Antonio Quterreş: Dünyanın əksər hissəsində COVID-19 ilə mübarizədə məğlub oluruq

Tokio, 3 Noyabr, /AJMEDIA/

COVID-19 pandemiyası artıq beş milyon insanın həyatına son qoyub. İnsanlar ölməyə davam edir. Xəstəxanalar dolub, həkimlər taqətdən düşüb. Bu, dünyanın əksər hissəsində təhlükəli virusla mübarizədə məğlub olduğumuzu göstərir. AJMEDIA BMT-nin Xəbərlər xidmətinə istinadla bildirir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş deyib.

“Bəşəriyyət yeni faciəli sərhədi keçib: COVID-19 pandemiyası beş milyon insanın həyatına son qoyub. Bunlar sadəcə rəqəm deyil. Söhbət analar və atalar, bacılar və qardaşlar, qızlar və oğullar, digər ailə üzvləri, dostlar və həmkarlardan gedir. Onların həyatlarına heç bir sərhəd tanımayan amansız bir virus son qoyub”, – deyə BMT rəhbəri vurğulayıb.

Dünyanın əksər hissəsində COVID-19 ilə mübarizədə məğlub olduqlarını bildirən Antonio Quterreş qeyd edib ki, bütün bunlar vaksinlərin ədalətsiz paylanmasının nəticəsidir.

Onun sözlərinə görə, beş milyon ölüm onu göstərir ki, biz sayıqlığı itirməməliyik. İnsanlar ölməkdə davam edir, xəstəxanalar həddən artıq doludur və getdikcə daha çox insan həyatına son qoyan virusun yeni variantlarının meydana gəlməsi riski artır.

BMT rəhbəri vurğulayıb ki, vəziyyət yanlış məlumat və “peyvənd millətçiliyi” ilə daha da gərginləşir. Onun sözlərinə görə, bu gün biz qlobal həmrəyliyin əsl təzahürünü görmürük.

Baş katib dünya liderlərini bu ilin sonunadək dünya əhalisinin 40 faizini, 2022-ci ilin ortalarına qədər isə 70 faizini peyvəndlərlə təmin etməyi tələb edən Qlobal Vaksinasiya Strategiyasını dəstəkləməyə çağırıb.

“Mən sizi dərhal və geniş miqyasda hərəkət etməyə, maliyyə boşluqlarını aradan qaldırmağa və uğura nail olmaq üçün hərəkətləri əlaqələndirməyə çağırıram. Pandemiyanın bitdiyini düşünmək səhv olardı”, – deyə Baş katib bildirib. O təkidlə, ayıq-sayıq olmağa, maska taxmaq və sosial məsafəni saxlamaq da daxil olmaqla, ictimai səhiyyə sahəsində yoxlanılmış tədbirlərə riayət etməyi tövsiyə edib.

Quterreş vurğulayıb ki, virusla mübarizədə ən tez zamanda qalibiyyətə nailolma ondan ölənlərin xatirəsini yad etmək üçün ən yaxşı vasitə olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts