Azərbaycanın antiterror əməliyyatı – dünya hərb tarixində bir ilk

Tokio, 19 sentyabr, /AJMEDIA/

Bir il əvvəl, sentyabrın 19-da Müdafiə Nazirliyi Qaradabğ ərazisində həmin vaxt hələ də yerləşməkdə davam edən erməni separatçı qüvvələr tərəfindən törədilmiş növbəti təxribat barədə məlumat yaydı – Qarabağda erməni təxribatı nəticəsində 9 hərbçimiz şəhid olmuşdu. Dünyanın müxtəlif yerlərində yaşan azərbaycanlıları sarsıdan bu kədərli xəbər, eyni zamnda, Qarabağda o zaman mövcud olan qanunsuz erməni hərbi və siyasi qruplaşmalarına qarşı həlledici əməliyyatın başlanmasına ciddi əsas yaratdı.

Bu qanlı hadisədən öncə də ermənilər Qarabağda, Azərbaycanla Ermənistanın şərti sərhədində müxtəlif təxribatlara əl atmış, lakin hər dəfə müzəffər Ordumuz ermənilərə qarşı cavab əməliyyatları keçirərək düşmənə layiqli cəza vermişdi. Amma 2020-ci ilin sentaybrından bəri aldıqları cəzalardan dərs götürməyən ermənilər öz separatçı, xəyanətkar əməllərindən əl çəkmək fikrində deyildilər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev dəfələrlə erməniləri əldə edilmiş razılaşmaları pozmamağa, məğlubiyyətləri ilə barışıb Azərbaycan Bayrağı altında, ölkəmizin mövcud qanunları ilə yaşamağı qəbul etməyə çağırmışdı. Əks təqdirdə isə “Dəmir yumruq yerindədir və əvvəlkindən də güclüdür” deyərək xəbərdar etmişdi. Təəssüf ki, ermənilər əməllərindən əl çəkmədilər. Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hadisəsi törətdilər.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qısa zaman ərzində, cəmi bir neçə saat sonra Qarabağda qanunsuz erməni qruplaşmalarına qarşı antiterror tədbirlərinin başlandığını elan etdi. 24 saatdan az davam edən bu əməliyyat ordumuzun möhtəşəm Qələbəsi ilə başa çatdı. Ağır məğlubiyyətlə üzləşən düşmən qüvvələri ağ bayraq qaldıraraq bütünlüklə təslim oldular və aman dilədilər. Antiterror tədbirlərində ordumuzun ələ keçirdiyi hərbi qənimətlərin statistikası düşmənin arsenalında çoxlu sayda silah-sursatın olduğunu göstərirdi. Ələ keçirilən silahların bəziləri Bakıdakı Hərbi Qənimətlər Parkının yeni eksponatlarına çevrildi. Antiterror tədbirləri nəticəsində Qarabağdakı xunta rejimi, bu rejimə rəhbərlik edən və xalqımıza qarşı hədə-qorxular səsləndirən, müharibə olacağı təqdirdə Bakıya qədər gələcəklərini deyən saxta “prezidentlər”, “nazirlər” və “generallar” bir-bir həbs edildi. Bu saxta “qəhrəmanların” qolları bağlı vəziyyətdə Bakıdakı həbsxana kameralarına salınması isə dünya informasiya agentliklərinin ən çox tirajladığı xəbərlərə çevrildi. İmperialist siyasətindən əl çəkməyən bəzi dövlətlərin, kökləri islamofob fəaliyyətlərə dayanan müxtəlif beynəlxalq qurumların dəstəkləndiyi həmin ermənilərin həbs edilməsi dövlətimizin iradəsinin, gücünün və prinsipiallığının növbəti göstəricisinə çevrildi.

Vurğulamaq yerinə düşər ki, 24 saatdan az müddətdə düşmənin tam məğlub edilməsi və minimum itkilərlə sona çatan bu əməliyyatı dünya hərb tarixinin mükəmməl nümunəsi hesab etmək lazımdır. Antiterror tədbirləri Azərbaycanın hərbi gücünün hərbi qüdrət səviyyəsinə qalxdığını, ölkəmizdə hərbi quruculuq işinin mükəmməl şəkildə davam etdirildiyini və xalqımızın qələbə əzminin sarsılmaz olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Antiterror tədbirləri ilə torpaqlarımızın uzun müddət işğal altında qalmasına son qoyuldu. Düzdür, buna qədər 44 günlük Vətən müharibəsində 30 ilədək işğal altında olan torpaqlarımızın böyük bir qismi azad olunmuşdu, lakin bu tarixi missiyanın tam yekunlaşması məhz antiterror tədbirləri ilə baş tutdu. Azərbaycan bu əməliyyatla öz ərazi bütövlüyünü və suverenliyini taçm və qəti şəkildə bərpa etdi.

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts