Ankarada Qars müqaviləsinin yüz illiyinə həsr olunan konfrans keçirilib

Tokio, 31 Oktyabr, /AJMEDIA/

Ankarada “Qars müqaviləsinin yüzüncü ildönümü” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AJMEDIA xəbər verir ki, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu, Diplomatiya Fondu, Elm, Təhsil, Sənət və İqtisadi Əməkdaşlıq Dərnəyi tərəfindən birgə təşkil olunan mərasimdə rəsmi şəxslər, diplomatlar, Türkiyədə yaşayan, təhsil alan və işləyən soydaşlarımız, alimlər, Ankara ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Tədbirin açılışında çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Qars müqaviləsinin tarixi əhəmiyyətindən, bu anlaşmanın bölgədə və sənədi imzalayan tərəflər arasında münasibətlərin inkişafındakı rolundan, Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbənin regionda yaratdığı yeni vəziyyətdən və s. məsələlərdən danışaraq tədbirə uğurlar arzulayıb.

Konfransın birinci panelinə sədrlik edən Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri professor Aygün Attar Qars müqaviləsinin tarixi əhəmiyyətindən, bu beynəlxalq sənədin Azərbaycan və Türkiyə dövlətlərinin həyatındakı rolundan və müasir siyasi vəziyyət üçün yaratdığı siyasi-hüquqi imkanlardan danışıb.

Sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın müxbir üzvü professor Musa Qasımlının, habelə gürcüstanlı professor Otar Janelidzenin, dosentlər – Rusiyadan Aleksandr Sotnisenkonun, Türkiyədən Halil Özşavlının və gənc araşdırmaçı Turan Qafarlının çıxışları dinlənilib.

Professor Selma Yelin sədrlik etdiyi ikinci paneldə elmlər doktorları – Azərbaycandan Cavid Vəliyev, Rusiyadan Yevgeni Baxrevski, Türkiyədən dosent Oğuzhan Bilgin, vəkil Fərhad Aznevi və azərbaycanlı hüquqşünas Elvin Budaqov çıxış ediblər.

Qeyd olunub ki, erməni silahlı birləşmələrinin türk-müsəlman əhalisinin doğma yurdu olan böyük bir coğrafiyadakı antibəşəri əməllərinin acı izləri Qars müqaviləsindən sonrakı illərdə də uzun zaman kəsiyində yaddaşlardan silinməyib. Bölgədə tapılan türk-müsəlmanlara aid kütləvi məzarlıqlar bu cinayətlərin ağır nişanəsidir.

Diqqətə çatdırılıb ki, türk dünyasının liderləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin tarixi missiyaları əsasında bir millət, iki dövlət anlayışı ilə müttəfiqlik zirvəsinə yüksəldilmiş Azərbaycan-Türkiyə dostluq və qardaşlığı bu gün regionda əmin-amanlığın və sabitliyin təminatıdır.

Vətən müharibəsində Türkiyə dövlətinin Azərbaycana göstərdiyi siyasi-mənəvi dəstəkdən söz salan çıxışçılar vurğulayıblar ki, Qars müqaviləsinə əsaslanan siyasi müttəfiqliyimiz 100 ildən sonra Şuşa Bəyannaməsi ilə bir daha təsdiq olunub. Şuşa Bəyannaməsi Azərbaycanın rəşadətlə başa çatdırdığı 44 günlük Vətən müharibəsinin yaratdığı yeni geosiyasi vəziyyətin qorunmasının zəmanətçisinə çevrilib. Hazırda həm ikitərəfli münasibətlərimiz, həm də regional əməkdaşlığımız yeni mərhələyə yüksəlib.

Qars müqaviləsinin əsas prinsipi ondan ibarətdir ki, Ermənistan bölgədəki ölkələrə qarşı ərazi iddialarından tamamilə əl çəkir. Bu sənəd sübut edir ki, Ermənistan o zaman da Türkiyəyə, Gürcüstana və Azərbaycana qarşı əsassız torpaq iddialarında olub. Bu müqavilə Azərbaycanı və Türkiyəni Ermənistana qarşı güclü edən bir sənəddir. Qars müqaviləsinin imzalanması Şuşa Bəyannaməsinin və Azərbaycan, Türkiyə, Pakistan parlament sədrlərinin imzaladığı Bakı Bəyannaməsinin həyata vəsiqə qazanması üçün hüquqi zəmin yaradıb. Sözügedən müqavilənin beşinci maddəsinə əsasən, Türkiyə, Ermənistan və Azərbaycan hökumətləri razılığa gəlirlər ki, Naxçıvan vilayəti bu müqavilənin 3-cü əlavəsində müəyyən edilən sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi yaradır.

Panellərdən sonra qarslı aşıqların ifasında bədii proqram təqdim olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts