Site icon AJMEDIA Azərbaycanca

Avstraliyada alkotestr əsasında koronavirusu aşkar edən cihaz hazırlanıb

Tokio, 4 fevral, /AJMEDIA/

Avstraliyalı tədqiqatçılar nəfəsvermə zamanı koronavirusu aşkar edən cihaz hazırlayıblar.

AJMEDIA xəbər verir ki, bu barədə fevralın 4-də Avstraliyanın 9News telekanalı məlumat yayıb. Bildirilir ki, “Examine Holdings” texnoloji şirkətinin əməkdaşları adi alkotestr əsasında nəfəsvermə zamanı havaya SARS-CoV virusunun buraxıldığını müəyyən edən cihaz düzəldiblər.

“Bu, istifadə üçün çox asan olan bir cihazdır. Lazım olan yeganə hərəkət beş saniyə ərzində cihazın müvafiq yerinə nəfəs verməkdir. Test cihazı nəfəs verdiyiniz havanın tərkibini analiz edərək, müvafiq QR kodu əks etdirir. Həmin kodda isə COVID-19 analizinin cavabı yerləşir”, – deyə şirkətin icraçı direktoru Kolin Hiki bildirib. Smartfon vasitəsilə QR kodu oxuduqdan bir neçə dəqiqə sonra siz testin cavabını bilirsiniz.

İcraçı direktor, həmçinin bildirib ki, cihazın sınaqları zamanı onun 98 faiz dəqiqliklə işlədiyi təsdiqini tapıb.

Məsələyə münasibət bildirən Avstraliyanın sənaye naziri Anqus Teylor federal hökumətin cihazın istehsalı ilə bağlı şirkətə təcili yardım etməyə hazır olduğunu deyib. Qeyd edib ki, bu məqsədlə hökumət tərəfindən şirkətə 650 min Avstraliya dolları (464 min ABŞ dolları) məbləğində qrant təklif edilib.

Şirkətin cari ilin martında testerin kütləvi istehsalına başlayacağına, aprelin sonu və ya mayın əvvəllərində isə onun açıq satışa çıxarılacağına ümid etdiyi bildirilir.

Exit mobile version