ABADA: Ölkə üzrə yük nəqliyyat vasitələrinin vahid reyestri formalaşıb

Tokio, 15 may , /AJMEDIA/

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) avtomobil nəqliyyatı vasitəsilə beynəlxalq daşımalarda iştirak edən yerli şirkətlərlə görüş keçiriblər.
ABADA-dan AJMEDIA-ya bildirilib ki, görüşdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ölkəmizdə aparılan uğurlu iqtisadi-siyasi islahatlara uyğun olaraq, son dövrlərdə qeyri-neft sektoru üzrə ixrac, idxal və tranzit dövriyyələrinin artırılması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini deyib.
R.Hümmətov vurğulayıb ki, bu da öz növbəsində, beynəlxalq yükdaşımaların həcminin artmasına müsbət təsir göstərir.
Nazir müavini “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın təsdiq edilməsini bu sahədə mühim addımlardan olduğunu qeyd edib.
ABADA-nın prezidenti Həbib Həsənov RİNN ilə imzalanmış memorandumun avtomobil daşımalarının inkişafı və yerli daşıyıcıların maraqlarının qorunması istiqamətində vacib addım olduğunu diqqətə çatdırıb. Memorandumun imzalanmasından keçən 11 ay ərzində beynəlxalq yükdaşımalar sahəsində görülən işlərə toxunan ABADA prezidenti ölkə üzrə yük nəqliyyat vasitələrinin vahid reyestrinin formalaşdırıldığını deyib.
H.Həsənov bu sistem vasitəsilə beynəlxalq yükdaşımaları icra edən yük avtonəqliyyat vasitələri ilə bağlı ətraflə məlumatların əldə edildiyini bildirib.
Daşıyıcıların assosiasiya ilə kommunikasiyalarını genişləndirmək və operativ əlaqə üçün sosial media hesabları, qaynar xətt və sms xidmətlərinin tətbiq edildiyi qeyd edilib.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev defisit “İcazə”lərlə bağlı daşıyıcılara məlumat verərək bildirib ki, hökumət bu istiqamətdə aidiyyəti ölkələrlə danışıqlar aparır. Xüsusilə Türkiyə və Rusiya istiqamətin müşahidə edilən bu çətinliyin yaxın vaxtlarda həll olunacağı diqqətə çatdırılıb.
Görüş zamanı, avtonəqliyyat vasitəsi ilə beynəlxalq yük daşımalarda yerli şirkətlərin payının artırılması üçün daha praktik addımlar atılmasının zəruri olduğu vurğulanıb. Milli avtomobil daşıyıcılarının təkcə yerli bazarda deyil, regionda da daha rəqabətqabiliyyətli olması üçün hədəflərin müəyyən edilməsi istiqamətində görülməli olan işlərdən bəhs edilib.
Görüş iştirakçıları avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalar sahəsində təkliflər səsləndirib, mövzuya dair müzakirələr aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts