ABŞ Dövlət departamenti Pakistan hakimiyyətini və müxalifətini zorakılıqdan çəkinməyə çağırıb

Tokio, 10 noyabr , /AJMEDIA/

ABŞ Pakistanın müxalif Ədalət Uğrunda Hərəkat partiyasının lideri İmran Xana qarşı sui-qəsd cəhdindən sonra ölkədə artan gərginlik fonunda bütün siyasi partiyaları zorakılıqdan çəkinməyə və qanunun aliliyinə hörmətlə yanaşmağa çağırıb.
AJMEDIA xəbər verir ki, BOL News telekanalı bu barədə ABŞ Dövlət departamentinin mətbuat katibi Ned Praysa istinadla məlumat yayıb.
“Pakistanda zorakılıq barədə xəbərlərdən narahatıq. Bütün tərəfləri zorakılıq, təqib və hədə-qorxudan çəkinməyə və qanunun aliliyinə hörmət etməyə çağırırıq”, – deyə Ned Praysın bəyanatında bildirilir.
Xatırladaq ki, Pakistanın sabiq Baş naziri və müxalif Ədalət Uğrunda Hərəkat partiyasının lideri İmran Xan noyabrın 3-də Pəncab əyalətinin Vəzirabad şəhərində siyasi yürüş zamanı hücuma məruz qalıb və hər iki ayağından yaralanıb. İnsidentdən sonra İmran Xan tərəfdarlarına müraciət edərək etiraz aksiyalarını Baş naziri Şahbaz Şərif və daxili işlər naziri Rana Sanaulla, həmçinin sui-qəsdin arxasında dayanan yüksək rütbəli ordu mənsublarının istefasına qədər davam etdirməyə çağırıb. Əməliyyatdan sonra xəstəxanadan buraxılan siyasətçi hazırda Lahor şəhərindəki iqamətgahındadır.
Xatırladaq ki, İmran Xan 2022-ci ilin aprelində parlamentin aşağı palatasının etimadsızlıq səsverməsi nəticəsində Baş nazir postunu tərk edib. Onu bu vəzifədə Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif əvəzləyib. Həmin ilin mayından başlayaraq İmran Xanın partiyası hakimiyyətə qayıtmaq üçün kampaniya aparır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts