Site icon AJMEDIA Azərbaycanca

Ayaz Bayramov: Məqsədimiz Azərbaycanın orqanik məhsularını dünya bazarlarına daha geniş ixrac etməkdir

Tokio, 10 mart, /AJMEDIA/

Azərbaycanda qeyri-ənənəvi bitki növlərinin yetişdirilməsi ilə məşğul olan İsveçrənin “iCsquared GmbH” şirkətinin İcraçı direktoru Ayaz Bayramovla həmin orqanik qida məhsullarının dünya bazarına çıxarılmasının perspektivləri barədə ətraflı müsahibəni öxucularımıza təqdim edirik.

– Ayaz müəllim, qulançar və yerfındığı kimi qeyri-ənənəvi bitkilərin Azərbaycanda yetişdirilməsi ideyası necə yarandı? Bu layihənin rəsmi statusu barədə nə deyə bilərsiniz?

-Bu “uzun marafon”un başlanğıcını 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumu (Davos, İsveçrə) çərçivəsində keçirilmiş “Strateji Baxış: Avrasiya” interaktiv sessiyasında səsləndirdiyi fikirlər, həmçinin, növbəti il Dünya iqtisadi Forumu çərçivəsində İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurerlə keçirdiyi ikitərəfli görüşdə İsveçrənin biznes nümayəndələri üçün Azərbaycanda yeni prioritet, xüsusilə aqrobiznes sahələrinə yeni imkanların açılmasının motivasiyası ilə başlayıb.

Qeyd edim ki, “ABAK-WASSERSTEIN İsveçrə-Azərbaycan Plantasiyaları və Emal Müəssisələri” layihələri təsadüfi bir kommersiya addımı deyil, İsveçrənin “iCsquared GmbH” şirkəti 2019-cu ildə Azərbaycanda regional filialını açdığı gündən etibarən ölkədə idxalı əvəz edəcək sahələrin inkişaf etdirilməsini qarşısına məqsəd qoyub.

Bizim fəaliyyətimiz Azərbaycan və İsveçrə hökumətləri arasındakı yüksək səviyyəli iqtisadi əməkdaşlığın birbaşa nəticəsidir. Belə ki, 2022-ci il dekabrın 13-də Bakıda keçirilmiş İsveçrə-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın 9-cu İclasının yekun protokolunda İsveçrənin “iCsquared GmbH” şirkətinə xüsusi tövsiyyə verilib. Bu tövsiyyə işğaldan azad olunmuş ərazilərdə, Şərqi Zəngəzurda və Qarabağda qeyri-ənənəvi bitkiçiliyin inkişafını, həmçinin bu regionlarda aqrar klasterlərin yaradılmasını hədəfləyir.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə dövlət ehtiyat fond torpaqlarının ayrılması və kompleks inzibati dəstək, həmçinin Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun qeyri-ənənəvi birkiçilik sahələrinin gələcəkdə subsidiya proqramlarına daxil edilməsi vədi layihələrimizin dövlət tərəfindən strateji əhəmiyyət kəsb etdiyini göstərir.

Bildirim ki, Azərbaycandakı fəaliyyətmiz AZPROMO vasitəsilə daim koordinasiyalı formada həyata keçirilir, İqtisadiyyat Nazirliyinin bütün strukturları daim bizə dəstək göstərir. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun ötən ilin mayında Ağstafadakı qulançar plantasiyamıza baş çəkməsi və müzakirələr aparması bir daha dövlətin bu sahənin inkişafına dəstək verməsinin real təzahürüdür.

Bizim məqsədimiz plantasiyadan emala qədər uzanan vertikal kənd təsərrüfatı modeli ilə həm daxili bazarda idxalı əvəzləmək, həm də dünya bazarlarına yüksək əlavə dəyərli və orqanik “Made in Azerbaijan” məhsulları ixrac etməkdir.

– Layihənin coğrafi miqyası və gələcək istehsal hədəfləriniz barədə məlumat verə bilərsiz?

– Hazırda layihələrimiz dördüncü ilindədir və mərkəz bazamız Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yerləşir. Lakin strateji genişlənmə planımız bütün ölkəni əhatə edir.

Belə ki, qulançar plantasiyalarımızı 2030-cu ilə qədər 200 hektara çatdırmağı planlaşdırırıq. Bunun 150 hektarı birbaşa şirkətimiz, 50 hektarı isə yerli tərəfdaş fermerlər tərəfindən idarə olunacaq. Həmçinin istixanada 20 hektara qədər qulançar əkini planlaşdırırıq.

Yerfındığına gəlincə isə bu plantasiyalar üçün toplam 4,000 hektar ərazini əhatə edəcək böyük komplekslər qurulmasını hədəfləyirik. Bunun 1,000 hektarı Qarabağ, 1,000 hektarı Şərqi Zəngəzur, 500 hektarı Naxçıvan, 500 hektarı Ağstafa, digər 1,000 hektar isə hərəsində 100-200 hektar olmaqla 5-10 rayonda yerləşdiriləcək. Yerfındığı emal müəssisəsini isə İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənayə Parkında qurulması planlaşdırırıq. Bu zona təsadüfi seçilməmişdir – bu ərazi avtonəqliyyat və dəmiryol qovşaqlarında yerləşir və gələcəkdə işə düşəcək Zəngəzur dəhlizinin üzərindədir.

Emal müəssisəni İsveçrənin “Bühler Group”unun avadalıqlarından istifadə edərək Avropa standartlarına uyğun qurmağı planlaşdırırıq. Eyni zamanda, gələcəkdə LOPAFA (yerli tərəfdaş fermer) proqramı çərçivəsində yerli tərəfdaş fermerlərdən toplayacağımız yerfındığı da ixrac üçün bu müəssisədə emal ediləcəkdir.

Yerli fermerlərlə iş əsasında yerfındığı plantasiyalarının miqyasını və coğrafiyasını genişləndirmək istəyirik.

Azərbaycandakı layihələrimiz uğurlu olacağı təqdirdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə plantasiyalar yaradaraq əldə edilən məhsulların Azərbaycandakı emal müəssisələrimizə çatdırlmasını da hədəfləyirik. Bu məqsədlə hazırda Özbəkistan və Qırğızıstandakı iqlim və bitkiçilik imkanlarının ilkin araşdırmasını aparırıq.

Qeyd edim ki, bu layihələr vasitəsilə LOPAFA və xüsusilə qadınların məşğulluğuna yönəlmiş LOPAWFA (yerli tərəfdaş qadın fermer) proqramları vasitəsilə yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisləri hazırlamağı və ölkədə fermerçilik ənənəsinin formalaşmasına tövhə verməyi planlaşdırırıq.

Qulançarla əlaqədar Ağstafada İpək Yolu üzərində inşa ediləcək ilk ixtisaslaşmış zavodumuz ilkin mərhələdə 300 ton, perspektivdə isə 1,000 ton emal gücünə malik olacaq. Bu mərkəz gələcəkdə qonşu Gürcüstanda becərəcəyimiz qulançarı idxal edərək həmin məhsulun emal mərkəzi funksiyasını da yerinə yetirəcək.

Bildirək ki, Azərbaycandakı layihələrimizi yerli filialımız (“iCsquared GmbH Azerbaijan”) və yerli şirkətimiz ABAK AGRO Alliance MMC vasitəsilə həyata keçiririk.

– Azərbaycan məhsullarının beynəlxalq bazarlarda, xüsusilə də uzaq bazarlarda rəqabət şansı nə qədərdir?

– Bizim logistik strategiyamız “Trump Route for International Peace and Prosperity” (TRIPP), yəni Zəngəzur dəhlizi üzərində qurulub. 2028-ci ilin sonuna qədər tam fəaliyyətə keçməsi gözlənilən bu dəhliz plantasiyalarımızdan əldə edilən məhsulun Naxçıvan vasitəsilə birbaşa Türkiyənin Mersin limanına və oradan dünya bazarlarına çıxışını təmin edəcək. Qulançar kimi tez xarab olan məhsul üçün sürət əsas məsələdir. Bu dəhlizin bizə qazandıracağı saatlar hesabına məhsulun rəf ömrünü uzadacaq və MDB və Körfəz ölkələrində (GCC) Peru və Meksika kimi uzaq məsafəli ixracatçıları həm qiymət, həm də təravət baxımından üstələmək imkanı əldə edəcəyik.

Nəzərə alsaq ki, Azərbaycan MDB-nin üzvüdür və bu birliyin ölkələri arasında rüsumsuz ticarət imkanları var, bizim məhsullarımız Rusiya, Belarus və MDB-nin digər üzv ölkələrinin bazarları üçün qiymət və çatdırlma baxımından çox rəqabətqabiliyyətlidir.

Hazırda, Azərbaycanla yanaşı, Rusiya, Belarus, Qətər və BƏƏ-nin bir sıra pərakəndə satış zəncirləri və qənnadı zavodları ilə ilkin müqavilələr imzalanıb.

Azərbaycanın bu məhsulların ixracı üzrə tədricən MDB və Yaxın Şərq regionları üçün mərkəzə çevrilməsi bizim əmtəəni qiymət və çatdırılma baxımından çox cazibədər edir.

– Bəs Yaponiya istehlakçısı üçün Azərbaycan qulançarı və yerfındığı hansı cəlbedici xüsusiyyətlərə malikdir?

– Yaponiya bazarı dünyada keyfiyyət və qida təhlükəsizliyinin standartlarının ən yüksək olduğu bazarlardan biridir.

Yaponiya hər il orta hesabla 40,000 – 45,000 ton yerfındığı idxal edir. Bu rəqəmə həm xam (qabıqlı və qabıqsız), həm də emal olunmuş (qovurulmuş, konservləşdirilmiş və ya yerfındığı yağı) məhsullar daxildir. Ümumi istehlak isə illik təxminən 110,000 – 125,000 ton civarındadır ki, bunun 60 faizdən çoxu daxili istehsal, qalanı isə idxal tərəfindən qarşılanır.

Yaponiya idxal etdiyi yerfındığının təxminən 90-96 faizini Çindən alır. Xüsusilə emal olunmuş və qovurulmuş yerfındığı bazarında Çin mütləq üstünlüyə malikdir.

ABŞ ikinci əsas tərəfdaşdır. ABŞ-dan gələn məhsullar daha yüksək qiymət seqmentinə aiddir və əsasən yüksək keyfiyyətli yerfındığı yağı və xüsusi qəlyanaltıların istehsalı üçün nəzərdə tutulur.

Avstraliya son illərdə Yaponiyanın premium yerfındığı bazarında payını artıran ölkələrdən biridir.

Argentina, Cənubi Afrika, Hindistan və bəzi Cənub-Şərqi Asiya ölkələri daha kiçik həcmlərdə tədarük həyata keçirirlər.

Son illərin statistik məlumatlarına əsasən, Yaponiya hər il təxminən 12,000 – 15,000 ton civarında təzə qulançar idxal edir. İdxalın dəyəri isə bazar qiymətlərindən asılı olaraq təxminən 40-60 milyon ABŞ dolları arasında dəyişir.

Yaponiya ilboyu qulançar tədarükünü təmin etmək üçün həm Şimal, həm də Cənub yarımkürəsindəki ölkələrlə ticarət edir.

Yaponiyada yerli qulançar mövsümü əsasən yaz və yay aylarında (aprel-iyun) olur. Digər aylarda isə bazar idxalın öhdəsinə qalır: yanvar – mart: Meksika (dominantdır), sentyabr – dekabr: Avstraliya və Peru.

Yaponiya istehlakçıları daha çox yaşıl qulançara üstünlük verirlər, lakin son illərdə restoran sektorunda ağ qulançara olan tələbat da artmaqdadır. Yaponiya bazarı üçün məhsulun diametri və rənginin birtonlu olması ən mühüm seçim meyarlarıdır.

Bizim məhsulumuz bu bazara üç əsas dəyər təklif edir:

İsveçrə dəqiqliyi istehsal prosesimiz İsveçrənin “iCsquared GmbH” şirkətinin texnoloji nəzarəti altındadır, bu da məhsulun standartlara tam uyğunluğuna zəmanət verir.

Sort müxtəlifliyi: Biz Yaponiyada da sevilən yaşıl qulançar “Apollo F1”, “Atlas F1”, “Grande F1”, “UC 157 F1”, “Purple Passion F1” və “Mary Washington” kimi dözümlü və yüksək keyfiyyətli sortlardan istifadə edirik. Bildirək ki, bu toxumlar qulançar toxumçuluğu sahəsində 60 ildir ABŞ-da fəaliyyət göstərən “Walker Brothers Inc.” şirkətindən alınıb Azərbaycan Aqrar Xidmətlər Agentliyində rəsmi qyediyyata aklndlqdan sonra LOPAFA proqramı çərçivəsində Kürdəmir rayonunda yerli tərəfdaş fermerin plantasiyasında əkilmiş (2023) və 2025-ci ildə isə Ağstafa rayonnunun Dağ Kəsəmən kəndindəki plantasiyamıza transplantasiya olunmuşdur. Transplantasiya prosesi yerli və xarici mətuat orqanlarında geniş işıqlandırılmışdır.

Müalicəvi və tarixi köklər: Azərbaycanın 9 fərqli iqlim zonası bu bitkilərə unikal dad profili bəxş edir. Azərbaycan xalqının əsrlər boyu yabanı qulançarı pəhriz qidası və müalicəvi vasitə kimi istifadə etməsi bizim məhsulumuzun orqanikliyinin ən böyük sübutudur.

Yaponiyanın texnoloji tərəfdaşları ilə logistika və qablaşdırma sahəsində əməkdaşlıq etmək, Azərbaycanın “Yaşıl Qızıl”ını Tokyo süfrələrinə çatdırmaq strateji marağımızdır.

– Siyahıya yeni bitkilərin daxil edilməsi və ya başqa yeniliklər gözlənilirmi?

– Bəli, hədəfimiz genişdir – biz Azərbaycanda “Yaşıl Qızıl” sektorunun inkişaf etməsinə genişmiqyaslı tövhə vermək istəyirik.

Azərbaycanı yerfındığı idxal edən ölkədən, beynəlxalq standartlara cavab verən yerfındığı ixracatçısına çevirmək istiqamətində ciddi addımlar atırıq.

Biz sadəcə bitki yetişdirmirik, yeni bir aqrar sənaye ekosistemi qururuq. FAO, IFAD və GIZ kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək xarici mütəxəssisləri ölkəmizə cəlb etməyi planlaşdırırıq. Azərbaycanın münbit torpaqları və İsveçrə dəqiqliyi ilə biz regional qulançar və yerfındığı mərkəzinə çevrilməkdə qərarlıyıq.

Bu layihələrimizlə yanaşı digər qeyri-ənənəvi sahələrin, xüsusilə brokkoli, zəncəfir, gül kələmi, enginar, ispanaq və digərlərini də sınaqdan keçirməyi planlaşdırırıq.

Ötən mövsümdə artıq LOPAFA proqramı çərçivəsində Bərdə rayonunda brokkoli bitkisini sınaqdan keçirmişik.

Regional bazarlarda məhsul çatışmazlığı və qıtlığı, xüsusilə İranda baş verən hadisələrin fonunda gül kələmi və ispanaq boşluğundan faydalanaraq bu sahələrə də prioritet yanaşmanı düşünürük. Azərbaycanın 9 iqlim qovşağı və münbit torpaqları bu qeyri-ənənəvi bitkiçilik sahələrinin də inkişafına təbii zəmin yaradır.

Həmçinin, Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üzrə strategiyasından çıxış edərək ABŞ-ın “Copernicus LLC” şirkəti ilə “supereywa” konsorsiumu vasitəsilə süni intellektin tətbiqi ilə “rəqəmsal aqronom” layihəsini həyata keçirməklə ölkədə qeyri-ənənəvi bitkiçilik sahəsində yüksək məhsuldarlığa nail olunması, LOPAFA proqramı çərçivəsində yerli fermerlərə əlçatan aqronomik bilgilərin ötürülməsini təmin etmək, həmçinin Qarabağ Universitetində yerli toxumların inkişaf etdirilməsi üçün laborotoriyanın, həmçinin Kənd Təsərrüfatı Nazirliyi ilə birgə toxumçuluq sahələrinin inkişaf etdiririlməsi vasitəsilə yerli fermerlərin toxumlara əlçatanlığına nail olmaq istəyirik.

Sonda Yaponiyada yerfındığı sahəsində əsas idxal şirkətləri hesab olunan Mitsubishi Corporation, Mitsui & Co. (və Mitsui & Co. Retail Trading), Itochu Corporation, Toyota Tsusho Foods Corporation, Shinyei Kaisha, ANA Foods Co., Ltd., Arimahokodo Co., Ltd., Deyoshi Honten, həmçinin əsas qulançar idxalatçıları olan M.V.M. Shoji Co., Ltd., ASC Co., Ltd. (Veggie Maria brendi), Watari Co., Ltd., Tominaga Boeki Kaisha, Mitsubishi Corporation (Agri-business Division), Itochu Corporation, Sumitomo Corporation, Tokyo Seika Co., Ltd., ZEN-NOH (National Federation of Agricultural Cooperative Associations) və digər nüfuzlu şirkərlərlə əməkdaşlıq etməkdə maraqlı olduğumuzu bildirir və bu şirkətləri “uzun yaşıl mafaron”da bizimlə əməkdaşlığa dəvət edirik.

Yaponiya təcrübəsi və yapon bazarı bizim üçün əlahiddə vacib və əhəmiyyətlidir – biz bu təcrübədən faydalanmaq istəyirik.

– Maraqlı müsahibə üçün çox sağ olun.

Material hazırlanarkən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi fotodan istifadə edilib.

Exit mobile version