Tokio, 4 mart, /AJMEDIA/
AZAL aviaşirkətinə məxsus “Embraer 190” təyyarəsinin ötən ilin dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar “AlfaStraxovanie” şirkəti aviakasko üzrə tam sığorta ödənişini həyata keçirib.
AJMEDIA xəbər verir ki, bu barədə “İnterfaks” agentliyinə şirkətin baş direktorunun aviasiya və kosmik sığorta üzrə müavini İlya Kabaçnik bildirib.
“Aktau yaxınlığında qəzaya uğramış “Azərbaycan Hava Yolları” şirkətinə məxsus “Embraer 190” təyyarəsi və daşıyıcı şirkətin sərnişinlər qarşısında məsuliyyəti “AlfaStraxovanie” şirkətində sığorta olunub. Riskin əsas hissəsi “Rusiya Milli Təkrar Sığorta şirkəti”ndə yenidən sığorta olunub. Təyyarəyə görə sığorta ödənişi fevral ayında tam həcmdə həyata keçirilib”, – deyə o qeyd edib.
İ.Kabançik bildirib ki, qəzanın araşdırılması davam etsə də, ödənişin həyata keçirilməsi üçün sığorta şirkətinin kifayət qədər məlumatı var. “Sığortaçı olaraq bizim üçün təyyarənin qəzaya uğrama faktı vacibdir ki, burada da heç bir şübhə yoxdur. Müharibə və terrorizm riski də sığortalandığı üçün istənilən halda aviaşirkət dəymiş zərərə görə sığorta məbləğini almış olur”, – deyə o vurğulayıb.
Şirkət bildirib ki, sərnişinlərə dəymiş zərərin hesablanması və daşıyıcının məsuliyyət sığortası üzrə zərərçəkənlərə, onların qanuni nümayəndələrinə ödənişlər bu ilin yanvar ayında başlanıb və davam edir.
Qeyd olunur ki, Bakı-Qroznı reysi ilə əlaqədar olaraq AZAL-ın sərnişin daşımalarını həyata keçirməsi Azərbaycan və Rusiyanın da iştirakçısı olduğu 1999-cu il Beynəlxalq Monreal Konvensiyasına uyğun tənzimlənir. “AlfaStraxovanie” ilə AZAL arasında bağlanmış müqavilə Rusiyaya uçuşlar zamanı riskləri əhatə etdiyinə görə Daşıyıcının Mülki Məsuliyyətinin İcbari Sığortası haqqında qanunun 67-FZ saylı bəndinə əsasən də ödənişlər nəzərdə tutulub.
Daşıyıcının Mülki Məsuliyyətinin İcbari Sığortası (OSGOP) haqqında qanuna əsasən, həyat və sağlamlığa dəymiş zərər üçün ödəniş məbləği 2 milyon rubl təşkil edir.