Atıcılıq idmanında istedadı olan gənclər axtarılır

Tokio, 7 may , /AJMEDIA/

Salyanda məktəblilər arasında “Sərrast atıcı – 2022” yarışına start verilib. Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş yarışın məqsədi regionlarda idmanın bu növündə istedadı olan gənclərin üzə çıxarılması, onların asudə vaxtının səmərəli və sağlam keçirilməsinə nail olmaqdır.
Azərbaycan Atıcılıq Federasiyasından AJMEDIA-ya bildiriblər ki, yarışdan bir neçə gün əvvəl Salyan şəhərində və ətraf ərazilərdə yerləşən məktəblərdən atıcılığa həvəsi olan uşaqlar seçilib və onlar üçün gündəlik məşq qrafiki təyin edilib. Uşaqlara tirdə silahla təhlükəsiz davranış və atış qaydaları izah olunub.
Yarışda 40-dək məktəbli iştirak edib.
“Regionlarımızda idmanın bu növü üzrə müxtəlif səviyyəli yarışların keçirilməsində məqsədlərimizdən biri də ölkəmizi beynəlxalq yarışlarda təmsil edə biləcək gənclərin yetişdirilməsidir. Həm bizim maddi-texniki bazamız, həm də gənclərimizin bacarıqları buna imkan verir”, – deyə Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov bildirib.
Azərbaycanda beynəlxalq standartlara uyğun Qəbələ Atıcılıq Klubu və Bakı Atıcılıq Mərkəzi fəaliyyət göstərir. Bakı Atıcılıq Mərkəzi infrastrukturu və təchizatı ilə Avropanın ən yaxşı 4 mərkəzindən biridir.
Qeyd edək ki, mayın 27-dən iyunun 7-dək Bakıda atıcılıq üzrə dünya kuboku yarışı keçiriləcək. Dünyanın 70-dən artıq ölkəsini təmsil edəcək atletlər güllə və stend atıcılığının 15 Olimpiya növündə mübarizə aparacaqlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts