş insanların xatirəsi yad edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts