Tokio, 11 iyun, /AJMEDIA/
İsveçrənin “iCsquared GmbH” şirkətinin İcraçı direktoru, “WASSERSTEIN Swiss-American-British-Azerbaijani Allianz”-ın rəhbəri Ayaz Bayramovla müsahibəni oxucularımıza təqdim edirik.
– Hörmətli Ayaz müəllim, bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə ölkədə kənd təsərrüfatının müasir durumu və gələcək inkişaf perspektivlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Bu sahədə beynəlxalq miqyasda tanınan bir mütəxəssis və investor kimi, həmin müşavirənin əhəmiyyəti və sahənin gələcək inkişafına verəcəyi töhfələr barədə nə deyə bilərsiniz?
– Cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən bu müşavirə Azərbaycanın aqrar sektorunda yeni bir eranın – “Yüksək Məhsuldarlıqlı və Sənaye Əsaslı Aqrar İnkişaf” mərhələsinin strateji yol xəritəsidir. Biz beynəlxalq mətbuatda – istər Freshplaza, istərsə də qlobal qulançar sənayesinin əsas yayımı olan Asparagus & Berries World nəşrində hər zaman vurğulayırıq ki, Azərbaycan özünün 9 fərqli iqlim zonası ilə unikal bioloji, həmçinin də Şərqlə-Qərbin, Cənubla-Şimalın mərkəzində yerləşməsi ilə əlahiddə üstünlüklərinə malikdir. Bu iki faktor Azərbaycanın mütləq təbii üstünlüyüdür. Biz bu üstünlükləri “yaşıl qızıla” çevirməliyik.
Dövlət başçısının bu müşavirədə qoyduğu hədəflər bizim kimi xarici aqro-texnoloji tərəfdaşları və investorlar üçün çox mühüm bir çağırışdır, bu çağırışı cənab Prezident də müşavirədə səsləndirdi ki, özəl sektor da aqrar sektorun inkişafına öz tövhəsini verməlidir. Müşavirənin əsas əhəmiyyəti ondan ibarətdir ki, artıq kənd təsərrüfatı yalnız torpaq şumlamaq və məhsul toplamaq zənciri deyil; o, elmtutumlu, süni intellektə əsaslanan və birbaşa yüksək xalis mənfəət gətirən qeyri-neft sənayesi kimi yenidən formalaşdırılır. Bu müşavirə regional aqrar layihələrin sənayeləşməsinə çox güclü institusional təkan verəcəkdir. Bu müşavirə bird aha onu isbat etdi ki, tarladan emala və emaldan ixraca orqanik zənciri qurularsa Azərbaycan öz aqrar ekosistemi ilə 100 milyon nəfərlik bazarlara xidmət göstərə bilər. Biz Azərbaycanı Qafqazın Argentinasına çevrilə bilərik məhs aqrar emal və ixrac modelində.
– Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafında kənd təsərrüfatı xüsusi əhəmiyyət daşıyan sahələrdən biridir. Fikrinizcə, Azərbaycanda son illər bu sahədə atılan addımlar, həyata keçirilən dövlət proqramları, fermerlərə göstərilən dəstək və regionların inkişafına yönəlmiş layihələr aqrar sektorun inkişafını təmin edə bilibmi?
– Son illər ərzində çox ciddi və dayanıqlı bir təməl qoyulub. İqtisadiyyat Nazirliyi, AZPROMO və Kənd Təsərrüfatı Nazirliyinin birgə koordinasiyası sayəsində beynəlxalq standartlara cavab verən aqrar ekosistem formalaşmaqdadır. Biz beynəlxalq WASSERSTEIN Allianz olaraq bu dəstəyi real tətbiqdə görmüşük. Məsələn, İqtisadiyyat Naziri cənab Mikayil Cabbarov hələ 2022-ci ildə İsveçrə-Azərbaycan Birgə İqtisadi Komissiyasının 9-cu iclasından bəri inzibati maneələrin aradan qaldırılmasında və torpaq sahələrinin səmərəli ayrılmasında bizə böyük institusional dəstək göstərib. Kənd Təsərrüfatı Naziri cənab Məcnun Məmmədov və Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı cənab Seymur Orucov şəxsən Ağstafadakı (Dağ Kəsəmən Kəndi) qulançar plantasiyalarımıza səfər edərək bu innovativ sahəni yaxından izləyib və bizə daim dəstək veriblər.
Dövlət proqramları kəmiyyət və infrastruktur təməlini təmin edib. Lakin bu gün qlobal aqrar sənayenin tələbləri dəyişir. İndi biz bu atılan addımları emal sənayesi və yüksək texnoloji istehsalla birləşdirərək növbəti – “keyfiyyət və qlobal rəqabət” zənciri mərhələsinə keçməliyik.
– Azərbaycan Prezidenti çıxışında qeyd edib ki, kənd təsərrüfatının inkişafı həm ərzaq təhlükəsizliyinin təmin olunması, həm də bölgələrdə məşğulluğun artırılması baxımından mühüm rol oynayır. Bu kontekstdə, ölkədə idxalı əvəz edən və yüksək gəlir gətirən qeyri-ənənəvi bitki növlərinin yetiştirilməsinin real vəziyyəti və potensialı barədə nə deyə bilərsiniz?
– Cənab Prezidentin toxunduğu məşğulluq və ərzaq təhlükəsizliyi məsələsinin həlli tam olaraq qeyri-ənənəvi bitkiçiliyin və müasir aqro-emal sənayesinin inkişafından keçir. Azərbaycan daxili bazarda hələ də bir çox məhsullarda (məsələn, yerfındığı, qulançar və s.) xarici idxaldan (Peru, İspaniya, BƏƏ) asılıdır. Bizim məqsədimiz ölkəni idxal edən tərəfdən ixracatçı nəhəngə çevirməklə bu böyük aqro-eko sistemi qurmaqdır. Real vəziyyət və gəldiyimiz nəticələr artıq göz qabağındadır. 2025-ci ilin sentyabrında biz “Tarladan Rəflərə” pilot layihəsi çərçivəsində ölkə fermerçilik yolu ilə tarixində ilk dəfə yerli, təzə yaşıl qulançar məhsulunu yerli rəflərə çıxardıq və sübut etdik ki, yerli istehsal uzun məsafəli idxalı tamamilə sıradan çıxara bilər. Cari ilin nəticələri göstərir ki, qulançar artıq real sənaye effekti verir, sahələr yetkinləşir. Və bizim bu uğrulu nəticəmizdən ruhlanan Azərbaycanın bəzi nəhəng aqro-kompleksləri də bu prosesə qoşulmaq istəyirlər və bu da Azərbaycanın ixrac potensialının ən qısa zamanda akselerasiyasına gətirib çıxaracaq.
Daxili bazarı doyuzdurmaqla yanaşı, regionlarda yüksək ixtisaslı “farmership” (fermerlik) mədəniyyəti qururuq. İnanırıq ki, Ağstafada konseptual mərhələdə olan ABAK-Wasserstein Təlim və İnkişaf Mərkəzimiz və İslam İnkişaf Bankı (IsDB) ilə birgə tərəfdaşlığımız regional miqyasda qadın işçilərin və qadın fermerlərin innovativ aqrar əməliyyatlara cəlb olunmasını təmin edəcəkdir. Qeyri-ənənəvi bitkiçilik ənənəvi bitkilərlə müqayisədə hektardan 50%-dən 300%-ə qədər daha yüksək xalis mənfəət marjası təklif edir ki, bu da regionlarda kütləvi məşğulluq üçün real çıxış yoludur. Xüsusilə qadınların aqrara layihələrə cəlb olunması regionlardakı işsizlik boşluğunu əhəmiyyətli dərəcədə dolduracaqdır.
– Müşavirədə suvarma sistemlərinin yenilənməsi, torpaqların münbitliyinin qorunması və müasir texnologiyaların tətbiqi məsələlərinə xüsusi toxunulub. İqlim dəyişiklikləri və su ehtiyatlarının kəskin azalması fonunda aqrar sektoru qorumaq üçün hansı konkret addımlar atılmalıdır?
