Tokio, 5 dekabr, /AJMEDIA/
Dekabrın 5-də “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Asiya İnkişaf Bankı (AİB) ilə tərəfdaşlıq çərçivəsində dekarbonizasiya üzrə layihənin təqdimatını keçirib.
AJMEDIA xəbər verir ki, mərasimdə çıxış edən Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani -Camal Azərbaycan hökumətinin dekarbonizasiya siyasətinin məqsədəmüvafiq olduğunu və buna görə də AİB-in əməkdaşlıq əlaqələrini davam etdirməyi qərara aldığını söyləyib.
“Azərbaycanın emissiyanın 40 faiz azaldılması kimi məqsədi qarşısına qoyması hökumətin iqlim dəyişmələrinə nə qədər ciddi yanaşdığını və prioritet hesab etdiyini göstərir. Bu istiqamətdə Azərbaycanın həyata keçirəcəyi tədbirlər tərəfimizdən dəstəklənəcək”, – deyən Sunniya Durrani-Camal diqqətə çatdırıb ki, ADY ilə dekarbonizasiya üzrə layihə unikaldır. Bu layihəyə dəmir yollarının rəqəmsallaşması, elektrikləşdirilməsi və bu qəbildən olan digər işlər daxildir.
“Biz dekarbonizasiya və iqlim dəyişmələrinin qarşısının alınması üçün reallaşdırılan tədbirləri diqqətdə saxlayaraq onların həyata keçirilməsinə, texnoloji inkişafa nail olmaq üçün yardım göstəririk və yeni texnologiyaların tətbiq edilməsini istəyirik”, – deyən AİB Azərbaycan üzrə direktoru vurğulayıb ki, bugünkü tədbir sadəcə olaraq yeni bir layihənin təqdimatı deyil, eyni zamanda, milli iqtisadiyyatda yeni bölmənin əsasının qoyulmasıdır.

