Atatürkü sevənlər Azərbaycanı, Azərbaycanı sevənlər Atatürkü sevir!

Tokio, 10 noyabr , /AJMEDIA/

Bu gün Türkiyə Respublikasının qurucusu, böyük türk xalqının xilaskarı, qazi Mustafa Kamal Atatürkün vəfatının 84-cü ildönümüdür.
…Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün söylədiyi “…Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Onların arzularına nail olmaları, müstəqil və azad yaşamaları bizi çox məmnun edər və sevindirər. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq ona yardım etmək borcumuzdur…” kəlamı dillərə əzbər, nəsillərə örnək, qardaşlığımızı tərənnüm edən dahiyanə ifadələrdir.
Bu gün türk dünyasının dövlətçilik tarixində daha bir mühüm hadisə baş verib. Cəmi iki il əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 44 günlük rəşadətli Vətən savaşının nəticəsi olaraq təcavüzkar Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edib. Ruhun şad olsun, böyük Atatürk! Sizi sevənlər Azərbaycanı, Azərbaycanı sevənlər Sizi sevir! Azərbaycanın sevincli günündə ruhunuza oxunan dualar, əziz xatirənizə göstərilən ehtiram heç zaman bitib tükənən deyil.
AJMEDIA xəbər verir ki, böyük Öndərin əziz xatirəsini anmaq üçün Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dövlət və hökumət nümayəndələrinin də daxil olduğu rəsmi heyət noyabrın 10-da Türkiyə xalqının böyük oğlunun məzarını – Anıtqəbri ziyarət edib.
Türkiyə vaxtı ilə saat 09:05-də – Mustafa Kamal Atatürkün vəfat etdiyi an bütün ölkədə dahi rəhbərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Türkiyənin Dövlət Himni səsləndirilib.
Qədirbilən türk xalqının böyük ehtiramla axın etdiyi Anıtqəbrin önünə əklil qoyulub.
Prezident Rəcəb Tayyib Ərdoğan Anıtqəbrin Xatirə kitabına ürək sözlərini yazıb.
Bu gün böyük Atatürkün əziz xatirəsinə ehtiram olaraq Türkiyənin bütün bölgələrində anım mərasimləri keçiriləcək.
Səksən dörd il əvvəl gözlərini dünyaya əbədi yuman Atatürkün əziz xatirəsi qədirbilən türk xalqının qəlbində əbədi yer qazanıb. Böyük Öndəri həyatdan ayıran zaman bizlərdən uzaqlaşdıqca Atatürk sevgisi daha uca zirvələri fəth edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts