Site icon AJMEDIA Azərbaycanca

Azərbaycanın Yaponiyadakı səfirinin Şika şəhərinə səfəri çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Tokio, 24 Sentyabr, /AJMEDIA/

Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin İşikava Prefekturasının Şika şəhərinə səfəri çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

AJMEDIA xəbər verir ki, Şika şəhərinin meri Masao Koizumi ilə görüşən səfir dəvətə görə minnətdarlığını bildirib. Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin “Host Town” proqramı çərçivəsində Şika şəhərində yaradılmış şəraitə görə şəhərin rəhbərliyinə minnətdarlığını çatdırıb. Bildirib ki, yarışlara hazırlaşmaq üçün yaradılan şərait, Şika şəhərindən olan azarkeşlərin güclü dəstəyi “Tokio 2020” Paralimpiya Oyunlarında idmançılarımızın yüksək nəticələr əldə etməsinə dəstək olub. Nəticədə 14 qızıl, 1 gümüş və 4 bürünc medal olmaqla ümumilikdə 19 medal qazanan Azərbaycan yığması “Tokio-2020” Yay Paralimpiya Oyunlarında tarix yazaraq 163 ölkə arasında 10-cu yeri tutub.

Səfir qeyd edib ki, bu qələbə Azərbaycanda paralimpiyanın inkişaf etdiyini, paralimpiyaçılarımızın da daim diqqət mərkəzində olduğunu təsdiq edir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın idmana və idmançılarımıza böyük diqqət yetirdiyini göstərir.

Görüşdə Azərbaycanın apardığı uğurlu xarici siyasət, ölkəmizin iqtisadi vəziyyəti, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş nailiyyətlər haqqında geniş məlumat verilib.

Azərbaycan – Yaponiya ikitərəfli münasibətlərinə toxunan səfir, iki ölkənin regionları arasında əməkdaşlığın münasibətlərimizin genişlənməsinə xüsusi töhfələr verdiyini vurğulayıb.

M.Koizumi səfərə və verilən məlumata görə G.İsmayılzadəyə minnətdarlığını bildirib. Qeyd edib ki, Şika şəhəri Azərbaycan atletlərinin hər bir çıxışını xüsusi maraqla izləyib və qazanılmış hər medal şəhər əhalisi tərəfindən böyük sevinclə qarşılanıb. Xüsusi ilə üçqat paralimpiya çempionu Roman Salahla görüşlərini xatırladan mer, idmançılara şəhər rəhbərliyinin və ictimaiyyətinin təbriklərini çatdırmağı xahiş edib.

Səfər çərçivəsində səfir G.İsmayılzadə idmançılarımıza dəstək göstərmiş Şika şəhərinin məktəbliləri ilə də görüşüb. Şagirdlərə Azərbaycan idmançılarına göstərdiyi mənəvi dəstəyə görə təşəkkürünü bildirərək, Azərbaycan Milli Paralimpiya yığmasının hədiyyələrini məktəb rəhbərliyinə təqdim edib. Həmçinin, səfir idmançılarımıza dəstək məqsədilə Şika azarkeşləri tərəfindən hazırlanan və Yaponiyanın “sports.nhk” telekanalı vasitəsilə yayılan videoçarxa görə də təşəkkürünü ifadə edib.

Şika şəhərində fəaliyyət göstərən “Minluck Co. Ltd” şirkətinin rəhbərliyi ilə görüşən G.İsmayılzadə bu şirkət tərəfindən Azərbaycan Milli Olimpiya və Paralimpiya yığmalarının şərəfinə Azərbaycan bayrağının təsviri ilə 10 mindən artıq tibbi maskaya görə də minnətdarlığını bildirib. Milli komandamıza hədiyyə kimi təqdim edilən maskalara görə şirkətin baş direktoru Hacime Maruokaya təşəkkürünü bildirən səfir, Azərbaycanda aparılan iqtisadi siyasət, sərmayə qoyuluşu üçün yaradılmış əlverişli şərait barədə də məlumat verib.

Azərbaycan səfirinin Şika şəhərinə səfəri yerli KİV-lər tərəfindən geniş işıqlandırılıb.

Exit mobile version