– Su qıtlığı və iqlim dəyişikliyi artıq qlobal səviyyədə qapıdadır, bütün ölkələr bundan əziyyət çəkir və böyük çağırışların öhdəsindən gəlinməsi üçün hər bir ölkə özünə uyğun modelləri seçir. Biz müasir suvarma metodlarından istifadə etməliyik. Konkret addım – Süni İntellekt (AI) dəstəkli Dəqiq Kənd Təsərrüfatına keçiddir. WASSERSTEIN Allianz tərkibində biz ABŞ, İsveçrə və Yaxın Şərq AI nəhəgləri bu ekosistemi qurmaq üçün əməkdaşlıq edirik və İsveçrədə yerləşən AMEC (“Alliance for Multilateral Economic Cooperation”) vasitəsilə Azərbaycana daha böyük həcmli AI layihələri cəlb etməyi planlaşdırırıq. Biz tarlalarda torpağın şorlaşmasını, suyun qələviliyini və mikroiqlim parametrlərini kosmik və yerüstü sensorlarla, real zaman rejimində süni intellekt vasitəsilə analiz edilməsinin, həmşinin AI Aqronom sistemlərinin bünövəsini qurmağı hədəfləyirik.
İkinci konkret addım isə alternativ enerji və “Ağıllı İstixana” inteqrasiyasıdır. Biz gələcəkdə xüsusi istixana kompleksi konseptini tətbiq etməklə, qlobal bazarda ən baha satılan dövrü – “Qış Pəncərəsi” mövsümünü tam nəzarətə götürməyə düşünürük. Bu texnologiyalar su və enerji itkisini minimuma endirərək torpağın münbitliyini qoruyur və iqlim böhranına qarşı “aqrar qalxan” yaradır.
– Cənab Prezident müşavirədə məhsuldarlığın artırılması üçün subsidiya mexanizmlərinin təkmilləşdirilməsinin əhəmiyyətini qeyd edib. Fermerlərin maliyyəyə çıxışı, texniki təminat və yerli sənaye emal xətlərinin qurulması istiqamətində sizcə hansı işlər görülməlidir?
– Subsidiya və güzəştli kredit mexanizmləri kütləvi istehsaldan daha çox “məhsulun innovativlik dəyərinə və emal/ixrac potensialına” yönəlməlidir. Çox su tələb edən və az gəlir gətirən ənənəvi bitkilər əvəzinə, qeyri-ənənəvi və yüksək texnoloji bitki əkən fermerlərə üstünlük verilməlidir. Kənd Təsərrüfatı Nazirliyi artıq qulançarı subsidiya proqramlarına daxil etməyi nəzərdə tutur ki, bu da kiçik fermerlərin bu “uzunməsafəli marafon”a qoşulmasını sürətləndirəcək.
Lakin ən vacib addım Sənaye Emalının ölkədə qurulmasıdır. Məhsulu sadəcə xammal kimi satmaq sahibkara və ölkəyə böyük gəlir gətirmir. Biz hazırda Almaniyanın sənaye nəhəngləri ilə danışıqlar aparırıq ki, Azərbaycanda beynəlxalq standartlara (GlobalGAP, BRC) cavab verən IQF (fərdi şok dondurma) xətləri, dondurulmuş sənaye xətləri və konservləşdirmə zavodları qurulsun. Azərbaycan Biznesin İnkişafı Fondu (ABİF) kimi strateji dövlət tərəfdaşlarımızla birlikdə bu cür sənaye emal mərkəzlərini və “Kontraktlı Fermerlik” modelini maliyyələşdirməliyik. Holdinqlər emal və ixrac zəncirini idarə etməli, kiçik fermer isə zəmanətli sənaye alıcısı (“off-take”) ilə təmin olunmalıdır.
– Müşavirədə işğaldan azad edilmiş ərazilərin – Qarabağ və Şərqi Zəngəzurun yüksək aqrar potensialı xüsusi vurğulanıb. Bu ərazilərdə müasir aqrar infrastrukturun qurulmasında Zəngəzur dəhlizinin rolu nədir və Qarabağdakı beynəlxalq hava limanlarından ixracatda necə istifadə edilməlidir?
– Qarabağ və Şərqi Zəngəzur, həmçinin Naxçıvan Azərbaycanın aqrar innovasiya vitrini olmalıdır. Biz WASSERSTEIN Allianz olaraq Cəbrayılda, “Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında” yerfındığı emalı zavodu layihəsini məhz bu strateji hədəflə planlaşdırırıq. Bu ərazilərdə müasir aqrar infrastruktur qurularkən ən kritik amil logistikadır. Zəngəzur Dəhlizi (TRIPP – Trump Route for International Peace and Prosperity) bu layihələrin qlobal uğur rəmzidir. 2028-ci ilin sonuna qədər tam fəaliyyətə başlayacaq bu sürətli dəhliz sayəsində bizim tarlalardan yığılan premium məhsullar Naxçıvandan keçərək birbaşa Türkiyənin Mersin limanına və oradan Avropaya çatdırılacaq. Qulançar kimi tez xarab olan premium məhsullarda tarladan rəfə qədər olan sürət qiyməti 2-3 dəfə artırır.
