Avstraliyada ümumi federal seçkilər keçirilir

Tokio, 21 may , /AJMEDIA/

Mayın 21-də Avstraliyada federal parlamentə seçkilər keçirilir. İlk seçki məntəqələri ölkənin şərq sahillərində yerli vaxtla səhər saat 8:00-da açılıb.
AJMEDIA Avstraliya Seçki Komissiyasına (AEC) istinadla xəbər verir ki, seçkilərdə yetkinlik yaşına çatmış 17 milyon sakinin parlamentin Nümayəndələr Palatasına 151 deputatı və 40 senatoru seçəcəyi gözlənilir. Avstraliyada hər üç ildən bir Senatın tərkibinin yarısı dəyişir.
AEC-in sədri Tom Rocers mətbuat konfransında bildirib ki, 2022-ci ilin seçki kampaniyası ölkə tarixinin ən böyük seçkiləridir. Belə ki, ölkə üzrə fəaliyyət göstərən 8 min yerli və regional seçki məntəqəsinin işinə 105 mindən çox könüllü cəlb edilib. Gün ərzində 558 mobil briqada səsləri toplamaq üçün qitənin 3 mindən çox qəsəbəsini və kəndini, həmçinin xəstəxanaları və qocalar evlərini ziyarət edəcək. Daha 109 seçki məntəqəsi Avstraliyanın bütün dünyaya səpələnmiş səfirliklərində və konsulluqlarında çalışacaq.
Avstraliya Seçki Komissiyasının məlumatına əsasən, şənbə günü məntəqələr açılana qədər qeydiyyatdan keçmiş 8 milyon seçici artıq səs verib. Onlardan 5,54 milyon nəfərinin erkən səsverməyə qatıldığı, 2,73 milyon sakinin isə səsvermə bülletenlərini poçt vasitəsilə göndərdiyi qeyd edilir. Daha 27 min nəfərin seçkilərə mobil briqadaların köməyi ilə qatıldığı, 45 min nəfərin isə telefon vasitəsilə səs verdiyi bildirilir.
Qeyd edək ki, Avstraliyada budəfəki seçkilərdə əsas mübarizə Leyboristlər və Liberal partiyaları arasında gedəcək. Liberallar Partiyası 2013-cü il seçkilərində qələbədən sonra Avstraliya Milli Partiyası ilə koalisiyada hökumətə rəhbərlik edir. Parlamentə daxil ola biləcək siyasi partiyalar arasında fraksiya təşkil etmiş “Yaşıllar”, “Birləşmiş Avstraliya”, Katterin Partiyası və “Mərkəzçilər Alyansı”nın adları çəkilir.
Seçki məntəqələrinin yerli vaxtla saat 18:00-da bağlanacağı, bundan sonra səslərin hesablanmasına başlanacağı qeyd edilir. İlkin məlumatların yerli vaxtla gecəyarısı məlum olacağı gözlənilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts