Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi on doqquzuncu dəfə qapılarını ziyarətçilərin üzünə açıb

Tokio, 4 aprel , /AJMEDIA/

Aprelin 4-də Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2023”) sərgisi qapılarını ziyarətçilərin üzünə açıb.
AJMEDIA xəbər verir ki, “AITF” sərgisinin təşkilatçısı Caspian Event Organisers şirkətidir. Sərginin ənənəvi iştirakçısı olan Bolqarıstan “AITF 2023”ün baş sponsoru qismində çıxış edir, Özbəkistan isə tərəfdaş ölkədir.
“Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov 3 illik fasilədən sonra 19-cu Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2023”) sərgisində yenidən bir araya gəlməkdən məmnunluğunu bildirib. O deyib: “Turizm sərgisi artıq ənənə halını alıb və Bakıda 19-cu dəfədir ki, keçirilir. Builki sərgidə 15 ölkəni təmsil edən 50-dən çox şirkət, qurum öz məhsul və xidmətlərini ziyarətçilərə təqdim edəcək. Ənənəvi olaraq, sərgi müxtəlif ölkələrdən turizm sənayesinin nümayəndələrini, milli və regional turizm təşkilatlarını və dövlət qurumlarını bir araya gətirir. Bu tədbir maraqlı tərəflərlə yeni əlaqələr qurmaq, satış coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmək, sənayedəki ən son yeniliklər və tendensiyalar haqqında məlumat əldə etmək, həmçinin yeni tərəfdaşlar və müştərilər tapmaq imkanı verən əsas platformalardan biridir. Bundan əlavə, sərgi Azərbaycanın cəlbedici səyahət məkanı kimi əhəmiyyətini vurğulamış olur və xalqımızın qonaqpərvərliyini xarici iştirakçılar və ziyarətçilərə nümayiş etdirir. “AITF 2023” sərgisinə Azərbaycanla yanaşı, Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, İsveçrə, Kuba, Polşa, Özbəkistan, Rusiya, Sloveniya, Tunis və bir çox başqa ölkələrdən olan şirkətlər qatılıb. “AITF” sərgisində ənənəvi olaraq xarici ölkələr milli stendlərlə təmsil olunur. Budəfəki sərgidə də Belarus, Çexiya, Polşa və Özbəkistan öz milli stendləri ilə iştirak edirlər”.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev beynəlxalq sərginin təşkilinin təqdirəlayiq olduğunu vurğulayaraq son illərdə ölkəmizdə turizm sahəsinin inkişaf etdirilməsi istiqamətində geniş işlərin görüldüyünü və bu sahəyə məxsusi diqqətin ayrıldığını bildirib: “AITF 2023” sərgisi pandemiya ilə bağlı yaranmış 3 illik fasilədən sonra yenidən turizm sektorunu diqqət mərkəzinə gətirir. Xarici və daxili turizmin inkişafı bizim üçün eyni dərəcədə əhəmiyyətlidir. Bu səbəbdən də istər xarici turistlərin ölkəmizə cəlb edilməsi, istərsə də daxili turizm xidmətlərinin təkmilləşdirilməsi istiqamətində aktiv və səmərəli fəaliyyəti dəstəkləyirik. Hazırda əsas məqsədimiz pandemiyadan əvvəlki rəqəmləri ən qısa zamanda bərpa edərək əvvəlkindən də çevik inkişafa və artıma nail olmaqdır. Yaxın 3 il üçün hədəfimiz 2026-cı ildə Azərbaycana səfər edən xarici vətəndaşların sayını 4 milyon nəfərə, ölkədaxili turizm səfərlərinin sayını isə 6 milyon nəfərə çatdırmaqdır. İşğaldan azad olunmuş torpaqlarımızda da turizmi inkişaf etdirmək əsas və prioritet hədəflərimizdəndir. Fəal istirahətin ən geniş yayılmış və kütləvi növü olan turizmə aid tədbirlər nəinki bu sənayenin nümayəndələrini, həm də yerli və xarici səyahətçiləri cəlb edir. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və beləliklə, turizm daha geniş vüsət alır. “AITF 2023” sərgisi səyahət etməyi sevən Azərbaycan səyahətçiləri üçün də yeni turistik məkanları kəşf etmək baxımından olduqca əhəmiyyətli platformadır”.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov sərginin əhəmiyyətini vurğulayaraq burada olan iştirakından məmnunluğunu dilə gətirib: “Çox sevindirici haldır ki, artıq 3 illik fasilədən sonra yenidən bir araya gəlmişik. Bu sərgi sahibkarların öz xidmətlərini geniş kütləyə təqdim etmələri üçün geniş imkandır. İnanırıq ki, sərgini geniş kütlə ziyarət edəcək və buraya maraq böyük olacaq. Ənənəvi olaraq keçirilən bu sərgi turizm sənayesində mövcud çağırışların öyrənilməsi baxımından əlverişli platforma rolunu oynayır. İqtisadiyyatın bütün sektorlarında rəqabət qaydaları əvvəlki dövrlərə nisbətən fərqlənir. Pandemiyadan sonra ölkələr turist axını cəlb edilməsi uğrunda ciddi mübarizə aparır. Bu baxımdan ölkəmizdə turizm sektoruna mühüm diqqət ayrılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açır”.
Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov ölkəsinin bu sərgidə ilk dəfə tərəfdaş ölkə kimi iştirak etdiyini qeyd edərək sərginin təşkilatçılarına minnətdarlığını bildirib: “Qardaş Azərbaycan və Özbəkistan xalqlarını türk xalqlarının etnosuna əsaslanan ortaq milli adət-ənənələr, din və mədəniyyət birləşdirir. Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli dostluq əlaqələrinin böyük tarixi və dərin kökləri var. Həmçinin iki ölkə arasında olan ticarət dövriyyəsini və turizm sahəsində olan əməkdaşlığı da xüsusi qeyd etmək olar. Qeyd edək ki, 2022-ci ildə Özbəkistana səfər edən turistlərin sayına görə Azərbaycan ilk 15-liyə daxil olub. Əminəm ki, növbəti illərdə də turizm sahəsi üzrə ölkələrimiz arasında əməkdaşlıq daha da inkişaf edərək ən yüksək pillələrdə qərarlaşacaq”.
Bolqarıstanın ölkəmizdəki səfiri Ruslan Stoyanov ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrindən danışıb: “Bolqarıstan Azərbaycanla olan dostluq münasibətlərinə böyük əhəmiyyət verir. Bolqarıstanın Turizm Nazirliyi Azərbaycan Dövlət Turizm Agentliyi ilə ikitərəfli əməkdaşlığın gücləndirilməsinə və intensivləşdirilməsinə qətiyyətlə sadiqdir. Beləliklə xalqlarımız arasında çoxillik dostluq münasibətlərini daha da dərinləşdirəcəyik. 2022-ci ildə Azərbaycandan Bolqarıstana gələn turistlərin sayı 5 min 40 nəfər olub, bu da 2021-ci il göstəriciləri ilə müqayisədə 114 faiz daha çoxdur”.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov bildirib ki, “AITF 2023”ün yenidən açılması turizm sahəsinin inkişafı baxımından böyük hadisədir. Bu sərgi turizm sənayesinin peşəkarları üçün çoxdan gözlənilən hadisədir.
Sonra isə ənənəvi lent kəsilərək Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2023”) sərgisi açıq elan edilib.
Qeyd edək ki, aprelin 6-dək davam edəcək sərginin keçirildiyi günlər ərzində müxtəlif görüşlər, seminarlar və təqdimatlar təşkil olunacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts