Tokio, 2 fevral , /AJMEDIA/
Fevralın 1-də Milli Məclisin Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AJMEDIA-ya bildiriblər ki, işçi qrupunun rəhbəri Elnur Allahverdiyev ölkələr arasında əlaqələrin inkişafında parlamentlərarası münasibətlərin önəmi, hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsinin əhəmiyyəti, mütəmadi qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyi barədə danışıb. O, Azərbaycanın suverenliyini tam bərpa etdiyini, ölkəmizin davamlı sülh və sabitliyin tərəfdarı olduğunu və Ermənistana sülh müqaviləsinin imzalanması təklifini irəli sürdüyünü diqqətə çatdırıb.
Görüşdə iştirak edən işçi qrupun üzvləri Azər Kərimli, Soltan Məmmədov, Sevil Mikayılova, Pərvin Kərimzadə, Jalə Əhmədova və Nurlan Həsənov digər ölkələrin Ermənistanla Azərbaycan arasında sülhə və münasibətlərin normallaşmasına dəstək verməsinin vacibliyi, Qərbi azərbaycanlıların hüquqlarının bərpası, delimitasiya və demarkasiya prosesi barədə fikirlərini bölüşüblər.
Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ölkəsinin Ermənistanla Azərbaycan arasında gedən sülh prosesinin tərəfdarı olduğunu bildirib, iki ölkənin gələcəyə baxacaqlarına inamını ifadə edib.
Söhbət zamanı qonaq Çexiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən parlamentlərarası əlaqələrin inkişafına dair fikirlərini bildirib.
Sonra qonaqlara Qarabağın işğaldan əvvəl və sonrakı vəziyyəti, Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində törətdiyi vandallıqlar barədə slaydlar nümayiş etdirilib.