Azərbaycan 2021-ci ildə Avropanın Aparıcı Mədəni və Aparıcı Ekskursiya destinasiyaları nominasiyalarında qalib olub

Tokio, 26 Oktyabr, /AJMEDIA/

Oktyabrın 22-də Azərbaycan “28-ci Dünya Səyahət Mükafatları” tədbirində 2021-ci il üzrə Avropanın Aparıcı Mədəni destinasiyası və Avropanın Aparıcı Ekskursiya destinasiyası nominasiyalarında birinci yerə layiq görülüb.

Dövlət Turizm Agentliyindən AJMEDIA-ya bildirilib ki, qaliblərin elan olunması mərasimi virtual formatda keçirilib.

Qlobal turizm və səyahət sənayesinin ən nüfuzlu mükafatlarının qalibi olmaqdan məmnun olduqlarını qeyd edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, Azərbaycan ekskursiya və mədəni turizm üçün ideal destinasiyadır:

“Biz bütün bu gözəllikləri kəşf etmək üçün səfər edəcək turistləri ölkəmizdə qarşılamağı səbirsizliklə gözləyirik”.

Baş icraçı direktor Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin turizmin inkişafı istiqamətində yeni səhifə açdığını, Qarabağa xas turizm məhsullarının inkişaf etdirilməsinin, həmçinin bu regionda daxili və beynəlxalq turistlər üçün təcrübə və infrastrukturun təkmilləşdirilməsinin ATB-nin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycanın zəngin mədəni müxtəlifliyi, tolerantlıq və multikulturalizm kimi dəyərlərinin turistlər arasında təbliğ edilməsi Azərbaycan Turizm Bürosunun əsas fəaliyyət istiqamətlərindən biridir.

ATB UNESCO-nun mədəni və qeyri-maddi irsi siyahısında olan mədəni və tarixi abidələrin, təcrübələrin təbliğatı, eləcə də dayanıqlı və ekoloji turistik məhsulların hazırlanması istiqamətində çoxsaylı layihələr həyata keçirməkdədir.

Bunlar arasında Qafqaz dağlarında piyada turizm marşrutlarının işarələnməsi, “Slou Fud” konsepsiyası çərçivəsində orqanik məhsulların üzə çıxarılması, ornitoloji turizm (quşların müşahidəsi), həmçinin infrastruktur layihələri var.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts