Avstriyanın ana müxalifət partiyasının sədrliyi uğrunda üç nəfər mübarizə aparacaq

Tokio, 12 aprel , /AJMEDIA/

Avstriyanın ana müxalifət partiyası Avstriya Sosial-Demokratlar Partiyasında (SPÖ) sədrlik uğrunda mübarizə növbəti mərhələyə qədəm qoyub.
AJMEDIA xəbər verir ki, ötən həftələrdə üzvlər arasında sədrliyə namizədlər üçün təkliflər toplandıqdan sonra, aprelin 11-də partiyadaxili seçki komissiyası son siyahını elan edib.
İlk olaraq otuzadək namizədin qoşulduğu marafonun sonunda partiya yetkililəri üç nəfər arasında seçim etməli olacaqlar. Partiya sədri Pamela Rendi-Vaqner, onun əsas rəqibi və sədrlik postuna əsas namizəd Hans Peter Doskozil, eləcə də Vyana yaxınlığında yerləşən Trayskirxen şəhərinin meri Andreas Bablerin adı seçki vərəqələrində yer alacaq.
Hazırda liderlik böhranı yaşayan SPÖ-də bu partiyanın Burqenland federal əyaləti üzrə sədri və bu əyalətin qubernatoru Hans Peter Doskozil ötən həftələrdə partiya rəhbərliyinə iddiaları açıq müstəviyə keçirib. Partiya sədri Pamela Rendi-Vaqner illərdən bəri sədr kürsüsü ilə bağlı partiya daxilində yekdil fikrin olduğunu iddia etsə də, rəhbərlik uğrunda rəqabət artıq ictimai xarakter aldı. Açıq mübarizənin səbəblərindən biri də gələn ilin payızında ölkədə növbəti parlament seçkilərinin keçiriləcəyidir və bu il ərzində yeni rəhbərin müəyyənləşməsi və ya hazırkı sədrin təsdiqlənməsi partiyanın növbəti seçkilərdə bir lider ətrafında sıx birləşə bilməsinə imkan verə bilər.
Daha çox kəskin mövqeyi ilə seçilən və bir sıra mövzularda, xüsusilə də miqrasiya məsələlərində partiyanın ana xəttindən fərqli düşüncədə olan H. P. Doskozil öz çıxış və siyasi görüşlərində bəzən ustalıqla rəqib partiyaların mövzularına da müraciət edir. Onun qətiyyətli çıxışları bir tərəfdən partiya daxilində tərəfdarlarını artırır, digər tərəfdən isə digər partiyalar istiqamətinə meyllənən qərarsız seçicilərdə rəğbət oyadır. Məhz bu nüanslar onun partiya rəhbərliyinə şanslarını artırır.
Hazırkı sədr Pamela Rendi-Vaqner isə klassik sosial-demokrat hesab olunur və ənənəvi mövzuların təmsilçisi, Avropa dəyərləri və tarixən formalaşmış Avstriya sosial-demokrat düşüncəsinin davamçısı hesab edilir. Partiyanın ən güclü regional qolu – Vyana üzrə SPÖ onun əsas dəstəkçisidir. Eləcə də Həmkarlar İttifaqı əsas etibarilə onun arxasında dayanır, bununla yanaşı Peter Kayzer və Qeorq Dornauer kimi bu partiyanın üzvü olan əyalət qubernatorları da onun rəhbərliyini dəstəkləyirlər. Partiyanın son qurultayında da nümayəndələrin əksəriyyəti onun sədrliyi üçün səs veriblər.
Sadə fəhlə ailəsindən çıxan və indiyədək partiya daxilində yüksək vəzifə tutmayan Andreas Babler medianın diqqətindən kənarda qalsa da, partiya rəhbərliyi üçün ən çox dəstək imzası toplayan şəxsdir.
Aprelin 24-dən mayın 10-dək partiyanın sədr seçmə hüququ olan 147 min üzvü sorğu əsasında öz seçimini edəcəkdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts