Tokio, 23 sentyabr, /AJMEDIA/
ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında “Azərbaycan minatəmizləmə fəaliyyətinin mərkəzidir” sərlövhəli məqalə dərc olunub. Məqalənin müəllifi tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən AJMEDIA-ya bildiriblər ki, məqalədə Azərbaycanla BMT-nin birgə təşkilatçılığı ilə “Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda üçüncü beynəlxalq konfransa ev sahibliyi etdiyi qeyd olunub.
Azərbaycanın humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi elan etməsi və BMT-nin İnkişaf Proqramı ilə minalardan təmizləmə sahəsində beynəlxalq əməkdaşlığın qlobal əhəmiyyətini vurğulayan sənəd imzalamasına diqqət çəkilib.
Yazıda, həmçinin Azərbaycanın öz minatəmizləmə təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşdüyü göstərilib.
Məqalədə 2023-cü ildə doqquz ölkədə – Azərbaycan, İraq, Laos, Livan, Mavritaniya, Myanma, Suriya, Ukrayna və Yəməndə kasetli sursatların səbəb olduğu yeni insan itkilərinin qeydə alındığı vurğulanıb, habelə Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı “Kasetli Sursat Monitoru” təşkilatının məlumatına istinad olunub.
Eyni zamanda, diqqətə çatdırılıb ki, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) və BMT-nin İnkişaf Proqramı Azərbaycanda Minalardan Təmizləmə üzrə Beynəlxalq Mükəmməllik və Təlim Mərkəzi təsis edib. Müəllif həmin mərkəzin analoji problemlərlə üzləşən digər ölkələrlə təcrübə mübadiləsi və minalardan təmizləmə texnologiyaları üçün mühüm platformaya çevrilməsi üçün nəzərdə tutulduğunu yazıb.