Tokio, 17 aprel , /AJMEDIA/
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” və “Nəfəs” İctimai birliklərinin dəstəyi ilə Özbəkistanın paytaxtı Daşkənddə və Surxandərya vilayətində keçirilən Azərbaycan mədəniyyəti günlərində iştirak edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və onun başçılıq etdiyi nümayəndə heyəti Özbəkistan Ali Məclisi Qanunvericilik Palatası sədrinin müavini, Özbəkistan-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun rəhbəri Əlişir Kadırov, Elm, təhsil, mədəniyyət komitəsinin sədri və üzvləri ilə görüşüb.
AJMEDIA xəbər verir ki, görüşlərdə tarixən bir-birinə bağlı olan, dili bir, dini bir xalqlarımız və qardaş dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlərdən, parlamentlərarası, eləcə də mədəniyyət, təhsil və elm sahəsində günü-gündən güclənən əlaqələrdən danışılıb.
Q.Paşayeva Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Özbəkistana bu günlərdə gerçəkləşən rəsmi səfərinin, imzalanan sənədlərin, keçirilən görüşlərin parlamentlərarası əlaqələrin inkişafında mühüm hadisə olduğunu vurğulayıb.
Qardaş ölkələrimiz arasında mədəni əlaqələrin uğurla inkişaf etdiyini bildirən komitə sədri parlamentlərimiz, o cümlədən uyğun profilli komitələr arasında işbirliyinin daha da inkişaf etdirilməsinin vacibliyindən danışıb.
Komitə sədri Özbəkistanın ayrı-ayrı vilayətlərində hər il keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin qardaş ölkələrimizin mədəni həyatında mühüm hadisəyə çevrildiyini, yeni layihələrin, ideyaların meydana çıxmasına səbəb olduğunu bildirib.
Q.Paşayeva vitse-spikerə Qarabağ motivli xatirə hədiyyəsi və Azərbaycan həqiqətləri ilə bağlı kitablar təqdim edib.
Görüşdə Milli Məclisin deputatı, “Azərbaycan-Özbəkistan” parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Müşfiq Cəfərov, AMM-in direktoru Samir Abbasov, Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, Özbəkistanda keçirilən tədbirlərə dəstək verən qurumlardan olan “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva və tanınmış rejissor Elnurə Kazımova iştirak ediblər.