Tokio, 26 oktyabr , /AJMEDIA/
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
İnstitutdan AJMEDIA-ya bildirilib ki, tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli konfransın keçirilməsində başlıca məqsədin Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin XX əsrdə Azərbaycan elminin təşəkkülündəki rolunu qiymətləndirmək, araşdırmaçılar tərəfindən tədqiq olunmayan istiqamətlərini gündəmə gətirməklə yenidən tədqiqata cəlb etmək və çoxşaxəli fəaliyyətinin ictimaiyyətə təqdim edilməsi olduğunu bildirib. Qeyd edib ki, 1923-cü ilin noyabr ayında təsis edilmiş Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti Azərbaycan elminin təşkilatlanmasında və dövrün ziyalılarının bir qurum altında toplanması istiqamətində ölkəmizdə yaranmış ilk ali elmi təşkilatıdır.
Cəmiyyətin qısa müddət ərzində fəaliyyəti ilə öz dövrünü qabaqladığını, bütün elm sahələri üzrə təşkilatlandığını, Azərbaycanı, onun dilini, tarixini, folklorunu, adət-ənənələrini, təbiətini, geologiyasını öyrəndiyini deyən akademik İsa Həbibbəyli həmin dövr ərzində görülmüş işləri yüksək qiymətləndirib, atılmış bu addımların sonrakı illərdə akademiyanın yaranması üçün münbit zəmin formalaşdırdığını söyləyib.
AMEA prezidenti Cəmiyyətin yaranması ilə həm də elmi potensialın üzə çıxması və qorunması kimi mühüm bir vəzifəni yerinə yetirdiyini, Naxçıvan və digər rayonlarda bölmələrinin formalaşması ilə regionlarda da elmin inkişafına öz töhfəsini verdiyini bildirib. Vurğulayıb ki, AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun baş direktoru filologiya elmləri doktoru Fərman Xəlilov Cəmiyyətin Naxçıvandakı fəaliyyətini kitab halında çap etdirərək geniş ictimaiyyətə təqdim edib.
Akademik İsa Həbibbəyli çıxışının sonunda Cəmiyyətin 100 illiyinin akademiya və respublika səviyyəsində qeyd olunduğunu, bununla əlaqədar AMEA-nın Rəyasət Heyəti tərəfindən Tədbirlər planının təsdiqləndiyini diqqətə çatdırıb.
Tədbirdə filologiya elmləri doktoru, professor Asif Rüstəmli “Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində ədəbiyyat məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Onun sözlərinə görə, Cəmiyyətin təsis tarixi müxtəlif elmi araşdırmalarda 1923-cü il noyabr ayının 2-si göstərilsə də, yeni üzə çıxarılmış faktlar iddia olunan tarixdən fərqlidir: “Mövcud arxiv sənədlərinə əsasən qeyd etməliyik ki, həmin ilin oktyabr ayında təsis üçün Təşkilat komissiyası yaradılıb, “Kommunist” qəzetinin redaktoru Həbib Cəbiyev Komissiyanın sədri, V.A.Ryumin isə katibi seçilib. Təşkilat komissiyasının oktyabrın 26-da keçirilən iclasında Xalq Maarif Komissarının müavini Tağı Şahbazi və Baş peşə təhsili idarəsinin müdir müavini Əhməd Pepinov Komissiyaya üzv qəbul olunub, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin (öncədən 44 nəfərlik tərkibi nəzərdə tutulsa da) 29 nəfərlik təsisçilərinin ilk siyahısı təsdiqlənib. Həmin iclasda Cəmiyyətin müvəqqəti fəaliyyət göstərəcəyi ünvan və məkan da müəyyən edilib, yeni qurum indiki Əbdülkərim Əlizadə və Tərlan Əliyarbəyov küçələrinin kəsişdiyi tində yerləşən 5 saylı binada, mülki mühəndislərdən A.Kalgin və Q.Termikelovun layihəsi əsasında 1901-ci ildə tikilmiş, sovet dönəminə qədər “Tiflis Ticarət Bankı” kimi tanınan, Maarif Evində (sonralar bu bina Bilik Cəmiyyətinə də verilib) fəaliyyətə başlayıb.
Azərbaycan Dillər Universitetinin əməkdaşı, filologiya elmləri doktoru Həmidə Əliyeva isə “Azərbaycanda Tədqiq və Tətəbbö Cəmiyyətinin öyrənilmə tarixi” adlı məruzəsində 90-cı illərin ortalarından etibarən bu istiqamətdə tədqiqatlar apardığını, 1999-cu ildə monoqrafiya çap etdirdiyini söyləyib.
Tədbirdə, həmçinin Ədəbiyyat İnstitutunun əməkdaşları – filologiya elmləri doktorları Gülər Abdullabəyova, Yaşar Qasımbəyli, filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyeva və Ülkər Hüseynova çıxış edərək Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin hansı tarixi zərurətdən yarandığına və Azərbaycan elminin inkişafındakı xidmətlərinə toxunublar.