Tokio, 24 fevral, /AJMEDIA/
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında üçüncü dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib.
AJMEDIA Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, ölkə çempionatının doqquzuncu turunun matçları fevralın 25-də, səkkizinci turun təxirə salınan oyunları isə martın 1-də təşkil olunacaq.
Fevralın 25-də əvvəlcə meydana “Murov” və “Abşeron” komandaları çıxacaqlar. Oyun saat 16:00-da başlayacaq. Bu qarşılaşmadan 2 saat sonra UNEC – “ Azərreyl” duelinə start veriləcək.
Martın 1-də keçiriləcək səkkizinci turun təxirə salınan oyunlarından sonra üçüncü dövrəyə yekun vurulacaq. Turun ilk qarşılaşması saat 16:00-da “Azərreyl” –“Abşeron” komandaları arasında olacaq. Dövrəyə UNEC – “Murov” görüşü ilə yekun vurulacaq. Oyunun start fiti saat 18:00-da veriləcək.
Hər iki turun görüşləri Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.
Qeyd edək ki, karantin qaydalarına uyğun olaraq oyunlara azarkeşlər buraxılmayacaq.