Avstraliya və Yaponiya müdafiə sahəsində əməkdaşlıq barədə razılaşma imzalayacaq

Tokio, 6 yanvar, /AJMEDIA/

Avstraliya və Yaponiya iki ölkənin hökumət başçılarının yanvarın 6-da keçiriləcək virtual sammiti zamanı müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsi barədə razılaşma imzalamaq niyyətindədirlər.

AJMEDIA xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Skott Morrison mətbuat konfransında məlumat verib.

Baş nazirin sözlərinə görə, Tokio və Kanberra arasında imzalanacaq razılaşma iki ölkənin müdafiə qüvvələrinin əməkdaşlığının çərçivəsini müəyyən edəcək. S.Morrison qeyd edib ki, bu razılaşma hər iki ölkəyə Hind-Sakit okean regionunda yeni çağırışlara qarşı durmaq imkanı yaradacaq.

Avstraliya hökumətinin başçısı, həmçinin bildirib ki, yeni razılaşma iki ölkənin birgə hərbi təlimlərinin təşkili üçün qarşılıqlı səfərlərə şərait yaradacaq hüquqi çərçivənin yaranmasına xidmət edəcək.

“Bu razılaşma Yaponiya ilə Avstraliya arasında etibarın və tərəfdaşlığın yüksək səviyyəsini təsdiq etməklə yanaşı, Hind-Sakit okean regionunda demokratik dəyərlərin qorunmasına xidmət edəcək”, – deyə S.Morrison bildirib.

Avstraliya və Yaponiya liderlərinin virtual sammiti çərçivəsində “təmiz enerji, yeni texnologiyalar və materiallar” sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunacağı da qeyd edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts