Azərbaycan Biznes Keys müsabiqəsinin final mərhələsi keçirilir

Tokio, 22 may , /AJMEDIA/

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi mayın 22-də Azərbaycan Biznes Keys müsabiqəsinin final mərhələsini təşkil edib.
AJMEDIA xəbər verir ki, bu il müsabiqə BP, “Unilever”, “Baker Tilly”, “Deloitte”, EY, KPMG, “PASHA Life” şirkətlərinin sponsorluğu, BAT və ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilir.
Azərbaycan Biznes Keys müsabiqəsi universitetlərin maliyyə, biznes, iqtisadiyyat sahəsində təhsil alan bakalavr və magistr tələbələri arasında keçirilən ən prestijli biznes müsabiqəsidir. Burada analiz üçün tələbələrə real həyatda şirkətlərin qarşılaşdıqları biznes problemləri əsasında yazılmış “Harvard Business School”un keysləri təqdim edilir.
Müsabiqədə iştiraka 8 universitetdən – ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan-Fransız Universitetini təmsil edən 26 komanda qoşulsa da, onlardan yalnız 12-si yarımfinal mərhələsinə çıxmağa nail olub və 4 komanda final mərhələsinə çıxacaq.
Bütün komandalar beş həftə ərzində biznes analizi, strategiyanın qurulması, təqdimat etmək bacarığı və sair mövzularda təlimlər keçiblər. Bununla yanaşı komandalar final mərhələsindən əvvəl sınaq təqdimatlarına qatılıblar.
Qaydalara uyğun olaraq yarımfinal mərhələsində komandalar öz layihələrini yerli və beynəlxalq biznes qurumlarını təmsil edən hakimlər qarşısında təqdim edəcəklər. Dörd yarımfinal qalibi olan komanda isə birinci yer uğrunda mübarizə məqsədilə hakimlər qarşısında öz təhlillərinin təqdimatını sərgiləyəcəklər.
Finalçılardan keyslərə həll yolları təqdim etmək tələb olunur və qiymətləndirilmə, komandaların kritik biznes düşüncə qabiliyyəti, maliyyə analizi, marketinq strategiyası, təqdimat bacarıqları, eləcə də sual-cavab mərhələsinə hazırlıqlarına əsaslanır. Qalib komandalar ümumilikdə 10 min AZN mükafat əldə edəcəklər (I yer 6000 AZN, II yer 3000 AZN və III yer 1000 AZN).
Azərbaycan Biznes Keys müsabiqəsi ölkəmizin qabaqcıl universitetlərini təmsil edən tələbə komandaların iştirak etdiyi ənənəvi müsabiqədir. Bu müsabiqədə tələbələr maliyyə, marketinq, mühasibat, texnologiya və idarəetmə kimi sahələrdə əldə etdikləri bilikləri tətbiq etməklə real biznes problemlərini həll edir və onları Azərbaycanın işgüzar dairələrinin nümayəndələrindən ibarət olan münsiflər heyətinə təqdim edirlər.
Bu il 20 illiyi olan müsabiqə 2002-ci ildən həyata keçirilir. Azərbaycanda biznes keys təhlili təcrübəsinin azlığını nəzərə alan “MBA Enterprise Corps” təşkilatının könüllüləri bu layihənin əsasını qoyublar. 2006-cı ildən etibarən isə bu müsabiqənin keçirilməsi hüququ ekskluziv olaraq ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinə verilib. İndiyədək bu layihədə 1200-ə qədər istedadlı tələbələr iştirak edib.
Biznes Keys müsabiqəsi tələbələrin analitik və təqdimat bacarıqlarının inkişaf etdirilməsində və karyera inkişafında çox önəmli rol oynayacaq bacarıqların aşılanmasında və tələbələrə biznes idarəçilik vərdişlərinin öyrədilməsində əvəzsiz rola malikdir. Bununla yanaşı, müsabiqə biznes, elm nümayəndələrinə və tələbələrə maraqlı və intellektual bir forumda iştirak etmək imkanı yaradır.
ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi Azərbaycanda ABŞ Dövlət Departamentinin təhsil mübadilə proqramlarının, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı və ABŞ Universitetlərinin təqaüd proqramlarının dəstəyi ilə ABŞ-da təhsil almış məzunları birləşdirən qeyri-hökumət təşkilatıdır. İctimai Birlik 2003-cü ilin oktyabrında bütün məzunları bir yerdə toplamaq və inkişaf edən Azərbaycana öz bilik və bacarıqlarını istifadə edərək kömək etmək məqsədilə yaradılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts