Tokio, 11 aprel , /AJMEDIA/
Azərbaycan “Həmrəylik halqası” vasitəsilə Balkanlara əlavə 5 milyard kubmetr qaz göndərmək niyyətindədir.
AJMEDIA xəbər verir ki, bu barədə maye təbii qaz (MTQ) üzrə Budapeşt sammitində Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.
Onun sözlərinə görə, Azərbaycan Avropaya qaz ixracını əvvəlki göstərici ilə müqayisədə, 2026-cı ilədək təqribən 17 faiz artırmaq niyyətindədir.
“Hazırda [istehsal və ixrac imkanlarını genişləndiririk və bunun nəticələri 2026-cı ilədək hazır olmalıdır, belə ki, İtaliya, Yunanıstan və Bolqarıstana tədarüklərimizi daha da artıracağıq”, – SOCAR-ın vitse-prezidentinin müavini bildirib.
Onun sözlərinə görə, ölkə Cənub-Şərqi Avropa ölkələrinə ötənilki 12 milyard kubmetrlə müqayisədə iki ildən sonra təqribən 14 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.
O, bu artımın hasilatı artırmaq və Cənub Qaz Dəhlizini təşkil edən üç tranzit boru kəmərinin imkanlarını genişləndirmək hesabına baş verəcəyini əlavə edib.
“Lakin Avropaya Azərbaycan qazının tədarükünün daha da artması bir çox cəhətdən regionun ehtiyaclarından və yeni infrastruktura investisiya qoymağa hazırlığından asılı olacaq. Misal üçün, biz “Həmrəylik halqası” vasitəsilə Balkan ölkələrinə əlavə olaraq 5 milyard kubmetr qaz göndərmək niyyətindəyik. Analoji həcmlər Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya, Yunanıstan və onların qonşularına tədarük olunacaq.
Bu, bizim istehsal və tədarük edə bildiyimizdir. Bütün bunların eyni anda və ya eyni ildə baş verəcəyini deyə bilmərəm – hər şey infrastrukturun və bizim “Upstream” sektorumuzun nə zaman hazır olacağından asılıdır”, – deyə V. Bəylərbəyov qeyd edib.
O, müəyyən layihələrin SOCAR-dan deyil, avropalı müştərilərdən asılı olduğunu vurğulayıb.
“Avropada qərarları avropalılar qəbul etməlidir. Biz tədarüklərin artırılmasında maraqlıyıq, lakin infrastrukturun olması son dərəcə vacibdir”, – deyən SOCAR vitse-prezidentinin müavini Avropanın qarşıda uzun illər ərzində Azərbaycanın əsas bazarı olaraq qalacağını əlavə edib.
Qeyd edək ki, Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükünü 31 dekabr 2020-ci ildə başladıb. TAP dəhlizinin ilkin buraxılış gücü 10 milyard kubmetr qaz təşkil edir. 2022-ci ilin iyul ayında Azərbaycan və Aİ Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin 2027-ci ilədək 20 milyard kubmetrədək artırılmasını nəzərdə tutan Anlaşma Memorandumu imzalayıblar.