Bununla yanaşı, Qarabağda (Füzuli, Zəngilan, Laçın) tikilmiş beynəlxalq hava limanlarının imkanlarından xüsusi logistik imtiyazlarla (dövlət subsidiyalı karqo xətləri) istifadə etməliyik. 3-5 tonluq karqo tutumları və açılacaq 3 saatlıq birbaşa uçuş marşrutları sayəsində təzə “Made in Azerbaijan” qulançarını səhər tezdən tarladan yığıb, günorta Körfəz (Dubay, Ər-Riyad) və ya MDB megapolis marketlərinin rəflərinə yerləşdirmək mümkündür. Bu hava limanlarına “Fresh-Cargo Hub” (Təzə Məhsul Karqo Mərkəzi) statusunun və xüsusi tarif güzəştlərinin verilməsi Qarabağ regionunu regional aqrar supergücə çevirəcəkdir. Bu “soyuq zəncirin” effektiv qurulması bizim üstünlüqümüzü daha da artıracaq.
– Prezident İlham Əliyev “Made in Azerbaijan” brendli kənd təsərrüfatı məhsullarının qlobal bazarlara çıxarılmasını mühüm vəzifə kimi irəli sürüb. Biz bu brendi dünya səviyyəsində necə rəqabətədavamlı edə bilərik və beynəlxalq bazarların real mənzərəsi nə yerdədir?
– Qlobal qulançar bazarı illik 8.5% artımla 2030-cu ilə qədər 20 Milyard Dollarlıq nəhəng bir həcmə çatacaq. Hazırda yalnız MDB və Körfəz bazarlarının illik tələbatı təxminən 4,000 tondur və bu tələbat çox uzaq məsafədən – Peru və Meksikadan gələn baha logistikalı məhsullarla qarşılanır. “Made in Azerbaijan” brendinin unikal logistik üstünlüyü var: biz coğrafi mövqeyimiz və MDB daxili sıfır-tarif zonamız sayəsində Peru və Meksikanı logistika xərclərində 60-70% üstələyirik. Bu mövzuları və müqayisəli təhlilləri, həmçinin bizim Azərbaycanda apardığımız bütün fəaliyyəti AZPROMO-da daim müzakirə edirik. Bu da AZPROMO-ya yeni investisiyalar cəlb edənndə bizim təcrübəmizin öütürülməsində faydalı olur. Hesab edirik, açılan bu uğur yolunda Dövlət-Özəl Sektor dialoqu və əməkdaşlıq platforması ən əhəmiyyətli nəticələr vercəkdir.
Biz layihəmiz çərçivəsində tək Avropa və Körfəzi hədəfləmirik. ABŞ-ın aparıcı və ənənəvi qlobal toxum və genetika tərəfdaşlarımızın şəbəkəsindən və beynəlxalq kanallarından istifadə edərək premium Azərbaycan qulançarını Çinin daxili “off-season” (mövsüm xaric) lüks bazarına ixrac etməyi planlaşdırırıq. “Made in Azerbaijan” brendinin qlobal rəqabətə davamlı olması üçün tarlalarımızda 100% beynəlxalq sertifikasiya (GlobalGAP, BRC) təmin edilməli və ixracat “Pre-Agreed Sales” (Öncədən bağlanmış satınalma müqavilələri) modeli ilə sığortalanmalıdır.
Dövlətimizin vizyonu və bizim beynəlxalq alyansımızın texnoloji gücünü, satış kanallarını birləşdirdikdə, Azərbaycanın “Yaşıl Qızıl”ı yaxın illərdə Bakıdan Cenevrəyə, Moskvadan Dubaya, Pekindən Nyu-Yorka qədər dünyanın ən elit süfrələrinin ayrılmaz hissəsi olacaqdır.
– Maraqlı müsahibə üçün minnətdarıq.

