Azərbaycanın tam və qəti qələbəsinə aparan mühüm tarixi sənədin 4-cü ildönümüdür

Tokio, 10 noyabr, /AJMEDIA/

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Mühüm tarixi əhəmiyyətə malik olan bu sənədin imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. 2020-ci il sentyabrın 27-də Zəfər yürüşünə başlayan Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi tarixi qələbə ilə şanlı tariximizin ən şərəfli və parlaq səhifəsini yazdı. Azərbaycanın maraqlarına cavab verən Üçtərəfli Bəyanat faktiki olaraq Ermənistanın kapitulyasiyası deməkdir və bu sənəd böyük tarixi əhəmiyyət kəsb edir.
Vurğulamaq lazımdır ki, Azərbaycan Prezidentinin polad iradəsi, ordumuzun yenilməz gücü və xalqımızın sarsılmaz birliyi Ermənistanı özü üçün kapitulyasiya aktı olan bir sənədi imzalamağa məcbur etdi. Bütün dünya Azərbaycan xalqının qələbəsini gördü. Ölkəmizdə yaşayan bütün millətlərin, bütün dini konfessiyaların nümayəndələri düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər.

2020-ci il noyabrın 10-da imzalanan tarixli Üçtərəfli Bəyanat ilə ölkəmizin sonrakı bir çox mühüm siyasi, diplomatik və iqtisadi uğurlarının əsası qoyuldu. Bu uğurların sırasında Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökülmədən Azərbaycana qaytarılmasının əhəmiyyəti xüsusi qeyd edilməlidir. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri geri qaytardı. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı. Bütün bunlarla yanaşı, Üçtərəfli Bəyanatın imzalanmasının ən önəmli cəhətlərindən biri də Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökülmədən Azərbaycana qaytarılması ilə bağlı oldu. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızı qeyd-şərtsiz tərk etməkmbarədə cədvəli təqdim etməyə məcbur oldu. Artıq “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi də yoxdur, həmin əraziyə hər hansı bir statusun verilməsi də müzakirə mövzusu deyil. Artıq Qarabağın bütün rayonları, digər rayonlarımız kimi, Azərbaycanın tərkibində olan ayrılmaz ərazilərimizdir.
Xatırlatmaq lazımdır ki, cari ildə əvvəlcə “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması və sonra sentyabrda keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin tam və qəti şəkildə bərpa olundu. Üçtərəfli Bəyanatın imzalanması ilə əsası qoyulmuş Vətən müharibəsinin bitməsindən keçən üç il ərzində Ermənistan hələ də 10 noyabr Bəyanatının şərtlərinə əməl etməkdən yayınır, Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasətinə fərqli don geyindirməyə çalışırdı. Bu baxımdan 23 aprel 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması mühüm tarixi əhəmiyyət kəsb edən hadisə oldu. Məhz bu məntəqənin qurulması ilə Azərbaycanın dövlət sərhədlərinin bütövlüyü tam təmin olundu.
Bununla yanaşı, Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin hələ də mövcud olması regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi olaraq qalırdı. Bu səbəbdən də Azərbaycan ötən il sentyabrın 19-da lokal xarakterli antiterror əməliyyatı keçirmək məcburiyyətində qaldı. Cəmi 23 saat davam edən bu əməliyyat Azərbaycanın gücünü bir daha göstərdi və düşmən yenə də ağ bayraq qaldıraraq təslim oldu. Bununla da Azərbaycan bütün ölkə ərazisində tam və qəti suverenliyini bərpa etdi. 2023-cü il noyabrın 8-də Xankəndində keçirilən hərbi parad isə bütün dünyaya Azərbaycanın gücünü və Qarabağın bundan sonra ölkəmizin ayrılmaz tərkib hissəi olduğunu bir daha nümayiş etdiridi.

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts