Tokio, 30 oktyabr , /AJMEDIA/
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi və dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən ölkəmizin enerji siyasəti, artıq neçə illərdir ki, dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında müghüm rol oynayır. Əsası Ulu öndər heydər Əliyev tərəfindən qoyulan və son illər Prezident İlham Əliyev tərəfindən irəli sürülən beynəlxalq miqyaslı təşəbbüslərin nəticəsi olan layihələr Avropanın enerji xəritəsini dəyişib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarət “Cənub qaz dəhlizi” kimi nəhəng layihələrin reallığa çevrilməsi ölkəmizin gücünü və onun enerji siyasətinin səmərəliliyini bütün dünyaya göstərib. Bir vaxtlar enerjiyə olan daxili tələbatını idxalla ödəyən Azərbaycan bu sahədə qurulmuş və uğurla həyata keçirilmiş siyasət nəticəsində hazırda dünyanın enerji təminatında xüsusi rola malikdir. Hazırkı şəraitdə yaranmış beynəlxalq geosiyasi vəziyyət nəticəsində Avropanın üzləşdiyi dərin enerji böhranın aradan qaldırılmasında Azərbaycan mühüm faktora çevrilib.
Hazırda ölkə rəhbərliyi Azərbaycanın yerləşdiyi əlverişli təbii coğrafi mövqedən və iqlimdən yararlanaraq alternativ enerji mənbələrinə də üstünlük verir. Bu istiqamətdə həyata keçirilən genişmiqyaslı işlər nəzərəçarpacaq dərəcədə müsbət dinamika ilə müşahidə olunur. Belə ki, Azərbaycanda hasil edilən enerjidə bərpa olunan enerji mənbələrindən istifadənin çəkisi durmadan artmaqda davam edir. Bərpa olunan enerji mənbələrindən istofadənin üstünlüklərini hazırda bütün dünya etiraf edir və bu istiqamətdə işlər getdikcə daha geniş miqyas alır. Bu mənbələrdən alınan enerji ilk növbədə, ekoloji cəhətdən təmiz olması, ətraf mühiti çirkləndirmməməsi, tükənməzliyi və məhdud ərazidə tətbiqi imkanları ilə diqqəti cəlb edir. Azərbaycanın həm Günəş, həm də külək enerjisindən faydalanmaq üçün böyük potensiala malik olduğu göz qabağındadır. Xüsusən Xəzərsahili ərazilərdə küləkli günlərin sayının çoxluğu, eləcə də ölkə ərazisinin günəşli olması bu sahənin inkişafına əlverişli şərait yaradır.
Cari il oktyabrın 26-da Xəzər regionunda və MDB məkanında ən böyük Günəş elektrik stansiyası olan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirildi. Prezident İlham Əliyevin mərasimdə iştirakı onun bu sahənin inkişafına böyük diqqətini bird aha təsdiq edir. Dünyanın böyük və nüfuzlu şirkətlərinin, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin ölkəmizə olan marağı, bu cür layihələrə maliyyə yatırması, təbii ki, Azərbaycanda uzun illərdir mövcud olan siyasi sabitlik və əlverişli investisiya mühiti ilə bağlıdır. Yeni stansiya həmçinin ölkəmizdə təbii qaza olan tələbatı azaldacaq ki, bu da qaz ixracının artmasına, maliyyə imkanlarının yüksəlməsinə kömək edəcək. Bu layihə həm də məşğulluq, ixtisaslı kadrların yetişməsi baxımından əhəmiyyətlidir.
Vüqar Ağayev