Ağdam-Xankəndi yolu reallığa çevrildi – Sabahdan etibarən fəaliyyət göstərəcək

Tokio, 9 sentyabr , /AJMEDIA/

Azərbaycanın Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadə olunmaqla yardım göstərmək təklifi artıq reallığa çevrildi.

AJMEDIA xəbər verir ki, artıq sabahdan etibarən bu yolla ermənilərə ərzaq yükü çatdırılacaq.

Bu, Bakının növbəti qələbəsidir, çünki Qarabağa qida və digər zəruri mallar məhz bölgənin tamhüquqlu və suveren sahibi – Azərbaycanın ərazisindən keçməklə göndəriləcək.

Azərbaycan Qarabağda yaşayan etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi yenidən inteqrasiyasında qərarlı olduğu üçün, Ermənistan da ölkəmizin daxili işlərinə qarışmamalı, erməni azlıqların inteqrasiyasına xələl gətirməməli, separatizmi qızışdırmayaraq öz öhdəliklərinə ciddi şəkildə riayət etməlidir.

Qeyd edək ki, Azərbaycan Qarabağda yaşayan erməni vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını və təminatını daimi olaraq öz üzərinə götürməyə hazırdır. Buna görə də Ağdam-Xankəndi yolu ilə humanitar missiyanın reallaşdırılması Qarabağ ermənilərinin cəmiyyətimizə reinteqrasiya prosesinin sürətləndirilməsinə kömək edəcək, həmçinin bölgəni hərbisizləşdirməklə dayanıqlı sülhün təmin olunmasına təkan verəcək.

Bundan sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin də malları Ağdam-Xankəndi yolu vasitəsilə daşınacaq. Laçın yolu isə yalnız sözügedən marşrut işə düşənə kimi Komitənin malları üçün açıqdır. Belə ki, Laçın yolunda Azərbaycanın gömrük-hüquqi rejimi fəaliyyət göstərir.

Bildirək ki, Ağdam marşrutunun açılışı Bakının Qarabağdakı Ermənistan tərəfindən dəstəklənən və maliyyələşdirilən bütün erməni silahlı dəstələrinin çıxarılması barədə tələblərini ləğv etmir.

Xatırladaq ki, münaqişədən əvvəl Bakı-Ağdam-Xankəndi-Şuşa avtomobil yolu və Bakı-Ağdam-Xankəndi dəmir yolu xətti Qarabağın inkişafında önəmli rol oynayıb. Münaqişə dövründə dəmir yolu xətti sıradan çıxsa da, hazırda avtomobil yolu ilə gediş-gəliş tamamilə mümkündür. Ona görə də, ermənilərin hər hansı bəhanəsinə yer yoxdur. Bu bölgə Azərbaycanın ərazisi olduğu üçün artıq bütün kommunikasiyalar məhz dövlətimizin vasitəsilə həyata keçirilməlidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts