Site icon AJMEDIA Azərbaycanca

Almaniya Bundestaqının komitə sədri: Azərbaycanın multikulturalizm və tolerantlıq modeli dünyaya nümunədir

Tokio, 25 iyun, /AJMEDIA/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Federativ Respublikasına səfəri çərçivəsində iyunun 24-də Almaniya Bundestaqının Xarici siyasət Komitəsinin sədri Armin Laşetlə görüşüb.

Dövlət Komitəsindən AJMEDIA-ya bildirilib ki, görüş zamanı dinlərarası dialoq, birgəyaşayış ənənəsinin təşviqi ilə bağlı məsələlər müzakirə olunub. Azərbaycan və Almaniya arasında bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini sahəyə qayğı, dini icmalara dövlət tərəfindən göstərilən dəstək və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. İrqçiliyin və ayrı-seçkiliyin qarşısının alınmasında tolerantlıq ənənələrinin mühüm rol oynadığını qeyd edən Ramin Məmmədov ölkəmizdə dinlərarası harmoniyanın unikal nümunəsinin mövcud olduğunu bildirib. O, həmçinin Azərbaycanda xristian almanların irsinə göstərilən diqqətin multikulturalizm siyasətini təcəssüm etdirdiyini vurğulayıb.

Bundestaqın Xarici siyasət komitəsinin sədri Armin Laşet ölkəmizə səfərini xatırladaraq, bütün dinlərin nümayəndələrinin Azərbaycanda bir ailə kimi yaşamasının şahidi olduğunu, ölkəmizdə alman irsinə qayğını yüksək qiymətləndirdiyini vurğulayıb. Laşet bu faktı Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə əsaslanan birgəyaşayış modelinin ən yaxşı nümunəsi kimi dəyərləndirib.

Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev səfərin məqsədi barədə ətraflı məlumat verib. Qeyd edib ki, iki ölkə arasında yüksəksəviyyəli siyasi əlaqələr bütün sahələrdə əməkdaşlığın inkişafına imkan yaradır. Səfir bildirib ki, Azərbaycan müxtəlif konfessiyaların qarşılıqlı anlaşma şəraitində yaşadığı ölkələrdən biri kimi tanınır.

ABŞ-ın Simon Vizental Mərkəzinin sədr müavini ravvin Abraham Kuper isə dinlər və mədəniyyətlər arasında dialoqun inkişafının əhəmiyyəti barədə fikirlərini bildirib. Dini tolerantlığın təşviqi məqsədilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacib olduğunu diqqətə çatdırıb.

Exit mobile version