Azərbaycan Türk dünyasının inkişafına və güclənməsinə mühüm töhfələr verir

Tokio, 7 iyul , /AJMEDIA/

Müasir dünyada güc amilinin getdikcə əsas göstərici kimi tanınması Türk dövlətləri arasında olan dostluq və qardaşlıq əlaqələrinin inkişafının və daha da gücləndirilməsinin vacibliyini mühüm şərt kimi önə çəkir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, ölkəmizin xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri də məhz bu məqsədə xidmət edir.

Bu baxımdan iyulun 6-da Şuşada keçirilmiş Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü də Türk dünyasının inkişafı və daha da güclənməsi istiqamətində atılmış növbəti mühüm addım kimi yüksək qiymətləndirilir. Türk dünyasının birləşməsi bütün türkdilli xalqların gələcəyi üçün son dərəcə mühüm əhəmiyyətə malikdir. Hazırda Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr bu istiqamətdə böyük səylər göstərirlər. Azərbaycanın üzv olduğu bütün digər beynəlxalq təşkilatlarla yanaşı, Türk Dövlətləri Təşkilatında mühüm təşəbbüslərlə çıxış etməsi bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Şuşada keçirilən qeyri-rəsmi Sammit də məhz bu təşəbbüslərdən biri kimi diqqətəlayiqdir.

Zirvə görüşündə çıxış edənPrezident İlham Əliyev Azərbaycanın həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə ciddi səylər göstərdiyini diqqət mərkəzinə çəkərək qeyd etdi ki, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturunun nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli olmadığını qeyd etməsi və buna görə də Azərbaycanın bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürdüyünü bildirməsi xüsisi əhəmiyyətə malikdir.

Təbii ki, Zirvə görüşünün Şuşada keçirilməsi böyük rəmzi məna daşıyır. Şuşa şəhəri uzun illər həm Azərbaycanın, həm də regionun mədəni və ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. Prezident ilham Əliyevin çıxışında qeyd olunduğu kimi, 2023-cü il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən bu Zirvə görüşü rəmzi məna daşıyır. 2020-ci il noyabrın 8-də məhz Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuş və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatmışdır.

2021-ci ildən başlayaraq noyabrın 8-i hər il Azərbaycanda Zəfər Günü kimi qeyd edilir. Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı Sərəncama əsasən Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan edilimişdi. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur. Azərbaycan və Türkiyənin rəsmi müttəfiqliyinin əsasını qoyan Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz Şuşada imzalanmışdır. Bu gün artıq 4 ilə yaxındır ki, Şuşa işğaldan azad edilib və orada sürətlə bərpa və quruculuq işləri aparılır. Qarabağda və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramı icra olunur, bu torpaqlara həyat yenidən qayıdır. Ötən dövr ərzində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər edərək burada aparılan bərpa və quruculuq işləri ilə şəxsən tanış olmuş, qardaş ölkələrinin bu böyük işə töhfələrini vermişlər. Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentləri Ağdama və Füzuliyə səfər etmişlər. Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin əsil nümunəsidir. Məhz bu qardaşlıq nəticəsində Azərbaycan işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa və quruculuq işlərini yekunlaşdırmağı, “Böyük Qayıdış” proqramını həya keçirməyi hədəfləyir.

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts