Tokio, 3 dekabr, /AJMEDIA/
Süni intellekt texnologiyalarının sürətli inkişafı son onilliklərdə dünya elminin və sənayesinin əsas istiqamətlərindən birinə çevrilib. Qlobal miqyasda olduğu kimi, Azərbaycanda da bu sahə üzrə aparılan tədqiqatlar elmin müxtəlif sahələrinə nüfuz edib, yeni elmi-nəzəri nəticələr və tətbiqi həllərin yaranmasına şərait yaradıb.
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev AJMEDIA-ya süni intellektlə bağlı ölkəmizdə aparılan elmi araşdırmalar haqqında məlumat verib.
Akademik qeyd edib ki, süni intellekt texnologiyaları son illərdə geniş aktuallıq qazanıb. Əvvəllər real, effektiv nailiyyətlərin olmaması səbəbindən bu texnologiyalara qlobal səviyyədə kifayət qədər diqqət ayrılmırdı. Lakin bu, süni intellekt sahəsində araşdırmaların aparılmadığı və ya bu sahədə inkişafın baş vermədiyi anlamına gəlməməlidir. Əksinə, süni intellekt texnologiyalarının elmi-nəzəri əsasları o səviyyədə inkişaf edib ki, artıq bu texnologiyalar insanların həyatına həm müsbət, həm də mənfi təsirlər göstərməyə başlayıb. Süni intellekt bəşər tarixində mövcud olan çox mürəkkəb problemlərin həllinə dəstək verir, tibb sahəsində və insanların sağlamlığı ilə bağlı məsələlərdə, həmçinin digər fəaliyyət sahələrində mühüm rol oynayır, əmək bazarında böyük dəyişikliklərə səbəb olur, yeni peşələr yaranır. Süni intellekt istər mikro, istərsə də makroaləmdə rast gəlinən problemlərin həllində yeni perspektivlər açır və insan fəaliyyətinə dəyərli töhfələr verir.
Təbii ki, 1960-cı illərin ortalarından etibarən dünya elminin bir hissəsi olaraq ölkəmizdə də həm elmi-tədqiqat institutları, həm də ali təhsil müəssisələrində süni intellektlə bağlı tədqiqatların aparılmasına başlanılıb. Azərbaycan alimləri süni intellekt texnologiyalarının əsasını təşkil edən neyron şəbəkələri, qeyri-səlis məntiq, maşın təlimi texnologiyaları və s. istiqamətlərdə fundamental və tətbiqi araşdırmalar aparıb, mühüm elmi-nəzəri nəticələr əldə ediblər.
R.Əliquliyev vurğulayıb ki, bu istiqamətdə araşdırmaların aparılmasında dünyaşöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, professor Lütfi Zadənin rolu çox böyük olub. Onun 1965-ci ildə Azərbaycana səfəri, alim və ziyalılarla görüşü ölkəmizdə süni intellektin elmi-nəzəri əsaslarının inkişafına təkan verib, onu stimullaşdırıb.
“1980-ci illərdən sonra süni intellekt texnologiyalarının Azərbaycanda neft-qaz və digər sahələrdə tətbiq edilməsinə başlanılıb və bu proses tədricən genişlənərək müxtəlif sektorlara nüfuz edib. 1990-cı illərdə qeyri-səlis biliklər bazası, ekspert sistemləri, qərar qəbuletmə, qeyri-səlis optimallaşdırma üsulları, tibdə intellektual informasiya sistemlərinin yaradılması və digər istiqamətlərdə tədqiqatlar aparılıb, mühüm nəticələr əldə olunub. 2000-ci illərdən etibarən təbii dilin emalı texnologiyalarının tətbiqi ilə mətnlərin intellektual analizi sahəsində əhəmiyyətli tədqiqatlara başlanılıb. Bu gün yeni süni intellekt metodları və texnologiyalarının işlənilməsi ölkəmizdə müvafiq elm və təhsil müəssisələrinin fəaliyyətinin prioritet elmi istiqamətlərindən biridir. Bu tədqiqat qurumlarında süni intellektin problemlərinə dair çoxaspektli araşdırmalar aparılır, fəlsəfə və elmlər doktorları, eləcə də müasir tələblərə cavab verən yüksəkixtisaslı kadrlar hazırlanır.
İnformasiya Texnologiyaları İnstitutu da bu prosesdə fəal iştirak edərək süni intellektin aktual problemlərini diqqət mərkəzində saxlayır. Kiberfiziki sistemlər, təbii dilin emalı, dərin təlim, ifrat böyük verilənlərin analitikası, intellektual, kibersuveren e-dövlətin formalaşdırılması, təhlükəsiz bulud texnologiyalarının yaradılması və s. prioritet istiqamətlər üzrə mühüm tədqiqatlar aparır”, – deyə alim bildirib.

