Albanşünaslıq Elmi Mərkəzi Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun strukturuna daxil edilib

Tokio, 3 Noyabr, /AJMEDIA/

AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin onlayn ümumi yığıncağı keçirilib.

Bu barədə AJMEDIA-ya AMEA-dan məlumat verilib. Bildirilib ki, ümumi yığıncağı AMEA-nın vitse-prezidenti, Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki elmi-təşkilati məsələlər haqqında məlumat verib.

Tədbirdə əvvəlcə AMEA-nın Albanşünaslıq Elmi Mərkəzinin Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun strukturuna daxil edilməsi haqqında məsələ müzakirə edilib.

Akademik İsa Həbibbəyli qeyb edib ki, minillik Albaniya dövləti Azərbaycanın dövlətçilik tarixində dərin iz buraxıb və onun yaratdığı irs sonrakı Azərbaycan dövlətlərinin həyatında mühüm rol oynayıb. O, bu istiqamətdə Azərbaycan Prezidentinin çağırışlarını nəzərə alaraq, respublikamızın bütün ərazilərində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə alban abidələrinin üzə çıxarılmasının, tədqiq olunmasının, arxeoloq alimlərin apardıqları qazıntıların nəticələrinin öyrənilib ümumləşdirilməsinin qarşıda duran mühüm məsələlərdən biri olduğunu vurğulayıb.

Məsələ ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru akademik Nailə Vəlixanlı, Memarlıq və İncəsənət İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri tarix elmləri doktoru, professor Hidayət Cəfərov öz fikirlərini bölüşüblər.

Daha sonra Albanşünaslıq Elmi Mərkəzinin Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun strukturuna daxil edilməsi haqqında qərar verilib.

İclasda, o cümlədən Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsinə seçkinin keçirilməsi məsələsi müzakirə olunub. Səsverməyə əsasən, tarix elmləri doktoru, professor Abbas Seyidov Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsinə seçilib və təsdiq olunması üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

Ümumi yığıncaqda, həmçinin bir sıra cari məsələlər müzakirə edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts